Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3550/2025 18.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh X3 qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 20 sentyabr 2022-ci il tarixli, 67754 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1324 manat məbləğində pulun və 34,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli, 67754 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1788 manat dəyərində “Qabyuyan Bosch SMS53L02ME, TV.SAM.UE32T4500AUXRU, Kransteym 520” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun dəyərinin 200 manat hissəsini ilkin ödəniş etməklə, borcun qalan hissəsini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 20 sentyabr 2022-ci il tarixli, 67754 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh X2 20 sentyabr 2022-ci il tarixli, 67754 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1324 manat təşkil edir. Qeyd olunanlara əsasən, nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdeh X1 1324 manat pul tutulmalıdır. II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 67754 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 1788 manat olan qabyuyan Bosch SMS53L02ME, TV.Sam.UE32T4500AUXRU, Kransteyn 520 markalı mallar ilkin ödəniş 200 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə cavabdehə nisyə satılmışdır.
5. Müqaviləyə əlavə ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.
6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
7. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1324 manat qalıq borcu vardır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
11. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1324 manat məbləğində əsas bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.
12. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1324 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 34 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 1324 manat əsas borc, ödənilmiş 34 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1358 (bir min üç yüz əlli səkkiz) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil