Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4172/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X28 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı 3 saylı Asan Mərkəzinin notariusu Cavabdeh qarşı “mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Bakı 3 saylı Asan Mərkəzinin notariusu Cavabdeh qarşı “mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri 3 saylı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisinin notariusu Cavabdeh tərəfindən təsdiq edilmiş və tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli “mirasın qəbulundan imtina olunması barədə” ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yaşayan xx.xx.1966-cı il təvəllüdlü qardaşı X20 01 aprel 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Qardaşı Abbasın ailəsi olmamış, valideynləri isə xeyli müddət əvvəl ölmüşlər. Onun qanun üzrə vərəsələri onunla birlikdə 7 nəfər bacı-qardaşlardır (X8, X5, X21, X11, X13 və X24). Qardaşı Abbas rəhmətə getdikdən sonra yas mərasimində qardaşları Yolçu və Nuru dedilər ki, qardaşları Abbasdan xeyli miqdarda əmlak, pul miras qalmışdır və ondan qalan bütün əmlakları sağ qalan qardaş-bacılar arasında bərabər şəkildə bölünəcəkdir. Bu məqsədlə də Yolçu ona və digər vərəsələrə dedi ki, mirası qəbul etmək üçün əvvəlcədən gedib notariusda ərizə vermək lazımdır. O və digər vərəsələr də onun sözlərinə inanmış və notariusa gedib ərizə yazmaq barədə razılaşmışlar. Onun qeydiyyatı Tərtər rayonunda olsa da, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində, yuxarıda qeyd olunan ünvanda yaşayır. Qardaşı Abbasın dəfnindən təxminən bir ay sonra qardaşı Yolçu bacıları oğlu Elnuru onun yanına göndərmişdir ki, onu Bakı 3 saylı Asan Xidmət Mərkəzində olan Notariusa aparsın ki, orada mirasın qəbul edilməsi barədə ərizə yazsın. Bacısı oğlu Elnur dayısının tapşırığı ilə onu xx.xx.2022-ci il tarixdə oraya aparmış və orada ona bir ərizəyə imza etdirmişlər. Ərizəni bacısı oğlu Elnur ondan almış və dayısı Yolçuya vermək üçün aparmışdır. O, belə başa düşmüşdür ki, bu ərizə qardaşı Yolçu dediyi kimi hər birinin payı barədə olan ərizədir. Lakin notarius tərəfindən ona izah olunmamışdır ki, bu miras paydan tam imtina barədə ərizədir. O, da gözləmişdir ki, bir müddətdən sonra onlara vərəsəlik haqqında şəhadətnamə veriləcəkdir. Lakin həmin hadisədən təxminən bir ay, ay yarım sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında hiss etmişdir ki, Yolçu ilə Nuru, habelə Zabella onunla və digər bacı-qardaşlarla münasibətlərini kəsmişlər. Belə ki, onlarla qardaşları Abbasdan qalmış miras əmlakın taleyi ilə maraqlandıqda onlara heç bir məlumat vermək istəmirdilər. Bunun səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, qardaşları Yolçu və Nuru onları aldatmışlar, ondan (həm də digər vərəsələrdən) mirasın qəbul edilməsi barədə deyil, mirasdan imtina barədə ərizə (xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi: 14066) almışlar. Əslində o mirasın qəbul edilməsi barədə ərizə vermək istəmişdir. xx.xx.2022-ci il tarixdə yenidən mirasın qəbul edilməsi barədə Abbasın qeydiyyatda olduğu Sahil qəsəbəsində yerləşən 45 saylı Notariat ofisinə ərizə vermək istədikdə məlum oldu ki, artıq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi qardaşı X14 ərizəsi əsasında açılmış və ondan alınmış miras paydan imtina barədə ərizəni, habelə digər vərəsələrdən də aldadılaraq alınmış ərizələri (imtina barədə) də həmin Notariat ofisinə təqdim etmişlər. Onu və digər vərəsələri aldatmaları barədə qardaşlarına dedikdə bildirdilər ki, artıq imtina ərizəsini imzalamısan, onlara heç nə edə bilməz və bütün miras əmlaklar onlara çatacaqdır. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı cavabdeh Bakı 3 saylı Asan Mərkəzinin notariusu Cavabdeh qarşı “mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən tələblərlə bağlı mübahisələrin həlli qaydası mülki qanunvericilikdə konkret olaraq göstərilmişdir. Buna görə də aşağıdakı səbəblərə əsasən hesab edir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onun xx.xx.2022-ci il tarixdə vəfat etmiş qardaşı X9 miras qalmış əmlaklardan ona çatası hissəsindən könüllü şəkildə imtina etmişdir. Bu halda ərizəni verməklə vərəsə, öz hüququndan (mirasın ona çatası hissəsindən) imtinanı bəyan edir. Onun ərizəsini dövlətin adından çıxış edən notariat orqanı təsdiq edir. Bununla da vərəsə özünü ərizəsini geri götürmək imkanından məhrum edir. Bu nəinki fərd barəsində, eləcə də, eyni zamanda vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır. Hesab edir ki, qardaşından miras qalmış əmlakdan qanunvericiliyin tələblərinə müvafiq olaraq könüllü qaydada notariat kontorunda təsdiq olunmuş ərizə vasitəsi ilə digərlərinin xeyrinə imtina etmiş iddiaçı 2 ay müddətdən sonra iradə ifadəsini dəyişərək həmin ərizənin etibarsızlığına dair iddia qaldırması vərəsəlik hüquq normalarının tələblərinə zidd olduğundan əsaslı hesab edilə bilməz. Hazırki halda iddiaçı tərəfindən imzalanmış ərizə birtərəfli əqdlərə aiddir. Həmin əqdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət edir. Birtərəfli iradə ifadəsinin etibarlılığı əqd bağlamış şəxsin ölümündən və ya fəaliyyət qabiliyyətini itirməsi kimi amillərdən asılı ola bilər. Bütün bunları nəzərə alaraq iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında qeyd etmişdir ki, iddiaçı X4 qardaşı X20 01 aprel 2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Hətta ilk vaxtlar heç kimin xəbəri olmayıb, o öləndən bir neçə gün sonra cəsədi tapılmışdır. X12 qanun üzrə vərəsələri iddiaçı ilə birlikdə 7 nəfər bacı və qardaşları (X8, X6, X21, X11, X13, X24) olmuşdur. Çünki valideynləri dünyasını dəyişmişdi və ailəli deyildi. X20 rəhmətə getdikdən sonra yas mərasimində Məmmədov Yolçu və Məmmədov Nuru demişlər ki, Məmmədov Abbasdan xeyli miqdarda əmlak, pul miras qalmışdır və ondan qalan bütün əmlakları sağ qalan qardaş-bacılar arasında bərabər şəkildə bölünəcəkdir. Eyni zamanda, demişlər ki, mirası qəbul etmək üçün əvvəlcə notariusda ərizə vermək lazımdır. Məmmədov Abbasın yasının 40-cı günü çıxmamış Abbasov Yolçu iddiaçının bacısı oğlu Elnuru iddiaçının yanına göndərir ki, mirasın qəbul edilməsi barədə ərizəyə imza çəkmək məqsədilə onu 3 saylı Asan Xidmət Mərkəzinə aparsın. Beləliklə iddiaçı xx.xx.2022-ci il tarixində oraya gedir və ona deyilir ki, imza çəkdiyi ərizə miras payını qəbul etməsi ilə bağlı ərizədir. Ərizənin miras payını qəbul etməsi ilə bağlı ərizə olması barədə söhbət notariusun əməkdaşı ilə iddiaçı arasında olub. İddiaçı miras payını əldə etməsi ilə bağlı sənədə imza atdığını düşünüb, lakin imzaladığı sənəd miras payından imtina ilə bağlı ərizə olmuşdur. İddiaçı ərizəni imzaladıqdan sonra iddiaçının bacısı oğlu Elnur götürüb və dayısı Yolçuya vermək üçün aparıb. İddiaçı qeyd edir ki, təxminən hadisədən təxminən bir ay, ay yarım sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında qardaşları Nuru və Yolçunun onunla və digər bacıqardaşları ilə münasibətdə soyuq olduğunu hiss edirdi. Miras payını almaqla bağlı maraqlandıqda isə iddiaçıya heç bir məlumat vermək istəmirdilər. Bunun səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, Yolçu və Nuru iddiaçını və onun bəzi bacı-qardaşlarını aldatmış, onlardan mirasın qəbul edilməsi barədə deyil, mirasdan imtina barədə ərizə almışlar. Onlar hesab edirlər ki, Sücayət xanımı notariat orqanı aldadıb. Belə ki, notariusun işçiləri xanıma nə ilə bağlı ərizə imzaladığını deməyiblər. İddiaçı ərizəni imzalayan zaman orada qardaşları deyil, bacısı oğlu Elnur olub. Əlavə olaraq iddia tələblərini müdafiə etdiyini və təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, ona demişlər ki, notariusda miras payını qəbul etməklə bağlı ərizəyə imza çəkəcək. Həmin vaxt qardaşları bacısı oğlunu onun yanına göndərir və qovluqda ərizəni də təqdim edir ki, bu ərizəyə imza çəkiləcək. Qardaşlarının imkanı yaxşıdır. Onlara mirasdan payın qəbul edilməsi ilə bağlı ərizə imzalayacaqları deyilsə də, əslində mirasdan imtina ilə bağlı ərizə imzalatdırıblar. Belə ki, onu qardaşları Yolçu və Nuru aldatmışdı. Habelə o, ərizəni notariusda imzaladığı gün ərizə ona verilməmişdir. Ərizəni bacısı oğlu götürüb aparmışdır. Ərizəni onlar sonradan notariusa müraciət etməklə əldə etmişlər. 6 nəfərin imtina edərək mirası 1 nəfərə verməsindən açıq-aydın görünür ki, burada aldadılma var. Eyni zamanda mirasdan imtina edən şəxslər imkansız şəxslərdir. Məmmədov Nurunun isə 50 ha torpaq sahəsi, 10 evi var, eyni zamanda evin kiçik övladı olduğu üçün atasının da bütün əmlakı ona qalıb. Onun böyük qardaşı Ağsaqqallar Şurasının sədridir. Onu qızı saxlayır, heç bir qazancı yoxdur. Necə olur ki, onlar kimi imkansızlar mirasdan imtina edirlər. İzahatına əlavə olaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Onlar hesab edirlər ki, iddia əsassızdır. Notarius işlərin görülməsi zamanı vətəndaşa izah edir ki, nə ilə nəticələnəcək. Belə ki, vətədaşın mirası qəbul etməsi və ya etməməsi öz təşəbbüsü ilə bağlıdır. Notariusun vətəndaşa təsir imkanı və işdə heç bir marağı yoxdur. İmza ilə təsdiq olunmuş ərizənin etibarsızlığına dair iddianın verilməsini əsassız hesab edir. Mirasdan imtina ərizəsindən imtinaya yol verilə bilməz. İddiaçının ərizəsi mirasdan imtina ilə bağlı olub və heç kəs də ona təsir edə bilməz. İddiaçı suala mahiyyəti üzrə cavab vermir. Kiminsə mirasdan imtina edib-etməməsi ilə bağlı notariusun heç bir marağı yoxdur. Belə bir məsələ də var ki, digər vərəsələr də müxtəlif notariuslarda ərizələr veriblər və guya aldadılıblar. Ola bilsin ki, bacı-qardaşlar arasında daha öncədən hansısa razılaşma olub, onlar könüllü şəkildə gəlib ərizə veriblər. Bəlkə də əsl niyyət başqa imiş. Onlar bu məsələlərə dəqiq aydınlıq gətirə bilməzlər. Lakin notarius olaraq hər hansısa bir qanunsuz hərəkətin edilməsi müəyyən olunmamışdır. Ərizədə iddiaçının imzasının olması artıq onun ərizə ilə razılaşmasının sübutudur. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, notarius tərəfindən aldadılıb. Daha sonra məhkəmədə də həmin formada izahatını verir ki, notarius tərəfindən ona izah olunmayıb. İndi isə deyir ki, onu qardaşı aldadıb, deyib ki, paylar bölünəcək. İddiaçı iddia ərizəsində qeyd etdiyi əsaslarını sonradan dəyişir. Məmmədov Nuru nə xanımla hansısa bir danışıqda iştirak edib, nə də onun notariusa aparılmasında iştirak edib. Xanım notariusdakı ərizəsində miras payından Məmmədov Nurunun xeyrinə imtina etməyib, sadəcə olaraq paydan ümumi imtina edib. İddiaçı əvvəl deyir ki, onu notarius aldadıb, sonra deyir ki, qardaşı aldadıb. Xanım dəqiqləşdirsin ki, onu kim aldadıb, onlar da müdafiələrini ona uyğun qursunlar. Eyni zamanda iddiaçı öz hüququndan istifadə edib, sərbəst surətdə imtina edib. İddiaçı ilə X25 arasında heç bir razılaşma, heç bir danışıq olmayıb. Eyni zamanda Məmmədov Nuru ilə digər bacı-qardaşları arasında da heç bir danışıq olmayıb. İddiada bəhs olunan əmlak barəsində o məlumat almışdır. Bu əmlak "xxxx" MMC-də yerləşən mənzildir. Həmin mənzilə görə ödənişlər edilməyib, mərhumun borcu var. O, belə düşünür ki, tərəflər bu yükü çəkmək istəmədikləri üçün mirasdan imtina ediblər. Nuru bəy də mirası qəbul edib. Mirasın qəbul olunması ilə bağlı Nuru bəylə digər bacı-qardaşları arasında heç bir razılıq olmayıb. Xanım özü də bildirir ki, maddi imkanı zəifdir. O, sadəcə ehtimal edir ki, mənzilin xərclərinin ödənilməməsi məqsədilə mirasdan imtina olunub. Mərhumun münasibətdə olduğu şəxs Məmmədov Nuru olub. Digərləri ilə münasibəti zəif olub. Mərhumun uzun müddət işə getməməsi səbəbilə Nuru bəyə məlumat verilmişdi. Bundan sonra müvafiq orqanların iştirakı ilə mənzilin qapısı açılmış və mərhumun cəsədi mənzildə aşkar olunmuşdur. İbtidai araşdırma orqanları araşdırma apardıqdan sonra mərhum dəfn olunmuşdur. Hətta cənazənin aşkar edilməsindən sonra bütün xərcləri Nuru bəy ödəyib. Ona verilən məlumatlardan belə başa düşür ki, mərhumun Məmmədov Nuru ilə münasibəti olub. Eyni zamanda ola bilsin ki, digər bacı-qardaşları mərhumun mənzil üzrə borcunu ödəmək istəməyiblər, ona görə də mənzildən imtina ediblər. Onlar mənzildən imtina etməyib onu qəbul da edə bilərdilər. Həmçinin qeyd olunur ki, notariusun marağı var idisə, bir notariusun marağı olardı. Necə ola bilər ki, 6 fərqli notariusun marağı var ki, həmin əmlak başqa bir şəxsin mülkiyyətinə keçsin. Miras əmlak "xxxx" MMC-də Alatava küçəsinin kəsişməsində yerləşən : -a 2, blok 2, 3-cü mərtəbə mənzil 109-dur. Mənzilin çıxarışı yoxdur. Mənzilin çıxarışı yoxdur. Ona bildirilənə görə mənzillə bağlı borc kommunal ödənişlərin ödənilməməsinə görə yaranmışdı. MTK ilə tərəf arasında mübahisələr olmuşdur. O səbəbdən də həmin mənzilə çıxarış alınmamışdır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsinin 28 iyun 2022-ci il tarixli, 796- 05/69 saylı arayışından görünür ki, İddiaçı xx xxxxxxxx 1961-ci ildə Bərdə rayon Qayalı kəndində anadan olmuş, atası X22, anası X10r. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsinin 29 iyun 2022-ci il tarixli, 804- 05/69 saylı arayışından görünür ki, X20 01 aprel 2022-ci ildə Bakı çəhəri, Yasamal rayonunda ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 12 aprel 2022-ci il tarixli 416 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsinin 29 iyun 2022-ci il tarixli, 805- 05/69 saylı arayışından görünür ki, X20 01 may 1966-cı ildə Bərdə rayon Qayalı kəndində anadan olmuş, atası X22, anası X3r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli ərizəsi ilə 01 aprel 2022-ci il tarixdə vəfat etmiş qardaşı X9 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. İş materiallarında olan “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 18 saylı notariat ofisində X12 adına açılmış xx.xx.2022-ci il tarixli,124 reyestr nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsə kimi X24 qeyd edilmişdir. Digər vərəsələr X5, X16, X8, İddiaçı, X11, X21 miras paydan imtina etmişlər. İş materiallarında olan 3 saylı “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin notariusu X7 Yasamal Rayon Məhkəməsinə ünvanladığı 30 avqust 2022-ci il tarixli, 1489 nömrəli məktubunda qeyd edilmişdir ki, vəfat etmiş X12 adına 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisində vərəsəlik işi açılmamışdır. Vərəsəsi olan İddiaçı 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində mirasdan imtina ərizəsi qeydə alınmışdır. İş materiallarında olan X2 8i-13952 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 01 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan qardaşı X20 vəfat etmişdir. X9 miras qalan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün mirası qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Bakı şəhəri 3 saylı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisinin notariusu Cavabdeh tərəfindən təsdiq edilmiş və tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli “mirasın qəbulundan imtina olunması barədə” ərizəsinin etibarsız hesab edilməsi tələbi üzrə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə qeyd edilən ərizənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizə yazılarkən və təsdiq edilərkən İddiaçı səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli ərizəsi ilə 01 aprel 2022-ci il tarixdə vəfat etmiş qardaşı X9 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Buna görə də qeyd edilən ərizənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Bundan başqa, iddiaçı iddia ərizəsində mirasın qəbul edilməsilə bağlı Notariusa müraciət etdiyini, lakin imza etdiyi ərizənin mahiyyəti, yəni mirasdan imtina olunması barədə olmasının Notarius tərəfindən ona izah olunmadığını, bacısı oğlu Elnurun onu 3 saylı Asan xidmət mərkəzində olan Notariusa apardığını, imza etdiyi sənədin mirasın qəbul edilməsindən imtina ərizəsi olduğunu bilmədiyini göstərmişdir. Lakin iddiaçı iddia ərizəsində qeyd edilən onun və digərlərinin aldadılması ilə bağlı heç bir hal barədə sübut təqdim etməmişdir. Həmçinin, iddiaçının Asan xidmətə getməsi, mirasdan imtina barədə ərizəni imzalaması öz istəyi ilə könüllü şəkildə olmuş, bu işlərin gedişatında müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X15 iştirakı olmamış və bu məsələ ilə bağlı hər hansı danışığı olmamışdır. Hər hansı bir şəxsin İddiaçı mirasdan imtinaya dair ərizə yazması və onu imalaması ilə bağlı təsir və təzyiqi məhkəmə iclaslarında öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 14066 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən ərizənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4172/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4172/2022
13.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver