Məhkəmə qərarları › İş №e-2(004)-3595/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3595/2022

16.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3595/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pul ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 izahat verərək bildirir ki, iddiaçı cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Qeyd edir ki, nikaha daxil olduqdan sonra cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzildə qeydiyyata alınmışdır və hal-hazırda orada yaşayır. Cavabdehin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu pozduğundan onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini istəyir. Suala cavab olaraq bildirir ki, 18000 manat kompensasiya ödəməyə razıdır. Ondan artıq ödəyə bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, birgə nikahdan olan uşaq xəstədir və müalicə xərcləri vardır. İddiaçının aliment borcu vardır və ödəmir. Bu tələbə bir dəfə baxıldığından təkrar baxıla bilməz. Suala cavab olaraq bildirir ki, evin qiyməti 120000 manat idi. İddiaçı 80000 manat versə razı olar. 18000 manata isə razı deyil, o pula ev ala bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmetlə bağlı eyni mübahisə olduğundan hazırkı işə xitam verilməlidir. Əlavə olaraq bildirir ki, iddia predmeti baxış mərhələsində dəyişdirilə bilməz. 18000 manat məbləğində kompensasiyanı qəbul etmir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 869 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ № 227170 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2528/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı Şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququ tanınmış, İddiaçı Cavabdeh qarşı 10800 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 02-123/22 saylı, xx.xx.2022-ci il tarixli ekspert (mütəxəssis) rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilin xx.xx.2022-ci il tarixə kirayə dəyəri 500 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehlə xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. Tərəflər arasında nikah Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsilə cavabdehin həmin mənzilə istifadə hüququ tanınmışdır. Hazırda cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır və orada yaşayır. Hazırda iddiaçı onun mülkiyyətində olmaqla mübahisə predmeti olan mənzildə cavabdehin qeydiyyatda olması və orada yaşamasının onun mülkiyyət hüquqularını pozduğunu bildirərək cavabdehin mənzildən istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilməsini xahiş edir. Cavabdeh isə kompensasiya məbləği ilə razı olmadığını bildirir. Həmçinin eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisə ilə bağlı məhkəmə qətnaməsinin olduğnu bildirirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İddiaçı hazırkı tələbində 6000 manat kompensasiya ödənilməsini təklif etsə də, iş üzrə verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan mənzilin kirayə dəyəri 500 manat təşkil edir. Məhkəmə oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehə 3 il üzrə kompensasiya hesablanmalıdır. Bu halda cavabdehə 18000 manat (500x12x3=18000) məbləğində kompensasiya müəyyən edilir. Məhkəmə iddiaçının 18000 manat məbləğində kompensiya ödəməyə razı olmasını nəzərə alaraq qeyd edir ki, Cavabdeh mənzilə istifadə hüquqununa 18000 manat kompensasiya ödənilməklə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququna Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hər iki tərəf ekspertizanın keçirilməsini tələb etdiyindən və iddia qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərci tərəflərdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququna Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş 200 manat dəyərində ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat pul İddiaçı və 100 (yüz) manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC, VÖEN **********, Kod 200145, VÖEN **********, hesab AZ90AİİB********************, müxbir hesab AZ37NABZ********************, S.W.İ.F.T. kod: AİİBAZ2X) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar