Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3777/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətindən sığorta hadisəsi nəticəsində zədələnmiş ehtiyat hissəsi olan karbon spoylerin quraşdırılması xidməti ilə birlikdə dəyəri 11.127 manat, hər gecikdirilən gün üçün (bir il üçün) 4.061 manat dəbbə pulu, hüquqi yardım göstərilməsi üçün ödənilmiş pulun əvəzi 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 123 manat=cəmi 15661 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti ilə Zeekr Azərbaycan "xxxx" MMC arasında bağlanmış qiymətləndirmə və təmir barədə bağlanmış müqavilənin və xx.xx.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar avtomobilinin zədələnmiş arxa karbon spoylerinin qiymətləndirilməsi barədə zərərin qiymətləndirilməsi aktının Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətindən tələb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan 2024-cü il buraxılışlı, “ZEEKR 001 FR markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı, açıq boz damı qara rəngli, ban nömrəsi L6T79ANE1RP150574, qiyməti 207.400 manat olan avtomobilə dair xx.xx.2024-cü il tarixdə cavabdehlə tam kasko sığorta müqavilə bağlamışdır. Ona CSB100554759 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Ümumi sığorta haqqı 16.384,60 manat Cəmiyyətə ödəmişdir. xx.xx.2025-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Avtomobilin arxa karbon spoyleri zədələnmişdir. Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti avtomobillərin təmiri və zədələnmiş ehtiyyat hissələrinin qiymətləndirilməsi və təmiri barədə Zeekr Azərbaycan "xxxx" MMC ilə müqavilə bağlamışdır. İddiaçının şifahi sorğusu əsasında Zeekr Azərbaycan "xxxx" MMC xx.xx.2025-ci il tarixdə M-16 saylı məktubda göstərilmişdir ki, “sizə məxsus olan VİN nömrəsi L6T79ANE1RP150574 olan, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa karbon spoyleri Zeekr Azərbaycanın rəsmi servis mərkəzi olan X5 tərəfindən təmir olunmur və dəyişdirilməsi uyğun görülür”. Sığorta hadisəsi ilə əlaqədar qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş sənədlər toplanaraq 2025-ci ilin mart ayında Cəmiyyətə təqdim edilmişdir. Lakin bu günə qədər Cəmiyyət avtomobilin zədələnmiş arxa karbon spoylerinin dəyişdirilməsi üçün pul ödəməkdən imtina edir. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya göndərsə də bu günə qədər cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığoralının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi xx.xx.2025-ci il tarixdə baş vermiş, dərhal qeydə alınmış, 2025-ci ilin mart ayında qanunla müəyyən edilmiş qaydada sənədlər toplanaraq cavabdeh təşkilata verilmişdir. Bu günə qədər cavabdeh zərərin qiymətləndirilməsi barədə məlumat verməmiş, tələb olunanda servis tərəfindən qiymətləndirmə cavabının gəlmədiyini əsas gətirərək pul vəsaitini ödəməkdən imtina edir. Efendiler Motors servisi tərəfindən zərərin qiymətləndirilməsi barədəxx.xx.2025-ci il tarixdə tərtib edilmiş zərərlərin qiymətləndirilməsi aktından görünür ki, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnmiş arxa baqajüstü spoylerin qiyməti 10950 manat, həmin ehtiyat hissəsinin sökülüb-yığılma xidmətinin qiyməti 177 manat təşkil edir. Cəmi 11127 manat təşkil edir. İddiaçı xx.xx.2025ci il tarixdə ərizə göndərərək zəruri sənədlərin surətini, xx.xx.2025-ci il tarixdə pretenziyanı və təkrar sorğu göndərərək zəruri sənədlərin surətini tələb etsə də bu günə qədər cavab verilməmişdir. Sonradan vəkil sorğusu göndərilsə də sorğuya cavab verilməmişdir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişi onin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 gündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığrtalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqnda yazılışəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişiməbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Həmin Məcəllənin 935.1-935.1.7-ci maddələrində sığorta ödənişinin verilməsindən imtinanın əsasları göstərilmişdir. İddiaçı bildirir ki, avtomobilində baş vermiş sığorta hadisəsi həmin maddələrin təsiri altına düşmür. Cavabdeh 01 aprel 2025-ci il tarixdən hal-hazıra qədər sığorta ödənişinin verilməsindən imtina edir. Hesab edir ki, hər gecikdirilən gün üçün ehtiyat hissəsinin dəyərinin 0,1 faizi həcmində dəbbə pulu hesablanmalıdır. Ehtiyat hissəsinin dəyəri 11127 manat x 0.1 % dəbbə pulu= 11.13 manat x 365 günə =4.061 manat dəbbə pulu təşkil edir. Eyni zamanda hüquqi yardım üçün ödənilmiş 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 123 manat da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 85-87-ci maddələrinin tələbinə əsasən sübutların təmini məqsədi ilə cavabdehdən Zeekr Azərbaycan "xxxx" MMC ilə bağlanmış avtomobillərin qiymətləndirməsi və təmiri barədə müqavilənin və xx.xx.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar avtomobilimin zədələnmiş hissəsinin qiymətləndirilməsi barədə qüsur aktını Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətindən tələb edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CSB100554759 saylı sığorta şəhadətnaməsinə əsasən “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixə qədər avtomobillərin kasko sığortası növündə sığortalanmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə Arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 08:11 dəqiqədə Neftçilər pr (Port Baku dayanacaq) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil maneəni vurma növündə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin havalandırma borusuna zərər dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində saat 08:11-də Port Baku dayanacağı ərazisində “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 10 gün müddətində ZEEKR 001 FR markalı, UJ 100 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş arxa karbon spoylerinin təzəsi ilə dəyişdirilməsinin, Xalq Sığorta Açıq Səhmdar Cəmiyyəti ilə Zeekr Azərbaycan "xxxx"MMC ilə bağlanmış avtomobillərin təmiri və zədələnmiş ehtiyyat hissələrinin təmiri və ya dəyişdirilməsinə dair müqavilənin surətinin göndərilməsinin və xx.xx.2025-ci tarixə baş vermiş sığorta hadisəsi ilə əlaqədar “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa karbon spoylerinin zədələnməsinə dair tərtib olunmuş qüsür aktının göndərilməsinin təmin edilməsini xahiş etmiş, əks halda həmin tələblərlə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli M-16 saylı Zeekr Azərbaycan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, VİN nömrəsi L6T79ANE1RP150574 olan, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa karbon spoyleri Zeekr Azərbaycanın rəsmi servis mərkəzi olan X5 tərəfindən təmir olunmur və dəyişdirilməsi uyğun görülür. İş materiallarında olan Efendiler Motors tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli zərərlərin qiymətləndirmə aktına əsasən, “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqajüstü spoylerinə dəymiş zərər 11127 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “X4 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli zərər məbləğinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqajüstü spoylerinə dəymiş zərərin məbləği 11127 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Abşeron Rayon Vəkil Bürosunun hesabına 300 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab edilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən isə, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Mübahisə predmeti olan avtomobilə dəymiş zərərin məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət nömrə nişanlı avtomobilin arxa baqajüstü spoylerinə dəymiş zərər Efendiler Motors tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli zərərlərin qiymətləndirmə aktına əsasən 11127 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin təyin etdiyi ekspertizanın rəyi ilə də müəyyən edilmişdir ki, “ZEEKR 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqajüstü spoylerinə dəymiş zərərin məbləği 11127 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edirək, onunla razılaşır. Həmçinin nəzərə alır ki, ekspert rəyi ilə qiymətləndirmə aktında müəyyən edilmiş məbləğlər eynilik təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, 11127 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “İcbari Sığortalar haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” AR Qanunun 18.1.-ci maddəsinə əsasən 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin qanunun 18.2.-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə həmçinin iddia tələbinin dəbbə pulu ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan, bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 350 manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı hüquqi yardımın göstərilməsi məqsədilə vəkilə 300 manat məbləğində ödəniş etmişdir. Bu baxımdan məhkəmə ödənilmiş 300 manat xərci ağlabatan məbləğ hesab edir və hesab edir ki, iddia ərizəsinin həmin tələbi qismən təmin edilərək, 300 manat məbləğində vəkil xidməti xərci cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdeh "xxxx" ASCdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (bir yüz iyirmi üç) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 01 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın ½ hissəsi, yəni 150 (bir yüz əlli) manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli və iş üzrə 01 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyərinin qalan ½ hissəsi, yəni 150 (bir yüz əlli) manat pul vəsaiti İddiaçı aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 11127 (on bir min yüz iyirmi yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" ASC-dən hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (bir yüz iyirmi üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə 01 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın ½ hissəsi, yəni 150 (bir yüz əlli) manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə 01 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyərinin qalan ½ hissəsi, yəni 150 (bir yüz əlli) manat pul vəsaiti iddiaçı Tağıyev Tağı Vaqif oğluna aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3777/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3777/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver