Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4214/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə,, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən mülkiyyətində olan 32139793 nömrəli müqavilə hesabına əsassız olaraq hesablanmış 1472.80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan ünvan 1 ünvanında daşınmaz əmlaka xüsusi mülkiyyət əldə etmişdir. Mülkiyyət sahəsi alındıqdan sonra həmin sahədə evdə yaşayış olmamış həyətyanı sahə yaşayışa yararlı olmamışdır. Bütün aylar üzrəCavabdeh ASC-nin əməkdaşları normal oxuma aparmaqla tərəfindən istifadə edilən suyun həcmi aylar üzrə təqdim edilən hesabata uyğun ödənişlər aparılmışdır. Lakin xx.xx.2021-ci il tarixdə CSS-20 markalı 21067631 nömrəli yeni sayğac quraşdırıldıqdan sonra heç bir əsas olmadan əlavə sərfiyyat olaraq 2104 m3 su sərfiyyatı verilməklə 1472.80 manat pul hesablanmışdır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh tərəf əvvəlki sayğacın üzərində qalan əsassız hesablanmış 1472.80 manat borcu tələb etdiyindən, hazırda həmin borc ödənilmədiyi təqdirdə iddiaçı ilə yeni müqavilə bağlamaqdan boyun qaçırır. Həmin borcun yaranma əsası məlum deyil. Cavabde akt tərtib etdiklərini qeyd etsə də, nə zaman baxış keçirdikləri və həmin kat mövcud deyildir. İddiaçının bu barədə ümumiyyətlə məlumatı yoxdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus həmin ünvanda 2021-ci ildə sayğac dəyişdirilmiş və dəyişdirilmə səbəbi də sayğacın nasaz olması göstərilmişdir. Köhnə sayğac Cavabdeh ASC-nin Ölçü cihazları idarəsində oxudulmuş və göstərilən borcun sayğacda qeydə alındığı müşahidə edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirilmişdir ki, bu borc köhnə sayğacdan qalan borcdur. Bu barədə akt tərtib olunmuş, ancaq həmin aktı hal-hazırda edə bilməmişlər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kodu **********000 olan abonentin saldosundan görünür ki, 32139793 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1472.80 (min dörd yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. Həmin abonent kartından görünür ki, SSS-20 markalı, 958092 nömrəli sayğac xx.xx.2012-ci ildə quraşdırılmış, CSS-20 markalı, 21067631 nömrəli sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ünvanında yerləşən 266 A saylı bağ evi xüsusi mülkiyyət kimi İddiaçı adına rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ünvanında yerləşən 266 A saylı bağ evi xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Eyni zamanda 07 yanvar 2020-ci il tarixli saldodan da görünür ki, sözügedən ünvana 21067631 nömrəli sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmış, borc məbləği xx.xx.2021-ci il tarixə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi iddiaçıya məxsus olan həyatyanı yaşayış evi üçün hesablanılmış 1472.80 (min dörd yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materialları ilə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 2021-ci il üzrə iddiaçının sudan istifadə və çirkab sularının axıdılmasına görə orta aylıq sərfiyyatı 10-11 m3 təşkil etdiyi halda, 30 iyul-29 avqust tarix aralığında bu sərfiyyat cavabdeh tərəfindən 2104 m3 hesablanmışdır. Lakin hesablanmış bu sərfiyyat cavabdeh tərəfindən əsaslı dəlillərlə məhkəmə araşdırması zamanı sübuta yetirilə bilməmişdir. Borcun yaranma mənbəyi məlum deyildir. Odur ki, məhkəmə qeyd edir ki, 30 iyul-29 avqust tarix aralığı üzrə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1472.80 manat borc məbləği silinməlidir. Bundan əlavə təqdim edilmiş saldodan görünür ki, 24 iyul-23 avqust 2021-ci il tarixlərində 11 m3 su sərfiyyatı olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 32139793 nömrəli müqavilə üzrə Abonent kodu: **********000 olan hesaba əsassız hesablanmış 1472.80 (min dörd yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 32139793 nömrəli müqavilə üzrə Abonent kodu: **********000 olan hesaba əsassız hesablanmış 1472.80 (min dörd yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc Cavabdeh ASC tərəfindən silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4214/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4214/2023
13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver