Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3980/2022 29.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Loft-Genc-Carpayi, Themza-Yataq-Carpayi-Bazali, Matras-Lotus, Doshek Uretan üçün 1126 (min yüz iyirmi altı) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, soyuducu Samsung üçün 945 (doqquz yüz qırx beş) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə olmaqla, ümumilikdə 2277 manat borc, 42.77 manat dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Loft-Genc-Carpayi, Themza-Yataq- Carpayi-Bazali, Matras-Lotus, Doshek Uretan, soyuducu Samsung almış və nəticədə 2277 (iki min iki yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1130 (min yüz otuz) manat (20 ay x 66 manat + 10 manat ilkin ödəniş) olan Loft-Genc-Carpayi, Themza-Yataq-Carpayi-Bazali, Matras-Lotus, Doshek Uretan üçün ümumilikdə, 1238 (min iki yüz otuz səkkiz) manat olmaqla ondan, 1126 (min yüz iyirmi altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 112 (yüz on iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1188 (min yüz səksən səkkiz) manat (18 ay x 66 manat + 0 manat ilkin ödəniş) soyuducu Samsung üçün ümumilikdə, 1039 (min otuz doqquz) manat olmaqla ondan, 945 (doqquz yüz qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94 (doxsan dörd) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 447 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 1130 manat təşkil edən Loft-Genc-Carpayi, Themza-Yataq-Carpayi-Bazali, Matras-Lotus, Doshek Uretan, xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 1188 manat təşkil edən soyuducu Samsung-un alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00923868 nömrəli, xx.xx.2019-cu il tarixli 00741177 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2019-cu il tarixli, 00923868 saylı müqavilə üzrə 112 manat, xx.xx.2019cu il tarixli, 00741177 saylı müqavilə üzrə 94 manat təşkil edir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00923868 nömrəli alqı-satqı müqaviləsi üzrə Loft-Genc-Carpayi, Themza-Yataq-Carpayi-Bazali, Matras-Lotus, Doshek Uretan tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00741177 nömrəli alqı-satqı müqaviləsi üzrə soyuducu Samsung tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 42.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2019-cu il tarixli, 00923868 nömrəli müqavilə üzrə cavabdehə 1126 manat əsas borc, 112 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 00741177 nömrəli müqavilə üzrə cavabdehə 945 manat əsas borc, 94 manat cərimə borcu olmaqla ümumilikdə 2277 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00923868 nömrəli müqavilə üzrə hesablanmış 112 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 50 manat məbləğində müəyyən edilməsini, həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00741177 nömrəli müqavilə üzrə hesablanmış 94 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 40 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00923868 nömrəli müqavilə əsasında əsas borc üzrə 1126 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2019-cu il tarixli, 00741177 nömrəli müqavilə əsasında əsas borc üzrə 945 manat, cərimə borcu üzrə 40 manat, ümumilikdə hər iki müqavilə üzrə 2161 manat borc və dövlət rüsumu kimi ödənilmiş 42.77 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00923868 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1126 (bir min yüz iyirmi altı) manat, cərimə borcu üzrə 50 (əlli) manat; xx.xx.2019-cu il tarixli, 00741177 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 945 (doqquz yüz qırx beş) manat, cərimə borcu üzrə 40 (qırx) manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2161 (iki min yüz altmış bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3980/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3980/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver