Məhkəmə qərarları › İş №e-2(004)-4131/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4131/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4131/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 270 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 300 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “ERA Electronics” mağazası adından fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN:**********02) arasında bağlanmış xx.xx.2013-ci il tarixli, 06321 saylı borc müqaviləsinə əsasən cavabdeh 816 manat məbləğində məişət avadanlığını 12 ay müddətinə hər ay üzrə 68 manat ödəmək şərtilə iddiaçıdan əldə etmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə öhdəliyinin icrası ilə bağlı şifahi və bir dəfə rəsmi xədərdarlıq edilməsinə baxmayaraq, o, iddiaçıya borcunu 1 ildən artıq müddətdir ödəmir. Cavabdeh borcundan sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 20 manat ödəniş etmiş və hazırda onun müqavilə üzrə əsas borcu 270 manat təşkil edir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi qaydada çatdırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, o, müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirmiş və hal-hazırda iddiaçıya borcu yoxdur. Sözügedən müqavilə xx.xx.2013-cü il tarixində bağlanmış ve 72 ay müddətində qüvvədə olmuşdur. Bu müddət ərzində iddiaçı tərəfindən ona müqavilə üzrə öhdəliyinin icrasına dair nə xəbərdarlıq, nədə ki, bildiriş göndərilməmişdir. O, müqavilə üzrə öhdəliklərini tam şəkildə və vaxtında icra etdiyi üçün, eləcə də uzun müddət ərzində bununla bağlı aralarında hər hansı bir mübahisə yaranmadığı üçün müvafiq ödəniş çeklərini və s. saxlamaq zərurəti mövcud olmamışdır. Cavabdeh həmçinin MM-nin 373-cü maddəsinə əsasən iddiaçı ilə onun arasında bağlanmış müqavilədən irəli gələn tələb üzrə 3 illik iddia müddəti keçdiyindən ona qarşı verilmiş iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz daxil olduğundan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki işin üzrə iddia icraatına keçilməsi qərara alınmış və hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 15:15-ə təyin edilərək tərəflərin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinetlərinə yerləşdirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq məhkəməyə elektron kabinet vasitəsilə sübutlar (ödəniş çekləri) təqdim edərək cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödənişin xx.xx.2021-ci il tarixdə həyata keçirildiyini, bu əsasla iddia müddətinin axımının kəsildiyini, ona görə də cavabehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında həmçinin bildirdi ki, borc müqaviləsi kimi rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli müqavilə ilə ona məxsus “ERA Electronics” mağazasında cavabdeh nisyə noutbuk almışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə baxışı xx.xx.2022-ci il tarixə saat 09:15-ə təyin edilmişdir. Tərəflərə, o cümlədən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri, eyni zamanda istifadələrində olan mobil telefon nömrələrinə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə SMS bildirişləri göndərilmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclaslarına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının və cavabdehin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan xx.xx.2013-ci il tarixli, 06321 nömrəli borc müqaviləsi kimi rəsmiləşdirilmiş müqavilədən görünür ki, Cavabdeh satıcı “ERA Electronics” mağazasından 816 manat dəyərində “HP Pavilion G6” markalı noutbuk cihazını ilkin ödənişsiz 12 ay müddətinə hər ay 68 manat ödəmək şərti ilə nisyə almışdır. Satıcı “ERA Electronics” mağazası adından müqavilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı tərəfindən imzalanmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2013-ci il tarixli, 06321 nömrəli müqavilə borc müqaviləsi kimi rəsmiləşdirilməsinə baxmayaraq tərəflər arasında yaranmış münasibətlər faktiki olaraq nisyə alqı-satqı müqaviləsindən irəli gələn mülki hüquq münasibətləridir. Bu həm müqavilənin məzmunu, həm də iddiaçının izahatı ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq etirazın göstərilən dəlillərinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh öz etirazında müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməsini və tərəflər arasında mübahisə olmadığından aylıq ödənişlərinə dair sübutlarını, yəni çekləri saxlamadığını iddia etməsinə baxmayaraq, həmin ödənişlərin hansı qaydada həyata keçirilməsi, sonuncu ödənişin nə vaxt verilməsini etirazında göstərməmiş və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən isə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 270 manat borcu qalmışdır. Həmçinin cavabdeh öz etirazında iddiaçının məhkəməyə müraciət etməmişdən öncə ona müqavilə üzrə öhdəliyinin icrasına dair hər hansı bildirişin və ya xəbərdarlığın verilməməsini iddia etməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubu və ona əlavə edilmiş xəbərnamədən müəyyən edilmişdir ki, öhdəliyin icrasına dair bildiriş cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəyə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Belə ki, cavabdehin etirazında müqavilənin müddəti başa çatdığı vaxtdan 3 illik iddia müddəti keçməsi səbəbiylə iddia tələbinin rədd edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 74077 nömrəli E-Manat ödəniş çekindən, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderindən və “ERA Electronics” mağazasının “müştərinin hərəkət raportu” ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh tərəfindən həmin tarixlərdə ayrı-ayrılıqda 20 manat olmaqla ödənişlər həyata keçirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən 3 illik müddət başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən borcunun etiraf edilməsini ifadə edən hərəkətlər edilməklə sonuncu dəfə müqavilədən irəli gələn öhdəliyinin icrası üzrə xx.xx.2021-ci il tarixdə ödəniş həyata keçirildiyindən iddia müddətinin axımı kəsilmiş hesab edilməli və iddia müddəti həmin sonuncu ödəniş tarixindən hesablanmalıdır. Buna görə də, cavabdehin iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsinə dair ərizəsi məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2013-ci il tarixli, 06321 müqavilə 270 manat əsas borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 300 (üç yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 270 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 300 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar