Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3713/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit götürülməsi və bank qarşısında kredit öhdəliklərinin olması barədə məlumatların kredit reyestrindən silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit götürülməsi və bank qarşısında kredit öhdəliklərinin olması barədə məlumatların kredit reyestrindən silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit götürülməsi və bank qarşısında kredit öhdəliklərinin olması barədə məlumatların kredit reyestrindən silinməsi vəzifəsinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit almaq məqsədi ilə müvafiq banka yaxınlaşərkən iddiaçıya Cavabdeh2 ASC qarşısında icra olunmamış öhdəliyi olması səbəbindən imtina verilmişdir. İddiaçı kredit tarixçəsi barəsində dəqiq məlumat əldə etmək üçün Azərbaycan Kredit Bürosuna müraciət etmiş və aldığı çıxarışda 2.040.00 avro kredit götürdüyü, 1897.10 avro qalıq, 1.117.76 avro faiz məbləği, aktiv kreditlərin cəmi qalıq məbləği 3480.avro təşkil edən öhdəliyinin olmasını görmüşdür. Hazırda Cavabdeh2 ASC ləğetmə prosesində olduğu üçün o aidiyyəti üzrə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək heç vaxt Cavabdeh2 ASC-yə kredit üçün müraciət etmədiyini, həmin bankla müqavilə imzalamadığını, vəsaiti götürmədiyini və bu günədək nə bank tərəfindən, nə də hazırki ləğv edici tərəfindən ona bu barədə məlumat verilmədiyini və ya telefon zəngi edilmədiyini bildirərək adında olan kredit öhdəliyinin ləğv edilməsini və kredit tarixçəsində ondan asılı olmayan səbəbdən yaranmış gecikmənin silinməsini xahiş etmişdir. Müraciətinin cavabında Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavab olaraq kreditin həqiqətən də ona məxsus olmadığını, lakin kreditin silinməsinin onların səlahiyyətinə aid olmadığı üçün xahişini yerinə yetirə bilməyəcəklərini bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Əlavə olaraq iddiaçı qeyd etmək istəyir ki, istənilən bankla hər hansı bir kredit müqaviləsinin bağlanması kredit müraciətçisinə kassa məxaric orderinə imza etdirməklə kredit məbləği verilməyənədək kredit müraciətçisi üçün heç bir öhdəlik yaratmır. Hazırki vəziyyətdə nə bank tərəfindən, nə də ləğvedici tərəfindən onun pulu almağı barədə hər hansı bir kassa məxaric orderi ona təqdim edilməmişdir. Göründüyü kimi müqavilənin bağlanması üçün onun razılığı və imzası tələb olunurdu. Lakin həmin müqavilə onun tərəfindən imzalanmayıb və müqavilə imzalamaq üçün tərəfindən heç kimə səlahiyyət verilməyib. Yəni əqd təmsilçi vasitəsilə də bağlanmayıb. Qeyd olunan səbəbdən müqavilə bağlanmamış hesab olunmalı, yəni əhəmiyyətsiz hesab olunmalıdır. Əhəmiyyətsiz əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı anadan etibarsızdır. Məhkəmə iclasında iştiak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, həmin müqavilə üzrə öhdəlik başqa şəxsə məxsusdur. İzahatına əlavə olaraq bildirmişdir ki, iddia tələbinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilir ki, öhdəlik münasibətləri üzrə borc X3 məxsusdur. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı məlumatda qeyd edilir ki, Azərbaycan Kredit Bürosunun məlumat bazasında qeyd olunan (00)**********00606 saylı hesab nömrəsi üzrə borc öhdəliyi ona aid deyil. Lakin Azərbaycan Kredit Bürosunun məlumat bazasında (00)**********00606 saylı hesab nömrəsi üzrə əks olunan borc öhdəliyinin sahibinin kredit dosyesi ləğv prosesində olan Cavabdeh2 ASC-nin arxivində aşkar olunmadığı üçün səhv məlumatın onun kredit tarixçəsində əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyətləri xaricindədir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən qəbul edilməsi (etiraf edilməsi) xüsusatı əsas götürülür. Mülki işin mübahisəsiz halı odur ki, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında əvvəllər və ya hal-hazırda hər hansı kredit münasibətləri mövcud olmamış, kredit müqaviləsi bağlanmamış, tərəflər arasında icra olunmamış öhdəlik münasibətləri mövcud olmamış və hazırda da faktiki və hüquqi baxımdan mövcud deyildir. "xxxx" MMC-də İddiaçı dair mövcud olan müvafiq qeydlər texniki yanlışlığın nəticəsidir. Mövcud olmayan öhdəlik münasibətlərinə görə subyektin üzərində öhdəliyin olması barədə qeydlərin mövcudluğu əsassız olmaqla iddiaçının hüquq və maraqlarına ciddi şəkildə maneələr törədir, onun kredit götürməsinin qarşısını alır. Məhkəmə nəzərə alır ki, Cavabdeh2 ASC hazırda ləğvetmə prosesindədir. Mülki qanunvericiliyin tələblərinə əsasən ləğvetmə prosesi dövründə subyektin hüquq və fəaliyyət qabiliyyəti saxlanılır, lakin, sözügedən hüquq və fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış formada mövcud olur. Ləğvetmə prosesində olan hüquqi şəxsin adından ləğvedici fəaliyyət göstərir. Hazırda Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisidir. Odur ki, müvafiq vəzifə Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı yazılı məlumatda qeyd olunan xüsusatlar və öhdəliyin başqa şəxsə məxsus olması faktı məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı Cavabdeh2 ASC-dən kredit götürülməsi və Cavabdeh2 ASC qarşısında kredit öhdəliklərinin olması barədə məlumatların kredit reyestrindən silinməsi vəzifəsi ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit götürülməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit öhdəliklərinin olması barədə məlumatların kredit reyestrindən silinməsi vəzifəsi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3713/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3713/2025
15.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver