Məhkəmə qərarları › İş №e-2(004)-3936/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3936/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3936/2025 21.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (atası) Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 18 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19570 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19570 saylı zaminlik müqaviləri üzrə ödənilməmiş 798,54 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçıın, məcmu borcun 1% (bir)-i həcmində 200 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 998,54 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 manat pulun müştərək qaydada İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19570 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1320 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1320 ABŞ dolları) «Apple iphone 14 ProMax 256 gb» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh1 ilə xx.xx.2024-ci il tarixdə bağlanmış VİP 19570 saylı nisyə alqısatqı müqaviləsinə tarixində zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 164 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cü il tarixdə 109.76 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 85.06 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 16.34 ABŞ dolları, xx.xx.2025-cu il tarixdə 14.58 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 28.12 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 103.60 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı MMC xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklər, buna görə də məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və mahiyyəti üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, digər cavabdeh qızının tanışı olub. O, qızının etibarından sui-istifadə edib, hazırda isə borcunu ödəmir. Telefonu hazırda digər cavabdeh olan Cavabdeh2 istifadə edir. Qızı sadəcə müqavilə üzrə zamin olub və hazırda işsizdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin Cavabdeh1 aid olan hissədə təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19570 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən ilkin ödəniş 164 (yüz altmış dörd) ABŞ dolları olmaqla 12 ay müddətinə ümumi dəyəri 1320 (min üç yüz iyirmi) ABŞ dolları olan “İphone 14 ProMax 256 gb” markalı mobil telefon Cavabdeh2 nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024cü il tarixli, VİP 19570 saylı zaminlik müqaviləsinə əsasən, öhdəlik satıcı qarşısında tam həcmdə icra edilənədək Cavabdeh1 borclunun müqavilədə nəzərdə tutulmuş öhdəliyi lazımınca icra etmədiyi halda öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx/xx-18924 maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh2 ilə bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19570 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19570 saylı zaminlik müqavilələri üzrə 798,54 (yeddi yüz doxsan səkkiz dollar əlli dörd sent) ABŞ dolları əsas, 200 (iki yüz dollar) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 998,54 (doqquz yüz doxsan səkkiz dollar əlli dörd sent) ABŞ dolları borcu vardır. İş materiallarında olan URAL-İ” MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 799 (yeddi yüz doxsan doqquz) ABŞ dolları borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində faiz (həmin günə aid olan məzənnəyə əsasən) və 30 (otuz) manat məbləğində dövlət rüsumu ilə bir yerdə məbləği 3 (üç) gün müddətində ödənilməsi xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh2 malın nisyə-alğı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı mobil telefon üzrə ödənişlərin dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi borcun Cavabdeh2 və onun həmin müqavilə üzrə öhdəliklərinə zamin durmuş Cavabdeh1 tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş əsas borca nisbətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 30 (otuz) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19570 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19570 saylı zaminlik müqavilələri üzrə 798,54 (yeddi yüz doxsan səkkiz dollar əlli dörd sent) ABŞ dolları əsas borc, 30 (otuz) ABŞ dolları cərimə olmaqla, cəmi 828,54 (səkkiz yüz iyirmi səkkiz dollar əlli dörd sent) ABŞ dolları (ödənişin icra ediləcəyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 37 (otuz yeddi) manatın 31 (otuz bir) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19570 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19570 saylı zaminlik müqavilələri üzrə 798,54 (yeddi yüz doxsan səkkiz dollar əlli dörd sent) ABŞ dolları əsas borc, 30 (otuz) ABŞ dolları cərimə olmaqla, cəmi 828,54 (səkkiz yüz iyirmi səkkiz dollar əlli dörd sent) ABŞ dolları (ödənişin icra ediləcəyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 37 (otuz yeddi) manatın 31 (otuz bir) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar