Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3968/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Smart Segway üçün 366 manat ödənilməmiş hissə, 110,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Paltaryuyan, Hoffman Tozsoran üçün 194 manat ödənilməmiş hissə, 64,6 manat cərimə olmaqla, ümumilikdə 735 manat borc və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə digər cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 00827730 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı Smart Segway məhsulunu Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən Cavabdeh1 ilkin ödəniş də daxil olmaqla 552 manat məbləğində pulu aylıq 23 manat olmaqla 24 ay müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Smart Segway məhsulu Cavabdeh1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, müqavilənin predmetini "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 00827730 №-li müavilənin zamin tərəfindən alıcı ilə birgə təminatıdır. Zamin “Əsas müqavilə” üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə "xxxx" MMC qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 00531733 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı Samsung Paltaryuyan, Hoffman Tozsoranı Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür. xx.xx.2019cu il tarixli, 00531733 №-li müqaviləyə əlavəyə əsasən, Cavabdeh1 ilkin ödəniş də daxil olmaqla 978 manat məbləğində pulu aylıq 54 manat olmaqla 18 ay müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən, Samsung Paltaryuyan, Hoffman Tozsoran Cavabdeh1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 00531733 №-li zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bu müqavilənin predmeti "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 00531733 №-li müqavilənin zamin tərəfindən alıcı ilə birgə icrasının təminatıdır. Zamin “Əsas müqavilə” üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə "xxxx" MMC qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdehlərə ünvanladığı xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlara əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqavilə üzrə 366 manat əsas, 110,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 194 manat əsas, 64,6 manat cərimə borcu olmaqla, cəmi 735 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Smart Segway üçün 366 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Paltaryuyan və Hoffman Tozsoran üçün 194 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, cəmi 610 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəlikərini yerinə yetirmiş, lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi qismən yerinə yetirərək borcunu tam ödəməmiş, zamin Cavabdeh2 borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından azaldılmalı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəlllənin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Smart Segway üçün 366 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən Samsung Paltaryuyan, Hoffman Tozsoran üçün 194 manat ödənilməmiş hissə 20 manat cərimə, cəmi 610 manat borc və 30 manat dövlət rüsumu tutularaq ABC Telecom MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3968/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3968/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver