Məhkəmə qərarları › İş №e-2(004)-3488/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3488/2023

10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3488/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan 32257584 nömrəli müqavilə hesabına əsassız olaraq hesablanmış 1551.26 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q ünvanında yerləşən daşınmaz əmlaka xüsusi mülkiyyət əldə etmişdir. Bağ evi alındıqdan sonra həmin sahədəki evdə yaşayış olmamış, eyni zamanda həyətyanı sahə də yaşayışa yararlı olmamışdır. Həmçinin mövcud sahədə su xətti olsa da, həmin xətdə su olmamışdır və sudan istifadə edilməmişdir. Belə ki, Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, 10672897 nömrəli iş əmri tərtib edilərək, onlara məxsus həyətyanı sahəyə xx.xx.2022-ci il tarixdə yoxlama keçirilmiş, yoxlamanın nəticəsinə uyğun olaraq sahədə suyun olmaması Cavabdeh ASC-nin məsul əməkdaşları tərəfindən də təsdiq edilərək rəsmiləşdirilmişdir. Sahədə su olmadlğı halda 2021-ci il üzrə 459.08 manat, 2022-ci ilin fevral ayı üzrə 42.70 manat, mart ayı üzrə 48.30 manat və nahayət iyun ayı üzrə isə 957.08 manat əsassız su hesabatı verilmişdir. Ona mülkiyyət sahəsini aldıqdan sonra su xətti və sudan istifadə olmadığı halda əsassız olaraq 1551.26 manat borc hesablanmışdır ki, bununla razı deyil. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinə əsasən “Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərim tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).” 03 oktyabr 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, iddiaçının ərizəsində sözügedən torpaq sahəsi əvvəllər başqasının istifadəsində olub. Ora sayğac bağlanıb və xətt çəkilib. 2023-cü ilədək istər əvvəlki, istərsə də sonrakı mülkiyyətçi tərəfindən ödəmələr olmayıb. Əgər bu bağ evidirsə, orada bitkilərə, ağaclara qulluq üçün suların axıdılmasında su istifadəsi olub. Yeni mülkiyyətçi torpaq sahəsini alanda 20 gün ərzində yazılı müraciət etməlidir. Sukanal İdarəsi və yeni mülkiyyətçi arasında hər hansı müqavilə bağlanmamışdır. Quliyeva Xatirə köhnə mülkiyyətçidir. Rəhimə xanım isə Cavabdeh ASC ilə müqavilə bağlamayıbdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 229.0 kv.m ümumi sahəsi olan bağ evi üzərində İddiaçı tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. "Azərsu“ ASC-nin sayğacsız abonentin yoxlanılması barədə arayışının surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları 5, ev 246 (Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q) ünvanı üzrə xx.xx.2022-ci il tarixdə icra işləri aparılmış, aparılmış işlərin nəticəsinə əsasən müəyyən olunmuşdur ki, ünvanda yaşayış yoxdur, hazırda təmir-tikinti işləri aparılır. Ünvan üzrə su xətti var, lakin su gəlmir. Ünvanda iki ədəd hovuz mövcuddur, yerüstü və yeraltı. İstehlakçının bildirdiyinə görə suyu sudaşıyan maşınla alır. xx.xx.2023-cü il tarixli abonent kartının (Abonent kodu: **********000) surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları 5, ev 246 (Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q) ünvan üçün su sərfiyyatı 2016-cı il üzrə 23 m3, 2017-ci il üzrə 31 m3, 2018-ci il üzrə 7 m3, 2021-ci il üzrə 49 m3, 2022-ci il üzrə 15 m3 olmuş və ümumilikdə abonentə 1868,36 manat yekun borc məbləği hesablanmışdır. Eyni zamanda 2022-ci il üzrə qrafikə nəzər salındıqda aydın olur ki, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 5 m3, xidmətin dəyəri 44,10 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 5 m3, xidmətin dəyəri 42,70 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 5 m3, xidmətin dəyəri 48,30 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə isə sərfiyyat göstərilmədən həmin tarix aralığı üçün xidmətin dəyəri 957,08 manat olaraq göstərilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları keçirilmiş məhkəmə iclaslarında tərəflərin vermiş olduqları izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q (ünvan 1 ünvanında yeləşən torpaq sahəsi və bağ evi xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Hazırki tərəflər arasında su və çirkab sularının xidməti üzrə müqavilə bağlanmamışdır. Lakin qeyd olunan ünvan üzrə xx.xx.2005-ci il tarixdə "Azərsu“ ASC ilə X1 arasında xidməti müqavilə bağlanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, "Azərsu“ ASC tərəfindən əsassız olaraq hesablanmış 1551,26 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı bu illər ərzində qeyd olunan ünvan üzrə yaşayış olmadığını qeyd etsə də, iş materialları və izahatlarla məkhəməyə aydın olmuşdur ki, həmin ünvanda təmir-tikinti işləri aparılır və ərazidə iki su hovuzu mövcuddur. Eyni zamanda iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin abunə haqqında saldosundan müəyyən olunmuşdur ki, sözügedən ünvan üzrə 2021-ci ilin üzrə işıq enerjisindən istifadə olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, mülkiyyətçi həmin ünvanda kommunal xidmətlərdən yararlanmışdır. İddiaçı məhkəməyə sadalanan xüsusatları təkzib edən heç bir sübut təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 2022-ci ilin xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə əsassız olaraq hesablanmış 957.08 manat borcun silinməsi hissəsində əsaslıdır və yalnız bu hissədə təmin olunmalıdır. Belə ki, abonent kartında (Abonent kodu: **********000) həmin borcun hansı əsaslardan yaranması və sərfiyyatın həmin dövr üzrə miqdarı göstərilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi borc məbləğinin əsası ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağları 5, ev 246 (Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q) ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 957,08 manat borc İddiaçı abunə hesabından (Abonent kodu: **********000) (cavabdehə aid elektron məlumat bazasından) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağları 5, ev-246 (Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2157Q) (Abonent kodu: **********000) ünvanına əsassız hesablanmış 957,08 (doqquz yüz əlli yeddi manat səkkiz qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar