Məhkəmə qərarları › İş №e-2(004)-4034/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4034/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4034/2023 28.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 489,16 (dörd yüz səksən doqquz manat on altı qəpik) manat ödənilməmiş hissə, 48,84 (qırx səkkiz manat səksən dörd qəpik) manat cərimə, ümumilikdə 538 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış və nəticədə 538 (beş yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 588,06 (beş yüz səksən səkkiz manat altı qəpik) manat (yəni 18 ay x 32.67 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 538 (beş yüz otuz səkkiz) manat olmaqla ondan 489,16 (dörd yüz səksən doqquz manat on altı qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48,84 (qırx səkkiz manat səksən dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 98,9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, onlara telefonunun işləməməsi barədə dəfələrlə şikayət etmiş, servisdə yeni detallar qoymaq istəmişlər, lakin o razılaşmamışdır. Bildirmişdir ki, iki ay öncə aldığı telefon indidən işləməyibsə, bir ildən sonra necə işləyəcək. O, telefonu geri qaytarmaq istəyib, lakin onlar telefonu götürməyiblər. O, onlardan ödədiyi pulu istəmiş, lakin pulunu da geri qaytarmamışlar. Qeyd olunanlara əsasən, məhkəmədən 2(004)-4034/2023 saylı mülki işin iddia icraatına keçirilməsini və məhkəmə iclaslarının onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4034/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair 2(004)-4034/2023 saylı mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə bir X1 11 markalı telefon saz vəziyyətdə satılmışdır. Buna dair təhvil-təslim tərtib olunmuş və aktı cavabdeh öz imzası ilə təsdiq etmişdir. Cavabdeh altı aydan sonra servisə müraciət edərək bildirmişdir ki, qarşı tərəfin səsi eşidilmir, şəbəkə tutulmur və enerjini yaxşı saxlamır. Onlar həmin telefonu əməkdaşlıq etdikləri servisə göndərmiş və həmin servis rəy vermişdir ki, cihaza rəsmi baxış keçirilmiş, mexaniki təsir (əyrilik) var. Rəsmi zəmanətdən azaddır. Müştəriyə ödənişli xidmət təklif olundu, o isə bundan imtina etdi. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, pulunu ödəyib aldığı təzə telefon iki ay sonra işləməmişdir. O, dəfələrlə servisə və telefonu aldığı dükana müraciət etmişdir ki, onun pulunu geri qaytarsınlar və satdıqları xarab telefonu geri götürsünlər. Servisdə ona bildirmişdilər ki, telefonun detalları dəyişilməlidir. O, da onlara bildirmişdir ki, iki ay işləməyən telefonun detallarının dəyişdirilməsini istəmir. Bildirmişdir ki, egər servisdə telefonunu dəyişsələr, o, borcunu hissə-hissə ödəməyə razıdır. Göstərilənlərə əsasən məhkəmədən qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 588,06 manata İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon nisyə satmış, alıcı həmin məbləği hər ay 32,67 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilə üzrə cəmi ödədiyi məbləğ 98,90 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı məişət avadanlığı müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Məhkəmə iddiaya etirazın əsası kimi cavabdehin istinad etdiyi hallara münasibət bildirərək qeyd edir ki, Cavabdeh iki aydan sonra İMEİ kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefonun xarab olduğunu qeyd etsə də, iş materiallarından görsənir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və sırf altı aydan sonra cavabdeh telefonda olan problemlə iddiaçıya müraciət etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, telefon cavabdehə təhvil verilərkən xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktında qeyd olunmuşdur ki, telefon Cavabdeh qüsursuz şəkildə təhvil verilmiş və o, bunu öz imzası ilə təsdiq etmişdir. Lakin telefonda olan problemlərlə bağlı müvafiq servisə müraciət olunmuş və tərtib olunmuş xx.xx.2023cü il tarixli texniki vəziyyət barədə aktdan görünür ki, telefonun üzərində fiziki təsirlər və əyriliklər müşaiyət olunduğundan, iddiaçı tərəf bunun rəsmi zəmanətdən çıxdığını bildirərək, öz hesabına düzəltdirilməsini təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə bu qənaetə gələrkən eyni zamanda cavabdeh tərəfindən bu günə qədər hazırki alqı-satqı müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməməsini də nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 489,16 (dörd yüz səksən doqquz manat on altı qəpik) manat ödənilməmiş hissə, 48,84 (qırx səkkiz manat səksən dörd qəpik) manat cərimə, cəmi 538 (beş yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********21860 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 489,16 (dörd yüz səksən doqquz manat 16 qəpik) manat əsas borc, 48,84 (qırx səkkiz manat 84 qəpik) manat cərimə borcu olmaqla, cəmi 538 (beş yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar