Məhkəmə qərarları › İş №e-2(004)-3919/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3919/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3919/2023 26.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2021-ci il tarixli 1 nömrəli distribyutor müqaviləsi üzrə yaranmış və xx.xx.2022-ci il tarixli üzləşmə aktında göstərilən 25.149,06 manat borc və ödənilmiş 165,44 manat dövlət rüsumu olmaqla, cəmi 25.314,50 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı MMC ilə cavabdeh X6 ilə xx.xx.2021-ci il tarixdə 1 nömrəli distribyutor müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən İddiaçı MMC xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi müvafiq partiya üzrə qəhvəbişirən aparatları və digər əşyaları satış məqsədilə cavabdeh X5 vermişdir. Cavabdeh isə satmaq üçün aldığı əşyalara görə ümumi 25.149,06 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərəflər arasında yaranmış borcla bağlı üzləşdirilmə aparılmış və xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən X4 xx.xx.2022ci il tarixə yaranmış borcunun 25.149,06 manat təşkil etməsi müəyyən edilmişdir və bunu X6 öz imzası ilə təsdiq etmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh hazırkı vaxta kimi yaranmış borcu ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1 nömrəli distribyutor müqaviləsinə əsasən təchizatçı İddiaçı MMC müqavilənin əlavəsində göstərilən malları sonrakı satış məqsədilə partiyalarla X1na verir. X1 isə belə partiyalarla göndərilən malları sonrakı satış məqsədilə təchizatçı İddiaçı MMCdən qəbul edərək, onların dəyərini müqavilə ilə müəyyənləşdirilmiş şərtlər daxilində təchizatçı İddiaçı MMC-yə ödəyir. Partiyalar üzrə təqdim edilən malların miqdarı, çeşidi və digər xüsusiyyətlər distribyutor tərəfindən təchizatçıya verilən individual sifarişlər əsasında müəyyən edilir. Distribyuter hər bir partiya üçün ödənişləri müvafiq partiya üyzrə mallar təchizatçı tərəfindən ona təhvil verildikdən sonra qarşılıqlı şəkildə razılaşdırılmış müddət 10 gün ərzində həyata keçirərək bitirməlidir. Qiymətlərin razılaşma protokollarından görünür ki, satıcı İddiaçı MMC alıcı X5 xx.xx.2021-ci il tarixdə 1.250 manat dəyərində 1 ədəd delonghi ecam 370.95.T markalı qəhvəbişirəni; xx.xx.2021ci il tarixdə 1.380 manat dəyərində 1 ədəd delonghi etam 29.660.SB markalı qəhvəbişirəni; xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 13.170 manat olan 3 ədəd pilips EP3241/50 markalı qəhvəbişirəni, 4 ədəd delonghi etam 29.660.SB markalı qəhvəbişirəni, 3 ədəd delonghi ecam 370.95.T markalı qəhvəbişirəni; xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 2.500 manat olan 2 ədəd delonghi ecam 370.95.T markalı qəhvəbişirəni; xx.xx.2021-ci il tarixdə dəyəri 1.500 manat olan 1 ədəd delonghi ecam 370.95.T markalı qəhvəbişirəni; xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 2.469,01 manat olan 1 ədəd delonghi ecam 370.95.T markalı qəhvəbişirəni və 1 ədəd acer aspile 5 A515- 43-R19L (NX.HG8AA.001); xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 2.880 manat olan 1 ədəd delonghi ecam 370.95.T markalı qəhvəbişirəni və 1 ədəd delonghi etam 29.660.SB markalı qəhvəbişirəni təhvil vermişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, X4 İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 25.149,06 manat ödənilməmiş borcu vardır və X6 bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən müqavilə üzrə yaranmış borc və ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 xx.xx.2021-ci il tarixli 1 nömrəli distribyutor müqaviləsi üzrə yaranmış və xx.xx.2022-ci il tarixli üzləşmə aktında göstərilən 25.149,06 manat borc və ödənilmiş 165,44 manat dövlət rüsumu olmaqla, cəmi 25.314,50 (iyirmi beş min üç yüz on dörd manat əlli qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar