Məhkəmə qərarları › İş №e-2(004)-3713/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3713/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3713/2024 23.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27.4 manat əsas, 4.1 manat cərimə, cəmi 31.5 manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373.9 manat əsas, 56 manat cərimə, cəmi 429.9 manat və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 131.4 manat əsas, 19.7 manat cərimə, cəmi 151.1 manat olmaqla, ümumilikdə üç müqavilə üzrə 532.7 manat əsas, 79.8 manat cərimə, cəmi 612.5 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 6 manat olmaqla cəmi 74.99 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı uşaq üçün elektromobilə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499.99 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı telefon və 2 ədəd aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 57 manat olmaqla cəmi 677.47 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 11.50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixində 42 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 90 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq qalmış 612.5 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 798 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 798 manat təşkil etdiyi halda humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i yəni 79.8 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2024-cü il tarixədək İddiaçı MMC –yə olan borcu xx.xx.2023-cü il tarixli ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 27.4 manat əsas, 4.1 manat cərimə, cəmi 31.5 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 373.9 manat əsas, 56 manat cərimə, cəmi 429.9 manat, xx.xx.2023-cü il tarixli ********* müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 131.4 manat əsas, 19.7 manat cərimə, cəmi 151.1 manat ümumilikdə borcu üç müqavilə üzrə 532.7 manat əsas, 79.8 manat cərimə, cəmi 612.5 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı MMC “Honor” markalı qulaqcığı 25 manat ilkin ödəniş və 12 ay müddətinə hər ay 6 manat ödəmək şərtilə alıcı Cavabdeh vermişdir. Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi və borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2023cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “Honor” markalı qulaqcıq alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 27.4 manat əsas, 41 manat cərimə olmaqla, cəmi 68.4 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı MMC uşaq üçün elektromobili 0 manat ilkin ödəniş və 12 ay müddətinə hər ay 42 manat ödəmək şərtilə alıcı Cavabdeh vermişdir. Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi və borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə uşaq üçün elektromobil alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 373.9 manat əsas, 560 manat cərimə, cəmi 933.9 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı MMC “Samsung” markalı telefon və 2 ədəd aksesuarı 0.50 manat ilkin ödəniş və 12 ay müddətinə hər ay 57 manat ödəmək şərtilə alıcı Cavabdeh vermişdir. Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi və borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “Samsung” markalı telefon və 2 ədəd aksesuar alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh Neman oğlunun 131.4 manat əsas, 197 manat cərimə, cəmi 328.4 manat borcu yaranmışdır İş materiallarında olan xəbərdarlıq (pretenziya) məktubuna əsasən, İddiaçı MMC Cavabdeh xx.xx.2023-cü il tarixində bağlanmış 12 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 131.4 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 197 manat cərimə borcu, müqavilə üzrə cəmi 328.4 manat borc, xx.xx.2023cü tarixində bağlanmış 12 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 373.9 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 560 manat cərimə borcu, müqavilə üzrə cəmi 933.9 manat borc, xx.xx.2023-cü tarixində bağlanmış 12 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 27.4 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 41 manat cərimə borcu, müqavilə üzrə cəmi 68.4 manat borc, hər üç müqavilə üzrə cəmi 1330.7 manat borcu ödəməyi tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli, xx.xx.2023-cü il tarixli, ********* nömrəli və xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilələrdən irəli gəlir. Müqavilələrin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə, penya) azadılmalıdır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin nisyə alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27.4 manat əsas, 2.6 manat cərimə borcu olmaqla, cəmi 30 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373.9 manat əsas, 37.1 manat cərimə borcu olmaqla, cəmi 411 manat və xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 131.4 manat əsas, 12.6 manat cərimə borcu olmaqla, cəmi 144 manat, ümumilikdə hər üç müqavilə üzrə 532.7 manat əsas, 52.3 manat cərimə olmaqla, cəmi 585 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27.4 manat (iyirmi yeddi manat qırx qəpik) əsas, 2.6 manat (iki manat altmış qəpik) cərimə borcu olmaqla, cəmi 30 (otuz) manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373.9 manat (üç yüz yetmiş üç manat doxsan qəpik) əsas, 37.1 manat (otuz yeddi manat on qəpik) cərimə borcu olmaqla, cəmi 411 manat (dörd yüz on bir manat) və xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 131.4 manat (yüz otuz bir manat qırx qəpik) əsas, 12.6 manat (on iki manat altmış qəpik) cərimə borcu olmaqla, cəmi 144 (yüz qırx dörd) manat, ümumilikdə hər üç müqavilə üzrə 532.7 manat (beş yüz otuz iki manat yetmiş qəpik) əsas, 52.3 manat (əlli iki manat otuz qəpik) cərimə olmaqla, cəmi 585 (beş yüz səksən beş manat) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar