Məhkəmə qərarları › İş №e-2(004)-382/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-382/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-382/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 333 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmiş, mülki iş məhkəmənin öz təşəbbüsü ilə iddia icraatına keçirilmişdir. Tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarına İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əlavə edilmişdir. İş materiallarına müqavilə üzrə ödəniş qaydasına dair əlavə edilmiş bildirişə əsasən müəyyən edilir ki, öhdəlik Cavabdeh tərəfindən "xxxx" QSC qarşısında icra olunmalıdır (nağdsız formada ödəniş qaydasına dair izah verilmişdir). İş materiallarına İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Faktorinq müqaviləsi əlavə edilmişdir. Həmin müqaviləyə (8-ci qrafa) əsasən müəyyən edilir ki, müqavilə öhdəlikləri üzrə (nisyə alqı-satqı) İddiaçı Cavabdeh qarşı tələb hüququ Faktor "xxxx" QSC-yə keçmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Cavabdeh qarşı tələblə bağlı iddiaçının iddia tələbi barədə subyektiv hüququ mövcud deyildir. Belə ki, müəyyən olunur ki, öhdəlik münasibətləri kreditor İddiaçı tərəfindən faktor "xxxx" QSC-yə güzəşt edilmişdir. Eyni məzmunlu iddia tələbləri məhkəmələrin icraatında çoxluq təşkil edir (xüsusən "xxxx" QSC-nin iddiaları). Belə ki, həmin iddialar üzrə müvafiq iddia ərizəsi ilə iddiaçı qismində Faktor borcluya qarşı məhkəməyə müraciət edirlər. Çünki, həmin iddialar üzrə kreditorun tələbi faktor tərəfindən icra edildiyindən artıq tələb hüququ kreditorda deyil, faktorda olur, yəni, faktora keçir. İddiaçı eyni iddia ərizəsi ilə əvvəllər də 2 (iki) dəfə məhkəməyə sadələşdirilmiş icraat qaydasında müraciət etmiş (2(004)-3992/2023), tələb məhkəmə tərəfindən iddia icraatına keçirilmiş, mülki işlər üzrə iddia tələbinin aydın olmaması və tərəflərin də məhkəmə iclaslarında iştirak etməməsi əsası ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Hazırki mülki iş üzrə də iddiaçının iddia ərizəsi anlaşılmaz formada, qeyrimüəyyən tərtib edilmişdir. İddia ərizəsində qeyd edilmiş cümlələr morfoloji baxımdan qeyri-müəyyəndir. Məhkəmə iddiaçının tələbinin hüquqi və ya faktiki əsaslarını anlamır. Göstərilən xüsusatları aydınlaşdırmaq üçün məhkəmə aparatı əməkdaşları tərəfindən iddiaçıya bir neçə dəfə zəng edilmiş, həmçinin iddiaçıya məktublar müraciət edilərək məhkəmə iclasında iştirak etməsinin, sərəncamında olan sübutların məhkəməyə təqdim edilməsinin zəruriliyi onun diqqətinə çatdırılmasına cəhdlər edilmişdir. Lakin, müsbət nəticə əldə edilməmişdir. Əgər iddiaçı məhkəməyə gələrək iddia tələbini məhkəməyə sözlərlə izah etsəydi, bəlkə mübahisəyə başqa kontekstdən yanaşmaq olardı. Odur ki, məhkəmə hazırda iddianın baxılmamış saxlamaq əvəzinə mahiyyəti üzrə baxaraq yekun qərar qəbul etməyi məqsədə müvafiq hesab edir. İddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar