Məhkəmə qərarları › İş №e-2(004)-350/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-350/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-350/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0565 saylı, xx.xx.2018-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 1703,14 manat, dəbbə pulu üzrə 196,86 manat, cəmi 1900 manat borcun, 39 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 noyabr 2018-ci il tarixdə xx/xx/0565 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 2400 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2018-ci il buraxılışı olan divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən lizinq ödənişləri üzrə borc qalığı 1703.14 manat, dəbbə pulu üzrə 5515.39 manat olmaqla, cəmi 7218,58 manat məbləğində borcu yaranmışdır. Hazirki iddia ərizəsində tələb edilən dəbbə pulu ağlabatan məbləğədək, yəni 196,86 manatadək azaldılıb. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda lizinq müqaviləsinin müddəti bitib. Lizinq müqaviləsinin 12.1-ci bəndinə əsasən: Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən: Lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki ilə müəyyən edilir. Həmin müqavilənin 13-cü bəndinə əsasən: 13.1. Lizinq alan müəyyən edilmiş müddətlərdə Lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər günü üçün gecikdirilmiş lizinq ödənişinin 0,5 % məbləğində dəbbə pulunu ödənilməsini tələb edə bilər, lizinq alan isə həmin dəbbə pulunu lizinq verən tərəfindən göstərilən müddətlərdə ödəməyə öhdəsinə götürür. 13.2. Lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun (cərimə və/və ya penya) ödənilməsi, lizinq alanı ödənilməmiş lizinq ödənişlərinin və digər ödənişlərinin ödənilməsindən, lizinq müqaviləsinin şərtlərinin tam həcmdə icra edilməsindən azad etmir. 13.3. Lizinq müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi lizinq verənin yazılı tələbnaməsinə əsasən həyata keçirilir. Lizinq alan dəbbə pulunu lizinq verənin müvafiq yazılı tələbnaməsini aldığı gündən 5 iş günü ərzində ödəməlidir. Lizinq verən, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiyi ilə müəyyən olunmuş müddətlərdən başqa, lizinq müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi tələbinə əsas verən hadisənin baş verməsindən sonra lizinq alana dəbbə pulunun ödənilməsinə dair tələbnamənin göndərilməsi üçün hər hansı müddətlərlə məhdudlaşdırılmır. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq lizinq borcu və ona hesablanmış cərimə qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-13.4. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və işin hallarını əsas götürərək hesab edir ki, cavabdeh lizinq müqaviləsinin şərtlərinə əməl etmədiyindən və hazırda onun lizinq şirkətinə borcu olduğundan iddia lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində iddiaçı (lizinq verən) müqavilə şərtinə əsasən cərimə pulu hesablamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş malın məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun götürülmüş malın məbləğinə münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 119,22 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün 37,4 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 1703,14 manat əsas, 119,22 manat cərimə, cəmi 1822,36 (min səkkiz yüz iyirmi iki manat otuz altı qəpik) manat borc və 37,4 (otuz yeddi manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar