Məhkəmə qərarları › İş №e-2(004)-4135/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4135/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4135/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1.800 manat zərər məbləğinin və ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 12:30 radələrində Abşeron rayonu, Heydər Əliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil, X4 məxsus “Mercedes Benz 190” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. “Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, “Mercedes Benz 190” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.800 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 1800 (min səkkiz yüz) manat sığorta ödənişi X3 etibarnamə üzrə nümayəndəsi X5 hesabına ödənilmişdir. Abşeron DYP-nin YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan göründüyü kimi Zöhrabov X11 Xətalar Məcəlləsinin 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 327.1-ci maddələri ilə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh “Hyundai SantaFe” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək ona qarşı “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə düşdüyü avtomobil qəzasında "xxxx" ASC tərəfindən tələb olunan sənədləri, yəni 2 ədəd etibarnaməni ünvana göndərdikdən sonra ASC tərəfindən heç bir çağırış, irad və s. olmamışdır. O, bununla hesab edir ki, hər şey qaydasında həll olunmuşdur. Aradan 2 il keçdikdən sonra ASC-nin məhkəməyə verməsi onu təəccübləndirmişdir. Sığortanın iddia ərizəsini oxuduqdan sonra anlamışdır ki, onun tərəfindən təqdim edilən etibarnamə ya əsassız olaraq qəbul edilməmiş və ya tərəflərindən itirilmişdir. İddia tələbinə aşağıdakı etirazları vardır: belə ki, sığorta şərtləri düzgün qoyulmayıb, yəni günahkar tərəf zərərçəkmiş tərəfinə xərclərini ödəyir. Hər sığorta şirkəti öz zərərçəkmiş müştərisinin xərclərini ödəməlidir. Aradan keçən 2 il müddətində bir dəfə də olsun ona sığortadan çağırış, irad və s. gəlməmişdir. Zərərçəkmiş tərəfə ödənilən məbləğ ona bildirilməmiş, yəni onun iştirakı olmadan təmir işləri aparılmışdır. Təmir vaxtı dəyişdirilən hissələrin nə özü, nə də onların şəkilləri ona göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4235/2022 saylı qərardadı ilə mülki iş üzrə iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, fakta görə aidiyyəti inzibati orqan tərəfindən araşdırma aparılmış və cavabdeh qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin Məcəllənin 332.1ci maddəsinin məzmunundan müəyyən edilir ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd etmişdir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bundan başqa “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini və subroqasiya qaydasında dəymiş zərərə görə ödənilmiş 1800 manat sığorta ödənişinin və 38 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz ərizəsini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, qeyd olunan nəqliyyat vasitəsi onun övladı X8 məxsusdur. Qızı Aynur tərəfindən isə ona idarə etmək üçün etibarnamə verilmişdir. Etibarnamə xx.xx.2013-cü il tarixdə verilmiş və xx.xx.2039-cu il tarixədək qüvvədə olmuşdur. Lakin etibarnamə yalnız nəqliyyat vasitəsinin idarə edilməsi üçün deyil, bütün daşınar əşyaların idarə edilməsi üçün verilmişdir. Etibarnamə övladı X2 iradə ifadəsi ilə bəyan edilmişdir, o, qeyd olunan etibarnamə əsasında sözügedən nəqliyyat vasitəsini 2013-cü ildən idarə etmiş, bugünədək DYPX-nin əməkdaşları tərəfindən ona heç bir etiraz olmamışdır. Ona görə də nəqliyyat vasitəsini idarə etməyə görə ayrıca etibarnamənin alınmasına zərurət olmamışdır. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli PXA********** icbari sığorta müqaviləsindən görünür ki, X8 məxsus "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə bir şəxs üçün 5.000 manat, sağlamlığa vurulan zərərə bir hadisə üzrə 50.000 manat həcmində sığortalanmışdır. Müqavilənin müddəti isə xx.xx.2021-ci il tarixədək etibarlı olmuşdur. Həmin müqavilədən həmçinin müəyyən edilir ki, sığortalı X9 qeyd edilmişdir. Abşeron RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. PXA69396 nömrəli sığorta aktından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli sığorta hadisəsi zamanı "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus “Mercedes Benz 190” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən Mercedes Benz 190” markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat ziyan dəymişdir. Qeyd olunan sığorta ödənişi "xxxx" ASC tərəfindən üçüncü şəxs X6 ödənilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan və müqavilədən müəyyən edilir ki, sığortalı X9 göstərilmişdir. İş materiallarına əlavə edilmiş 16 aprel 2010-cu il tarixli, Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş ƏN-İ seriyalı 205528 nömrəli etibarnamənin surətindən görünür ki, X10 tərəfindən əmlakının (daşınmaz əmlak istisna edilməklə) idarə edilməsi üzrə X1 verilmişdir. Etibarnamə xx.xx.2039-cu il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş 22 fevral 2013-cü il tarixli, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş ƏN-İ seriyalı 341603 nömrəli etibarnamənin surətindən görünür ki, X10 tərəfindən daşınar əmlakının (daşınmaz əmlak istisna edilməklə) idarə edilməsi üzrə Cavabdeh səlahiyyət verilmişdir. Etibarnamə xx.xx.2039-cu il tarixədək etibarlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332-ci maddəsinin qeyd hissəsinə əsasən Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Həmin Məcəllənin 363.3-cü maddəyə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2-ci maddəsinə görə səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 364.4-cü maddəsinə əsasən etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, X10 tərəfindən ona məxsus "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ƏN-İ seriyalı 341603 nömrəli etibarnamə əsasında idarə edilməsi üçün verilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ƏN-İ seriyalı 341603 nömrəli etibarnamədən göründüyü kimi X10 ona məxsus daşınar əmlakı idarə etməyi Cavabdeh etibar etmişdir. Dolayısı ilə o, öz iradə ifadəsinə əsasən daşınar əşya anlayışına daxil olan nəqliyyat vasitələrini də, o cümlədən ona məxsus olan "Hyundai SantaFe” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili də idarə etməsi üçün cavabdehə etibar etmişdir. Həmçinin müəyyən edilmişdir ki, X10 ona məxsus daşınar əmlakı idarə etməyi Cavabdeh ilə yanaşı sonuncunun qızı X8 da etibar etmişdir. Həmçinin işin faktiki hallarından müəyyən edilir ki, "Hyundai SantaFe” markalı, **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Həmin sığorta müqaviləsində də sığortalı olaraq X9 göstərilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində X4 məxsus “Mercedes Benz 190” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə zərər vurmuşdur. Abşeron RPİ-nin DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan zərəri aradan qaldırmaq üçün "xxxx" ASC zərərçəkmiş şəxsə cəmi 1.800 manat sığorta ödənişi vermişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, sözügedən nəqliyyat vasitəsinin idarə olunmasından ötrü sürücü Cavabdeh səlahiyyəti olduğundan ona ayrıca olaraq idarəetməyə dair etibarnamənin verilməsinə zərurət olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Abşeron RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar yalnız hadisənin olub-olmaması hissəsində məhkəmə üçün preyudisial xarakter daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar