Məhkəmə qərarları › İş №e-2(004)-3857/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3857/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3857/2024 20.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı MMC–nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehden xx.xx.2020-ci il tarixli, JMB-8.800.001694 saylı müqavilə üzrə 1500 manat (bir min beş yüz) manat əsas borcun və icranı gecikdirdiyinə görə 5 faiz olmaqla, 2 il üçün 225 manat, habelə 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1776 manat (bir min yeddi yüz yetmiş altı) manat vəsaitin, həmçinin ödənilmiş 37.80 manat (otuz) dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, JMB-8.800.001694 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3404.70 manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq ödəniş etməmiş, ümumilikdə 3404.70 manat pulu 12 ay müddətində, hər ay 283.73 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı müddətdən borcdan 1904.70 manat ödəsə də, qalıq borcu 1500 manat təşkil edir. Borcun ödənilməsini təmin etmək məqsədilə borcklu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, 26 may 2023-cü il tarixli 33 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Qeyd olunur ki, müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləği bu Müqavilənin tərkib hissəsi olan 1 nömrəli Əlavədə müəyyən edilmiş müddətdə satıcıya ödəməlidir. Müqaviənin 4.3.3-cü bəndinə əsasən alıcı əmlakın dəyərini vaxtı-vaxtında ödəməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflərdən biri bu müqaviə ilə üzrəinə düşən öhdəlikləri və qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı ödənişləri gecikdirdikdə, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3 faizi miqdarında cərimə ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «sökülüb» qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, JMB-8.800.001694 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında ümumilikdə dəyəri 3404.70 manat təşkil edən məişət avadanlıqlarının alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən, JMB-8.800.001694 nömrəli müqavilə üzrə 29 sayda məişət avadanlıqları mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarındakı sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın müqavilə üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində cərimənin müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 manat əsas borc, müqavilə üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 225 manat və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 1745 manat məbləğində borc və ödənilmiş 37,80 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 manat (bir min beş yüz) manat əsas borc, müqavilə üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 225 (iki yüz iyirmi beş) manat və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1745 manat (bir min yeddi yüz qırx beş) manat pul vəsaiti və ödənilmiş 37,80 manat (otuz yeddi manat səksən qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar