Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3705/2022 13.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ONSK02244 müqavilə üzrə 313 manat qalıq borcu və 447,90 manat cərimə borcu olmaqla, ONSK03888 müqavilə üzrə 647 manat qalıq borcu və 972,44 manat cərimə borcu olmaqla cəmi 2380,34 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,80 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, o dəfələrlə hər iki müqavilə üzrə yığılmış 1285 manat borcu ödəmək üçün İddiaçı MMC-yə müraciət edib. Lakin İddiaçı MMC cərimə (dəbbə pulu) tələb etdiyinə görə tərəflər arasında mübahisə yaranmışdır. Belə ki, 2021-ci ilin fevral ayında COVİD-19 virusuna yoluxduğuna görə borc öhdəliyini vaxtında icra etmədiyinə görə toplanmış dəbbə pulu borcunun tələb edilməsi əsas borcun qalıq hissəni ödəməyə mane olmuş və bu səbəbdən də həmin öhdəlik onun tərəfindən icra olunmamışdır. İş materiallarından görünür ki, hər iki müqavilə üzrə yığılmış əsas borcun məbləği 1285 manatdır. O həmin borcu Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin depozitinə köçürmək istəyir. O hesab edir ki, hazırki mülki iş üzrə irəli sürülmüş iddia tələbinin dəbbə pulu hissəsi həm tənasübsüz surətdə yüksəkdir, həm də cavabdehin əsaslı mənafelərinə ziddir. Hazırki mülki işə iddia icraatı qaydasında baxılmasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, etirazın təmin olunması və işin iddia icraatına keçirilməsi üçün əsas yoxdur. Belə ki, cavabdeh əsas borcunun olmasını qəbul etmiş, cərimə məbləğini mübahisələndirmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə ONSK02244 müqaviləyə əsasən müəyyən olunur ki, satıcı alıcıya siyahısı “Təhvil-təslim aktı”nda göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktına əsasən müəyyən olunur ki, cavabdeh Asus markalı noutbuku təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 50 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 104 manat, sonuncu ay 105 manat olmaqla, ümumilikdə 1299 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ONSK03888 müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı alıcıya siyahısı “Təhvil-təslim aktı”nda göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktına əsasən müəyyən olunur ki, cavabdeh iPhone 11 markalı telefonu təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 97 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə hər ay 323 manat, sonuncu ay xx.xx.2021-ci il tarixdə 324 olmaqla, ümumilikdə 2036 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışılarına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 313 manat ödənilməmiş hissə, 447,90 manat cərimə, cəmi 760,90 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 647 manat ödənilməmiş hissə, 972,44 manat cərimə olmaqla, cəmi 1619,44 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişlərə əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 313 manat əsas borc, 22, 39 manat cərimə cəmi 335,39 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 647 manat əsas borc, 48,62 manat cərimə, cəmi 695,62 manat borc, ümumilikdə 1031,01 manat borc və 30,31 manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 447,9 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 972,44 manat, cəmi 1420,34 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni xx.xx.2020-ci il tarixli müqavilə üzrə 22,39 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 48,62 manat, cəmi 71,01 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş 43,80 manat məbləğində dövlət rüsumunun 30,31 manatı cavabdehdən tutularaq iddiaçı «Optimal Elektronics” MMC-yə ödənilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 313 manat əsas borc, 22,39 manat cərimə, cəmi 335,39 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 647 manat əsas borc, 48,62 manat cərimə, cəmi 695,62 manat borc, ümumilikdə 1031,01 manat borc və 30,31 manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3705/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3705/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver