Məhkəmə qərarları › İş №e-2(004)-3844/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3844/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3844/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən. Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 30 aprel 2019-cu il, 17 may 2019-cu il, 27 may 2019-cu il və 31 may 2019-cu il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 30 aprel 2019-cu il tarixli Y20K5703879 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 505 (beş yüz beş) manat olan 1 ədəd “Apple” markalı mobil qulaqlıq almış, ilkin ödəniş olaraq 25 (iyirmi beş) manat ödəniş etmiş, nəticədə 480 (dörd yüz səksən) manat borc yaranmış, 17 may 2019-cu il tarixli Y20K5740014 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2260 (iki min iki yüz altmış) manat olan 1 ədəd “Huawei” markalı telefon almış, ilkin ödəniş olaraq 100 (bir yüz) manat ödəniş etmiş, nəticədə 2160 (iki min yüz altmış) manat borc yaranmış, 27 may 2019-cu il tarixli Y20K5740104 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1806 (bir min səkkiz yüz altı) manat olan 1 ədəd “Apple” markalı ağıllı saat, 1 ədəd “Apple” markalı airpods almış, ilkin ödəniş olaraq 30 (otuz) manat ödəniş etmiş, nəticədə 1776 (bir min yeddi yüz yetmiş altı) manat borc yaranmış və 31 may 2019-cu il tarixli Y20K5740142 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1324 (bir min üç yüz iyirmi dörd) manat olan 1 ədəd “Apple” markalı ağıllı saat almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 1284 (bir min iki yüz səksən dörd) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 30 aprel 2019-cu il tarixli Y20K5703879 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 116 (bir yüz on altı) manat ödəniş edilmiş, 17 may 2019-cu il tarixli Y20K5740014 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 120 (bir yüz iyirmi) manat ödəniş edilmiş, 27 may 2019-cu il tarixli Y20K5740104 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 148 (bir yüz qırx səkkiz) manat ödəniş edilmiş və 31 may 2019-cu il tarixli Y20K5740142 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 105 (bir yüz beş) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyi yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti Y20K5703879 saylı müqavilə üzrə ümumi 505 (beş yüz beş) manat olan 1 ədəd “Apple” markalı mobil qulaqlıq üçün ümumilikdə 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat dəbbə pulu, alqı-satqı qiyməti Y20K57400İ4 saylı müqavilə üzrə ümumi 2260 (iki min iki yüz altmış) manat olan 1 ədəd “Huawei” markalı telefon üçün ümumilikdə 1800 (bir min səkkiz yüz) manat ödənilməmiş hissə, 540 (beş yüz qırx) manat dəbbə pulu yaranmış, alqı-satqı qiyməti Y20K5740104 saylı müqavilə üzrə ümumi 1806 (bir min səkkiz yüz altı) manat olan 1 ədəd “Apple” markalı ağıllı saat, 1 ədəd “Apple” markalı airpods üçün ümumilikdə 1480 (bir min dörd yüz səksən) manat ödənilməmiş hissə, 444 (dörd yüz qırx dörd) manat dəbbə pulu və alqı-satqı qiyməti Y20K5740142 saylı müqavilə üzrə ümumi 1324 (bir min üç yüz iyirmi dörd) manat olan 1 ədəd “Apple” markalı ağıllı saat üçün ümumilikdə 1070 (bir min yetmiş) manat ödənilməmiş hissə, 321 (üç yüz iyirmi bir) manat dəbbə pulu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı xeyrinə Y20K5703879 saylı müqavilə üzrə 244 (iki yüz qırx dörd) manat əsas borc, 73 (yetmiş üç) manat dəbbə pulu, Y20K5740014 saylı müqavilə üzrə 1800 (bir min səkkiz yüz) manat əsas borc, 540 (beş yüz qırx) manat dəbbə pulu. Y20K5740104 saylı müqavilə üzrə 1480 (bir min dörd yüz səksən) manat əsas borc, 444 (dörd yüz qırx dörd) manat dəbbə pulu, Y20K5740142 saylı müqavilə üzrə 1070 (bir min yetmiş) manat əsas borc, 321 (üç yüz iyirmi bir) manat dəbbə pulu və 80 (səksən) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 6052 (altı min əlli iki) manatın tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin əvvəlki məhkəmə iclasında iştirak edərək ərizə təqdim etmiş, iddia tələbini qismən etiraf etdiyini, hazırda borcunu bir dəfəyə ödəmək iqtidarında olmadığını bildirmiş və məhkəmədən dəbbə borcunun silinərək əsas borcun hissə-hissə ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 505 manat olan Apple qulaqcığı nisyə satmış, alıcı həmin məbləği hər ay 40 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 25 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 2260 manata Huavei markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 120 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 100 manat) ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1806 manata Apple markalı ağıllı saatı və qulaqlığı nisyə satmış, alıcı həmin məbləği hər ay 148 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 30 manat) ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1324 manata Apple markalı ağıllı saatı nisyə satmış, alıcı həmin məbləği hər ay 107 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 40 manat) ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Y20K5703879 saylı; xx.xx.2019-cu il tarixli, Y20K5740014 saylı; xx.xx.2019-cu il tarixli, Y20K5740104 saylı və xx.xx.2019-cu il tarixli, Y20K5740142 saylı müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissəhissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh İddiaçı-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Y20K5703879 saylı; xx.xx.2019-cu il tarixli, Y20K5740014 saylı; xx.xx.2019-cu il tarixli, Y20K5740104 saylı və xx.xx.2019-cu il tarixli, Y20K5740142 saylı müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış xx.xx.2019-cu il tarixli, Y20K5703879 saylı müqavilə üzrə 73 manat; xx.xx.2019-cu il tarixli, Y20K5740014 saylı müqavilə üzrə 540 manat; xx.xx.2019-cu il tarixli, Y20K5740104 saylı müqavilə üzrə 444 manat; xx.xx.2019-cu il tarixli, Y20K5740142 saylı müqavilə üzrə 321 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2019-cu il tarixli, Y20K5703879 saylı müqavilə üzrə 20 manat; xx.xx.2019-cu il tarixli, Y20K5740014 saylı müqavilə üzrə 150 manat; xx.xx.2019-cu il tarixli, Y20K5740104 saylı müqavilə üzrə 140 manat; xx.xx.2019cu il tarixli, Y20K5740142 saylı müqavilə üzrə 100 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli, Y20K5703879 saylı müqavilə üzrə 244 (iki yüz qırx dörd) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli, Y20K5740014 saylı müqavilə üzrə 1800 (bir min səkkiz yüz) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli, Y20K5740104 saylı müqavilə üzrə 1480 (bir min dörd yüz səksən) manat əsas borc, 140 (bir yüz qırx) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli, Y20K5740142 saylı müqavilə üzrə 1070 (bir min yetmiş) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu tutulmalıdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu 15.2 %, yəni 12 (on iki) manat 16 (on altı) qəpiyi iddiaçıya aid edilsin, qalan 84.8 %, yəni 67 (altmış yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli, Y20K5703879 saylı müqavilə üzrə 244 (iki yüz qırx dörd) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli, Y20K5740014 saylı müqavilə üzrə 1800 (bir min səkkiz yüz) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli, Y20K5740104 saylı müqavilə üzrə 1480 (bir min dörd yüz səksən) manat əsas borc, 140 (bir yüz qırx) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli, Y20K5740142 saylı müqavilə üzrə 1070 (bir min yetmiş) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu tutulsun. İş üzrə ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu 15.2 %, yəni 12 (on iki) manat 16 (on altı) qəpiyi iddiaçıya aid edilsin, qalan 84.8 %, yəni 67 (altmış yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar