Məhkəmə qərarları › İş №e-2(004)-376/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-376/2022

10.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-376/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Cavabdehin nümayəndəsi Zumrud Aliyevanın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X2 Agentliyi” X12 maraqlı şəxs qismində cəlb edilməklə pozulmuş istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “X2 Agentliyi” X12 maraqlı şəxs qismində cəlb edilməklə pozulmuş istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tarif(qiymət) şurası tərəfindən müəyyən edilmiş 2021-ci il üçün nəzərdə tutulmuş qaz limitinin iddiaçının abonent hesabına bərpa edilməsi,dəymiş 1.800 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qaz limiti bərpa edilənədək qaz limitinin dəyərinin gecikdirilmiş hər günü üçün bir faizi məbləğində (2.4 manat) dəbbə pulu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hər min kub metr üçün 100 manat müəyyən edilməklə 2021-ci il üçün 2200 m3 güzəştli qaz limitinin iddiaçının abonent hesabına bərpa edilməsini, dəymiş 1.800 manat mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya odənilməsi və 76.32 manat dəbbə pulu və əlavə olaraq qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin gecikmiş hər gün üçün bir faizi məbləğində (2.2 manat) dəbbə pulu ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 yaşayır. Azəriqaz İB əməkdaşları ona müraciət edərək bildirmişlər ki, onun ünvanında mövcud olan sayğacın istismar müddəti ilə əlaqədar olaraq yenisi ilə əvəzlənməlidir və 01 iyun 2021-ci il tarixində yaşadığı mənzildə yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçının köhnə sayğacında 3005 kub metr istifadə edilməmiş qaz həcmi mövcud olmuş və ona bildirilmişdir ki, Asan Kommunal xidmətində bu limiti ona yeni sayğacının kartına köçürəcəklər. Həmin gün ASAN kommunal xidmətinə yeni sayğacın kartını aktiv etmək üçün müraciət etdikdə isə köhnə sayğacda mövcud olan 3005 kub metr qaz 300.5 manat hesablanaraq 2607.5 kub metr qaz köçürülmüşdür. Göründüyü kimi, Azəriqaz İB qanunsuz olaraq həmçinin iddiaçının 2021-ci ilə olan güzəştli qaz limitimi də istifadə etmişdir. Bakı Regional Qaz Satışı Departamentinə bununla bağlı iddiaçının etdiyi 04.06.2021-ci il tarixli Ərizəsinə isə bu günədək cavab verilməmiş və məsələ öz həllini tapmamışdır. Bununla əlaqədar X3 Agentliyinə etdiyi 3 iyul 2021-ci il tarixli müraciətinə əsasən iş üzrə araşdırma aparılmış və yalnız onlar tərəfindən 2-ci dəfə Azəriqaz İB-nə göstəriş verildikdən sonra iddiaçıya çatışmayan qaz həcmi köçürülmüşdür. Amma 2021-ci il üzrə nəzərdə tutulan qaz limiti bərpa edilməmişdir. X3 Agentliyinin Bakı filialının 24 sentyabr 2021-ci il tarixli cavab məktubuna əsasən iddiçının 2021-ci il üzrə qaz limitimin qanunsuz olaraq ləğv edilməsi təsdiq edilmiş və bildirilmişdir ki, “abonent hesabına qaz limitinin bərpa olunma məsələsinə yenidən baxılması üçün Azəriqaz İB-ə təkrar məktub göndərilmişdir”. Göründüyü kimi Azəriqaz İB nəinki vətəndaşın qanuni müraciətinə, həmçinin bu sahədə tənzimləyici orqanın məcburi göstərişlərinə belə məhəl qoymur. Bundan əlavə Azəriqaz onu aldadarq sayğacda olan qaz həcminin yeni karta köçürüləcəyini bildirsə də bunu etməmiş,qanunsuz və onun icazəsi olmadan 2021-ci ilə dövlət tərəfindən ona ayrılan qaz limitini silmişdir. Bununla cavabdehin qanunsuz əməlləri nəticəsində ona 1800 manat mənəvi ziyan dəymişdir. 01 iyun 2021-cu il tarixində yeni sayğacın kartını aktiv etmək üçün müraciət etdikdə köhnə sayğacda mövcud olan 3005 kub metr qaz 300.5 manat hesablanaraq 2607.5 kub metr qaz köçürülmüşdür. Həmin tarixdə qüvvədə olan tariflərə əsasən limitdən artıq hər kub metri üçün 20 qəpikdən hesablanan 397.5 kubmetr qaz əsassız kəsilmişdir. Azəriqaz İB tərəfindən X3 Agentliyinə ünvanlanan 06.09.2021-ci il tarixli SQCAR**********30560046X02446 nömrəli məktubla istehlakçı hesabında müvafiq düzəlişlər edildiyi və 3005 kub metr qaz tam bərpa edildiyi bildirilmişdir. Göründüyü kimi 79.5 manat dəyərində (20 qəpikdən hesablanan 397.5 kubmetr qaz) əsassız azaldılmış qaz həcmim 06.09.2021-ci ildə, yəni 01.06.2021-ci il tarixindən 96 gün sonra bərpa edilmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu nəzərə alınmaqla cavabdeh 79.5 manatın 96 faizi həcmində dəbbə pulu, yəni 76.32 manat dəbbə pulu ödəməlidir. Eyni zamanda, 01.06.2021-ci il tarixindən bu günədək 2021 -ci il üçün nəzərdə tutulan illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün hər min kub metr üçün 100 manat müəyyən edilmiş və dəyəri 220 manat olan güzəştli qaz limiti bərpa edilməmişdir. Bununla da, bərpa edilməyən qaz limitinin dəyəri 220 manat götürülməklə hər gün üçün 1 faiz, yəni 2.2 manat dəbbə pulu ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Zumrud Alıyeva iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, ünvan 1 ünvanında mövcud olan sayğacın istismar müddəti ilə əlaqədar olaraq 01 iyun 2021-ci il tarixində yaşadığı mənzildə yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçının köhnə sayğacında 3005 kub metr istifadə edilməmiş qaz həcmi mövcud olmuş və köhnə sayğacda mövcud olan 3005 kub metr qaz 300.5 manat hesablanaraq 2607.5 kub metr qaz köçürülmüşdür. Hesab edir ki, iddia tələbi əsassızdır. Mənəvi ziyanın ödənilməsi hissəsində də iddiaçı öz iddia tələbini əsaslandıan hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 14 dekabr 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. 14 dekabr 2021-ci il tarixlı məhkəmə iclasında üçüncü səxs qismindən cəlb edilən X1 Agentliyinin Bakı filialının nümayəndəsi X6 bildirmişdir ki, iddiaçı tərəfindən X1 Agentliyinə müraciət olunmuş, onun ərizəsinə əsasən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin ünvanda G-4 markalı 07AZ**********5 nömrəli öncədən ödənişli qaz sayğacı Azəriqaz İB-nin nümayəndələri tərəfindən 01.06.2021-ci il tarixdə çıxarılaraq yeni G-4 markalı STS**********545 nömrəli öncədən ödənişli qaz sayğacı quraşdırılmış və bu barədə akt tərtib edilmişdir. Çıxarılmış qaz sayğacının üzərində 3005 kubmetr dəyəri ödənilmiş, lakin istehlak edilməmiş qaz həcmi olmuşdur. Araşdırma zamanı müəyyən olundu ki, 3005 m3 qaz həcmi abonent hesabına tam geri qaytarılmamışdır. Belə ki, abonent tərəfdən 01.06.2021-ci il tarixdə yeni quraşdırılmış qaz sayğacına 1,0 manat məbləğ daxil edilən zaman sayğacın balansına 2607.5 m3 qaz həcmi köçmüş, 07.07.2021-cı il tarixdə 1,0 manat məbləğ daxil edilən zaman isə 326 m3 qaz həcmi köçmüşdür. Saldodan görünür ki, abonent hesabına 01.06.2021-ci il tarixdə geri qaytarılmış 300,5 manat məbləğ həmin dövr üzrə müəyyən olunmuş qaz limiti nəzərə alınaraq 2602.5 m3 (2200x0 10 + 402.5x0,20 = 300,5) qaz həcmi kimi hesablanmış, 07.07.2021-ci il tarixdə geri qaytarılmış 80,5 manat məbləğ isə yeni qaz limiti nəzərə alınaraq 322 m3 (322x0,25-80,5) hesablanmışdır. Eyni zamanda abonent tərəfindən iyun ayında qaz sayğacına daxil edilən bir manat məbləğdə qazın həcminin bir kub metrinin dəyəri 0,2 manat, iyul ayında daxil edilən 1,0 manat məbləğində qazın həcminin bir kub metrinin dəyəri isə 0,25 manat hesablanmışdır. Göstərilənlərdən məlum olmuşdur ki, çıxarılmış qaz sayğacının üzərində olan, istehlak edilməmiş 3005 m3 qaz həcmindən abonent hesabına 2924.5 m3 (2602.5 m3 -122 m3) qaz həcmi geri qaytarılmışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır, 2021-ci il üçün Tarif Şurasının müəyyən etdiyi qaz limiti bərpa olunmalıdır. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Bakı Regional Qaz Satışı Departamentinin Abonentlərlə iş üzrə Şöbə rəisi X4 iddiaçının mənzilində əvvəl mexaniki sayğac olmuş, sonradan smart sayğac quraşdırılmışdır. Tərəflərindən sayğacdakı qaz məbləği kubla vurulmuş, manatla qayıdır. Belə ki, 800 kub qaz vurmuşlar ki, 40 manat hesablansın. Bu barədə abonenti də məlumatlandırmışlar. Sistemdə istifaə edilməmiş qaz həcmi kubla qaytarılsa da, manatla görsənir. İş materiallarında olan 01.06.2021-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-0301449/06-2021 saylı müqavilənin surətindən görünur ki, Paylayıcı adlanan Azərqaz İB bu müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı keyfiyyətli qazla təmin edir,istelakcı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 2 il müəyyən edilmişdir. İş materiallarıda olan 04.06.2021-ci il tarixli ərizəsində Zeynalov X8 İB Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevdənə əvvəlki qaz həcminin və bu ilə olan limitin bərpa olunmasını xahiş etmişdir. İş materiallarıda olan Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının İddiaçı ünvanladığı məktubda qeyd olunur ki, abonent hesabında qaz limitinin bərpa olunması məsələsinə yenidən baxılması üçün Azəriqaz İB-ə təkrar məktub göndərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacın istismar müddətinin bitməsi səbəbindən İddiaçı ünvan 3 ünvanında sayğac əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilməklə ”Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01.06.2021-ci il tarixdə, AKX-0301449/06-2021 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının götəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 01.06.2021-ci il tarixli, ******* nömrəli akta əsasən sayğacın istismar müddətinin bitməsi səbəbindən İddiaçı məxsus ünvan 3 ünvanında sayğac əvəz edilmişdir. Çıxarılmış qaz sayğacının üzərində olan istehlak edilməmiş 3005 m3 qaz həcmindən abonent hesabına 2924.5 m3 qaz həcminin geri qaytarılması işin mübahisəsiz halıdır. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulmalıdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 01 iyun 2021-cu il tarixində yeni sayğaca köhnə sayğacda mövcud olan 3005 kub metr qaz 300.5 manat hesablanaraq 2607.5 kub metr qaz köçürülmüşdür. Bununla da həmin tarixdə qüvvədə olan tariflərə əsasən limitdən artıq hər kub metri üçün 20 qəpikdən hesablanan 397.5 kubmetr qaz əsassız kəsilmiş, sonradan 3005 kub metr qaz tam bərpa edilmişdir. Göründüyü kimi 79.5 manat dəyərində (20 qəpikdən hesablanan 397.5 kubmetr qaz) əsassız azaldılmış qaz həcmi 06.09.2021-ci ildə, yəni 01.06.2021-ci il tarixindən 96 gün sonra bərpa edilmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu nəzərə alınmaqla cavabdeh 79.5 manatın 96 faizi həcmində dəbbə pulu, yəni 76.32 manat dəbbə pulu ödəməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçı 1800 manat mənəvi ziyanın tutulmasını tələb etsə də mənəvi və fiziki sağlamlığına vurulan zərərin nədən ibarət olmasını və və buna dair sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mənzildə qaz sayğacının əvəz olunması vaxtı Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarı qüvvədə olmuşdur. Həmin qərara əsasən əhalinin illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün hər min kub metr üçün 100 manat müəyyən edilmişdir. Bununla da, mübahisəli hüquq münasibətinin yarandığı 01.06.2021-ci il tarixində qüvvədə olan Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarına əsasən əhalinin illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün hər min kub metr üçün 100 manat müəyyən edilməklə qaz limitinin iddiaçının abonent hesabına bərpa edilməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir və həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən istehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın. Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş dəbbə pulunun (cərimənin, penyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin verilməsi onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı iddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. Qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin hər gecikdirilmiş gün üçün bir faizi miqdarında hesablanmış 76,32 manat dəbbə pulu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar