Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3817/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı “Dossodossi” Tekstil, Sanayi, Turizm və Orqanizasyon” Anonim Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Anonim Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Anonim Şirkəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim Şirkəti”-nin xeyrinə 8144 (səkkiz min yüz qırx dörd) ABŞ dolları əsas borc və 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 8744 dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 146 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə D/AZ-№ 09 saylı,17 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən ona 11148 ABŞ dolları məbləğində 83664 saylı spesifikasiyada göstərilən mallar göndərilmişdir. Cavabdeh ilkin olaraq 3000 ABŞ dolları avans olaraq ödəmişdir. Yerdə qalan 8148 ABŞ dolları qalıq məbləğdəncavabdeh tərəfindən bu günədək ödənilməmişdir. 83664 saylı spesifikasiyaya uyğun mallar vaxtında Cavabdeh göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 31 mart 2023-cü il tarixədək bütün qalıq borclarını ödəməli olduğu halda bundan yayınmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən malların göndərildiyi son tarixdən 45 gün ərzində, yəni xx.xx.2023cü tarixədək bütün ödənişlər ödənilməliydi. Cavabdeh malları almağına baxmayaraq 8148 ABŞ dolları borcunu bugünədək ödəməmişdir. Müqaviləyə əsasən Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməkdən yayınır. Bu haqda Cavabdeh dəfələrlə zəng olunsa da, şifahi bildirilsə də buna məhəl qoymamışdır. Əlavə razılaşma bağlanılması və hər ay ödənişlər etməsi barədə danışıqlar nəticə verməmişdir. Onun yalan danışdığı və ödənişdən yayınmaq məqsədilə müxtəlif bəhanələr gətirməklə 24 fevral 2024cü il tarixdə ona pretenziya məktubu göndərilsədə bu günədək yalan vədlər verərək bu müddətin uzanmasına səbəb olmuşdur. Tərəflər arasında 26 mart 2024-cü il tarixli, D/Az- 26/03 nömrəli üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 8144 ABŞ dolları borclu olduğu bir daha öz təsdiqini tapır. Tərəflər arasında imzalanan 26 mart 2024-cü il tarixli, D/Az-26/03 nömrəli üzləşdirmə aktına əsasən 83664 saylı spesifikasiyadakı göstərilən 12772 ABŞ dolları məbləğində mallar faktiki olaraq 11148 ABŞ dolları məbləgində lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartlara uyğun şəkildə cavabdehə təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Cavabdehə 20 fevral 2024-cü il tarixli pretenziya məktubu poçt vasitəsilə sifarişli, xəbərnaməli təqdim edilməklə göndərilmişdir və qəbul edilmişdir Cavabdeh borcunu ödəməkdən yayınır və müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmir. Cavabdehə 20 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək borcunu ödəmir və buna cəhd belə etmir. Əksinə müxtəlif bəhanələr gətirir. Ödənişlər bu günədək yerinə yetirilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Dossodossi” Tekstil, Sanayi, Turizm və Orqanizasyon” Anonim Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: "xxxx" Anonim Şirkəti ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2022-ci il tarixli D/AZ 09 saylı müqavilədən görünür ki, alıcı sərgidə nümayiş olunan mallardan istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, satıcı isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür. "xxxx" Anonim Şirkəti tərəfindən verilən Şirkətin rəhbəri və alıcı tərəfindən imzalanan 26 mart 2024-cü il tarixli 21/02 D/AZ nömrəli üzləşdirmə aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən ilkin 3000 ABŞ Dolları avans ödənişi və 83664 saylı spesifikasiyadakı göstərilən 12772 ABŞ Dolları məbləğində mallar faktiki olaraq 11148 ABŞ Dolları məbləğində lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan keyfiyyət göstəriciləri satndartlara uyğun şəkildə alıcıya təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Alıcı tərəfindən 3000 ABŞ Dolları ödənilmişdir. Alıcı Cavabdeh "xxxx" Anonim Şirkətinə olan qalıq borcu 8144 ABŞ Dolları təşkil edir. "xxxx" Anonim Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh gecikmiş məbləğin ödənilməsi xahiş edilmişdir. Bu əsasla, məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli **********92 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 146 (bir yüz qırx altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.[292] 627.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmişdir və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir. Tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 17 dekabr 2022-ci il tarixli D/AZ 09 saylı müqavilə olmuşdur. Müqavilə üzrə 83664 sayı spesifikasiyada göstərilən mallar cavabdeh tərəfindən təhvil alınsa da, onların müqavilə üzrə müəyyən edilmiş dəyəri müqavilədə göstərilən müddət bitməsinə baxmayaraq ödənilməmişdir. Yəni tərəflərdən iddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh tərəf öhdəliyini vaxtında icra etməmişdir. Beləliklə, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə üzrə nəzərdə tutulan məbləği iddiaçıya ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 146 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8144 (səkkiz min yüz qırx dörd) ABŞ dolları əsas borc və 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 8744 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta üzrə Azərbaycan manatı ilə tutularaq, iddiaçı "xxxx" Anonim Şirkətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8144 (səkkiz min yüz qix dörd) ABŞ dolları əsas borc və 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 8744 ABŞ dolları məbləğində pul ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta üzrə Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 146 manat tutularaq, iddiaçı "xxxx" Anonim Şirkətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3817/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3817/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver