Məhkəmə qərarları › İş №e-2(004)-380/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-380/2025

21.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-380/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 ASC və "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolun, ipoteka predmetinin əldə olunması barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun, ipoteka predmetinin əldə olunması barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə tələbi dəqiqləşdirmiş, Cavabdeh1 ASC və "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-301/2019 saylı qətnaməsinə əsasən İddiaçı və X2 "xxxx" İKB ASC-nin xeyrinə 17.707,93 ABŞ dollari əsas, 13.076,43,41 ABŞ dollari faiz və 668.29 ABŞ dollari cərimə borcu, illik 5% faizlə hesablanmış 83.5 ABŞ dolları məbləğində zərər olmaqla, cəmi 31536.15 (otuz bir min beş yüz otuz altı dollar, on beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikasi Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manati ilə) məbləğində kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma haqqinda bildirişin qeydiyyatı üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı tutulması, tutmanın cavabdeh İddiaçı qızlna məxsus Baki şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 otaqlı, 52.41 kv.m ümumi sahədən ibarət 55 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, mənzil açıq hərracdan satılması və satışdan əldə edilen vəsait hesabına "xxxx" İKB ASC-nin təmin edilmiş tələbləri ödənilməsi, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra mənzil boşaldılması qət edilmişdir. Daşınmaz Əmlakın Reyesteri Xidmətinə sorğu ilə müraciət etdikdə iddiaçı evin satılmasını bilmişdir. Çünki xx.xx.2022-ci il tarixli sorğuda müəyyən olundu ki, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-301/2019 saylı icra vərəqəsinə Y-07 nömrəli xx.xx.2021-ci il tarixli hərracın nəticələri haqqında yekun protokoluna və hərracın yekunları üzrə əmlakın alıq-satqı barədə müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 55, 6 saylı mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ASC-nin adına qeydiyyatdan keçmişdir. Bunula bağlı hərrac keçirmiş "xxxx" MMC-yə müraciət etmişdir. Məlum olmuşdur ki, iddiaçının xəbəri və iştirakı olmadan hərraclar keçirilmiş, hətta hərracın baş tutmaması qeyd edilmişdir. Səbail rayon məhkəməsinin yuxarıda qeyd edilən 03 sentyabr 2021-ci il tarixli 2(009)- 301/2019 saylı icra sənədi üzrə mənə məxsus ipoteka pedmeti olan əmlak barədə hərracin kecirilməsi Yasamal Rayon İcra şöbəsinin 09 mart 2021-ci il tarixli 07-10 saylı sifarişi əsasında "xxxx"MMC-yə həvalə edilmişdir. 07 aprel 2021-ci il və 21 aprel 2021-ci il tarixlərdə təkar hərraclar keçirilmişdir. Hər iki hərrac barədə mülkiyyətçi olaraq iddiaçıya məlumat verilməmişdir. İddiaçı hesabdan çıxarış əldə etmiş, orada borcunun olmaması göstərilmişdir. Keçirilmiş hərrac barədə iddiaçıya məlumat verilməmiş, ünvanına bildiriş göndərilməmiş, hərracda iştirak etmək hüququ məhdudlaşdırılmışdır. İlk hərrac keçirilərkən və eyni zamanda ilk hərrac baş tutmadıqdan sonra keçirilmiş ikinci hərrac barədə məlumat verilməmişdir. Sadəcə olaraq bankla hərracın birgə əməkdaşlığı nəticə vermiş, gizli hərrac keçirilməklə formal olaraq protokollar tərtib edərək sonda dəyərindən qat-qat ucuz qiymətə banka təhvil verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cababdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı xx.xx.2022-ci il tarixli qeydiyyata əsasən Cavabdeh1 ASC-nin mülkiyyətindədir. Mülkiyyət hüququnun əldə edilmə əsası hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi çıxış edir. İş materiallarına Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli mənzilin hərracda satılması barədə sifarişi əlavə edilmişdir. İş materiallarında olan Market reklam və elanlar qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında yerləşdirilmiş məlumata əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına dair ilkin hərracın xx.xx.2021-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına dair ilkin hərracın xx.xx.2021-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 70.000 manat həddində qiymətləndirilmişdir. İş materiallarına ilkin hərracın baş tutmaması barədə xx.xx.2021-ci il tarixli 08 nömrəli protokol əlavə edilmişdir. İş materiallarında olan Market reklam və elanlar qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında yerləşdirilmiş məlumata əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına dair təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 41 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına dair təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. İş materiallarında olan Hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı 46625 manat dəyərində Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Y-07 nömrəli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı 46625 manat dəyərində Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. Yuxarıda qeyd olunan bildirişlərin İddiaçı göndərilməsini təsdiq edən müvafiq məktublar və poçt qəbzləri iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, icra orqanı icra sənədindən borclu tərəfindən məhkəməyə iddia verildiyi əsası ilə hərracın dayandırılmasını hərrac təşkilatından xahiş etmişdir. Həmin məktub xx.xx.2021-ci il tarixdə 82 nömrəsi ilə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. MM-in 414.3-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. MM-in 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. MM-in 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-in 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Mübahisə predmeti üzrə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə 2 (iki) dəfə hərrac keçirilmiş, lakin, iştirakçının olmaması əsası ilə hərraclar baş tutmamışdır. xx.xx.2021-ci il tarixdə hərracın yekunları barədə Y-07 nömrəli protokol imzalanmışdır. Hərrac predmeti olan mənzil xx.xx.2021-ci il tarixdə ipoteka saxlayan Cavabdeh1 ASC-nin mülkiyyətinə keçmişdir. Təyin edilmiş hərrac proseslərinə dair bildirişlər İddiaçı və digər maraqlı şəxslərə poçtla göndərilmiş, proseslər barədə məlumatlar ixtisaslaşdırılmış kütləvi informasiya vasitəsi olan Market qəzetində açıq məlumatlar yerləşdirilmişdir. Hazırki informasiya dövrünün tələbləri nəzərə alınmaqla müvafiq məlumatların (bildiriş) informasiya mənbələrində yerləşdirilməsi daha effektiv, qanuni olmaqla həm də tutarlıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı hərracın gedişatı barədə lazımi qaydada məlumatlandırılmışdır. Texniki baxımdan müvafiq bildirişlər İddiaçı tərəfindən əldə olunmasa belə, göstərilən xüsusatlar hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsi və subyektlərin lazımi qaydada məlumatlandırılmasıdır. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur. İpoteka predmetinə dair hərracın keçirilməsinə əsas borclu tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi çıxış etmişdir. Məhkəmə qətnamələrinə əsasən müəyyən edilir ki, həmin məhkəmə mübahisələri üzrə cavabdeh İddiaçı məhkəmə iclaslarında iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən müəyyən edilir ki, mübahisə üzrə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Müəyyən edilmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. Bildiriş ipoteka qoyana – onun qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanına göndərilmişdir. Məhkəmə nəzərə alır ki, hərracın keçirilməsi barədə Market qəzetində yerləşdirilmiş məlumatlar (elan) ümumi oferta xarakteri daşıyır. Hazırki mübahisə üzrə diqqət edilməli xüsusi hal Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubudur. Həmin məktuba əsasən icra orqanı icra sənədindən borclu tərəfindən məhkəməyə iddia verildiyi əsası ilə hərracın dayandırılmasını hərrac təşkilatından xahiş etmişdir. Həmin məktub xx.xx.2021-ci il tarixdə 82 nömrəsi ilə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Deməli, məktub hərracın yekunlarından 8 gün əvvəl hərrac təşkilatına göndərilsə də, hərrac təşkilatı tərəfindən hərracın yekunları barədə protokol imzalandıqdan və mənzil ipoteka saxlayanın mülkiyyətinə keçdikdən 4 gün sonra qəbul edilmişdir (çatdırılmışdır). Bu hal, hərracın yekunlarının nəticələrinin etibarsız hesab edilməsi üçün həm formal baxımdan, həm də mahiyyəti üzrə əsas kimi çıxış edə bilməz. Formal baxımdan həmin məktub göndərilmə tarixindən asılı olmayaraq hərrac yekunlaşdıqdan sonra hərrac təşkilatına daxil olmuşdur. Mahiyyəti üzrə isə borclu müqavilə öhdəliklərini icra etməmiş, məcburi icra hərəkətlərindən məlumatlı olmuş, ipoteka müqaviləsi üzrə tələb ipoteka predmetinə yönəldilməklə mənzil hərracda ipoteka saxlayanın mülkiyyətinə keçmiş və nəticədə, kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmişdir. Cavabdeh "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi hazırki mülki iş üzrə əsl olmayan cavabdehdir. Belə ki, hazırki iddia tələbi üzrə həmin orqan cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçün şəxs kimi iştirak etməli idi. Məhkəmə qeyd edir ki, mülki dövriyyəsinin sabitliyinin qorunması, mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraqlarının təmin olunması, qanunçuluq, hüquqi müəyyənlik prinsipləri nəzərə alınmaqla ipoteka saxlayanın üstün hüquqları təmin olunmalı, mülki dövriyyənin iştirakçılarının hüquqi intizamı, qanuna itaəti möhkəmləndirilməlidir. Hüquqdan sui-istifadə yolverilməzdir. Mülki münasibətlərin subyektləri öhdəliklərini vicdanla icra etməklə mükəlləfdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki icraatda “formal həqiqətin müəyyən edilməsi” prinsipi əsas götürülərək mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı tərəfindən hərracın yekunlarına dair protokolun etibarsızlığının sübut edilməsi funksiyası əsaslı formada həyata keçirilməmişdir. İddiaçının qeyd etdiyi dəlillər isə şəxsi mülahizələrə əsaslanır, sübuta yetirilmir və hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etməyə əsas deyildir. Tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlar və materiallara məcmunu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 ASC və "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolun, ipoteka predmetinin əldə olunması barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar