Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3505/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 550,00 (beş yüzəlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il, saat 02:00-də Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində Şirkətimiz tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Mercedes Benz S320 minik” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Chevrolet Cruze minik” markalı, DD-843-DT qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5066900 İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “Chevrolet Cruze minik” markalı, DD-843-DT dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 550,00 (beş yüzəlli) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA120402/24 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 550,00 (beş yüzəlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh 30 may 2025-ci il tarixdə iddiaya etirazla məhkəməyə müraciət etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən yazılan qiymətlər şişirdirilmiş qiymətlərdir. Hadisə zamanı o, zərərçəkmiş şəxslə görüşmüş və sonra Bakı şəhəri Yol Polisində olmuşdur. Zərərçəkmiş şəxs türk vətəndaşı idi, o, onun maşınını ustaya aparmağı təklif etmiş, o isə getmədi, pul təklif etdi, onu da götürmədi. İndi artıq 3 il sonra ona "xxxx" ASC məlumat vermədən belə bir qərar qəbul edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3505/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildrimişdir ki, şəxs barəsində inzibati protokol tərtib olunmuş və o hadisə yerindən yayınmışdır. Bu isə qanunvericiliyə əsasən subroqasiya hüququnun yaranması üçün əsasdır. Qüsur aktı tərtib edilmiş və ödəniş cədvəli ilə dəyən zərər zərərçəkmişə ödənilmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hadisə baş verdikdən sonra o, ziyan vurduğu maşına yaxınlaşsa da, sahibini tapa bilməmişdir. Daha sonra nömrəsini ora qoyaraq getmişdir. Hadisədən sonrakı gün yenə yaxınlaşsa da, ətrafdakı insanlardan soruşsa da, avtomobilin sahibini tapa bilməmişdir. Hadisədən 10 gün sonra avtomobilin sahibi onunla əlaqə saxlamış, o, ona avtomobili təmir etməyini təklif etsə də, o, ondan 1000 manat pul istəmişdir. Hansı ki, bu məbləğ dəymiş zərərdən çox idi. Razılaşmadıqlarına görə o, polisə şikayət etmişdir. Bundan sonra ona hadisə yerindən yayınmağına görə cərimə yazılmış və o da həmin cəriməni ödəmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh iddiaçı tərəfindən sığortalanmış “Mercedes Benz S320 minik” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu ərazisində “Chevrolet Cruze minik” markalı, DD-843-DT dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli bilinərək, barəsində İXP saylı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati protokol tərtib edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Chevrolet Cruze minik” markalı, DD-843-DT dövlət qeydiyyat nişanlı avtomobilə 550,00 (beş yüz əlli) manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin qiymətləndirmə aktından görünür ki, “Chevrolet Cruze minik” markalı, DD-843-DT dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 550,00 (beş yüz əlli) manat məbləğində ziyan dəymişdir. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərər 550,00 (beş yüz əlli) manat müəyyən edildiyindən, sığorta ödənişi miqdarında əvəzi 550,00 (beş yüz əlli) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 459.1-ci maddəsinə (ilkin vəziyyəti bərpa etmək vəzifəsi) əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə (mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüququ pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, sığorta ödənişi miqdarında əvəzi 550 (beş yüz əlli) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat olmaqla, cəmi 580 (beş yüz səksən) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3505/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3505/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver