Məhkəmə qərarları › İş №e-2(004)-4111/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4111/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4111/2025 28.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: alqı-satqı müqavilələri) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti, Samsung 15w Charger Type-C, imei kodu **********43248 Samsung Galaxy A06 markalı telefon üçün 388.08 (üç yüz səksən səkkiz manat,08 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 38.81 (otuz səkkiz manat, 81qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti, imei kodu **********65706 Honor X6b markalı telefon üçün, 248.02 (iki yüz qırx səkkiz manat, 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 24.80 (iyirmi dörd manat, 80 qəpik)manat cərimə, ümumilikdə 746.91 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti, Samsung 15w Charger Type-C, imei kodu **********43248 Samsung Galaxy A06 markalı telefon, paket M xidməti, qızıl zəmanət ultra1 il xidməti, imei kodu **********65706 Honor X6b markalı telefon almış və nəticədə 746.91 (yeddi yüz qırx altı manat, 91 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 388.08 (üç yüz səksən səkkiz manat,08 qəpik) manat (12 ay x 32.34 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti, Samsung 15w Charger Type-C, imei kodu **********43248 Samsung Galaxy A06 markalı telefon üçün ümumilikdə, 450.49 (dörd yüz əlli manat, 49 qəpik) manat olmaqla ondan, 388.08 (üç yüz səksən səkkiz manat,08 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 38.81 (otuz səkkiz manat, 81qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 375 (üç yüz yetmiş beş) manat (12 ay x 31.25 manat + 0 manat ilkin ödəniş) olan paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti, imei kodu **********65706 Honor X6b markalı telefon üçün ümumilikdə, 296.42 (iki yüz doxsan altı manat, 42 qəpik) manat olmaqla ondan, 248.02 (iki yüz qırx səkkiz manat, 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 24.80 (iyirmi dörd manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 126.98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı və cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.

İİ. Tərəflərin mövqeləri:

3. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini bildirmiş və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18192338 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan aylıq 31,25 manat olmaqla 12 ay müddətinə alqı-satqı qiyməti 374,99 manat olan paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti, imei kodu **********65706 Honor X6b markalı telefon satılmışdır.

7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan aylıq 32,34 manat olmaqla 12 ay müddətinə alqı-satqı qiyməti 388,04 manat olan qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti, Samsung 15w Charger Type-C, imei kodu **********43248 Samsung Galaxy A06 markalı telefon satılmışdır.

8. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

9. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki,iddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış,imei kodu **********43248 Samsung Galaxy A06 markalı telefon və imei kodu **********65706 Honor X6B markalı telefonların açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.60 manat olmaqla,ümumilikdə 47,20 manat pul ödənilmişdir.

10. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

11. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 248,02 manat ödənilməmiş əsas, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 24,80 manat cərimə, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 388,08 manat ödənilməmiş əsas, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 38,81 manat cərimə olmaqla, cəmi 636,1 manat əsas borc, 47,2 manat innovativ layihələr mərkəzi rüsumu, 63,61 manat cərimə, ümumilikdə isə 746,91 manat borcu vardır.

12. Əşyaların təhvil-təslim aktına əsasən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti, imei kodu **********65706 Honor X6b markalı telefon və xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti, Samsung 15w Charger Type-C, imei kodu **********43248 Samsung Galaxy A06 markalı telefon cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır.

13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

19. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqavilələri bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya 388,08 manat və 248,02 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

22. Məhkəmə iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.4-cü bəndi və xx.xx.2024-cü il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. xx.xx.2024-cü il tarixli müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar və xx.xx.2024-cü il tarixli müqavilənin 4.5-ci bəndinə əsasən müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.

23. Göründüyü kimi, iddiaçı tələb etdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 manat rüsumu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

24. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən hesablanmış 38,81 manat və 24,80 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 15 manat və 10 manat müəyyən edilməlidir.

29. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti, imei kodu **********65706 Honor X6b markalı telefon üçün 248,02 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti, Samsung 15w Charger Type-C, imei kodu **********43248 Samsung Galaxy A06 markalı telefon üçün 388,08 manat əsas borc, 15 manat cərimə borcu tutularaq, İddiaçınə ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti, paket M xidməti, “X1-C, İMEİ kodu **********43248 olan “Samsung Galaxy A06” markalı telefon üçün 388,08 manat əsas borc, 15 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********65706 “Honor X6B” markalı telefon üçün 248,02 manat əsas borc, 10 manat cərimə borcu və ödənilmiş 15 manat dövlət rüsumu olmaqla, ümumilikdə 691,1 manat (altı yüz doxsan bir manat on qəpik) məbləğində pul tutularaq, İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar