Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4219/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi” tələbinə dair kiçik mübahisələr dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh1 885 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “VAN HOLL” markalı, **-TP-*** dövlət nömrə nişanlı avtobus xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il oktyabrın 22-də Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “VAN HOLL” markalı, **-TP-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, X1 idarə etdiyi “PEUGEOT KHAZAR” markalı, **-AP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sabunçu RPİ-nin DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu RPİ-nin DYPŞ-in xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “PEUGEOT KHAZAR” markalı, **-AP-*** dövlət nömrə nişanlı avtomobilə 885 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 885 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək ona qarşı “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi”nə tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan “VAN HOLL” markalı, **-TP-*** dövlət nömrə nişanlı avtobus onun rəsmi nikahda olduğu arvadı Cavabdeh2 adına xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş və AC seriyalı 856466 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilin mülkiyyətçisi olan arvadı Cavabdeh2 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Sözügedən “VAN HOLL” markalı, **-TP-*** dövlət nömrə nişanlı avtobus isə birgə nikah dövründə əldə edilməklə onların birgə mülkiyyətindədir. Eyni zamanda inzibatı xəta hadisəsi baş verən vaxt onlar birlikdə avtobusda olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4219/2022 saylı qərardadı ilə mülki iş üzrə iddia icraatına keçirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini, vurulmuş zərərə görə 885 manat və ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 915 (doqquz yüz on beş) manat vəsaitinin cavabdehlər nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 və sürücü Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış “VAN HOLL” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisi Cavabdeh2dır. Hesab edir ki, “VAN HOLL” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisi Cavabdeh2 olduğundan və o, Cavabdeh1 həmin nəqliyyat vasitəsini etibarnaməsiz idarə edilməsi barədə məlumatlı olmağa borcludur. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2, həm də Cavabdeh1 qarşı yaranır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, fakta görə aidiyyəti inzibati orqan tərəfindən araşdırma aparılmış və cavabdeh qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətinə cəlb edilmişdir. Həmin Məcəllənin 332.1-ci maddəsinin məzmunundan müəyyən edilir ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd etmişdir ki, Azərbaycan Respublikası faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bundan başqa “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini və subroqasiya qaydasında dəymiş zərər görə ödənilmiş 885 manat sığorta ödənişinin və dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 yazılı etirazında göstərilənləri müdafiə edərək iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Bir daha qeyd etdi ki, qanunvericiliyin tələblərinə görə birgə nikahdan sonra əldə edilən əmlak ər-arvadın birgə mülkiyyəti sayıldığından etibarnaməyə ehtiyacı olmamışdır. Yalnız 1 il əvvəl o, nəqliyyat vasitəsi ilə İran İslam Respublikasına gedərkən zərurət yarandığından arvadı tərəfindən ona idarə edilməsi üçün etibarnamə vermiş, həmin etibarnaməmim müddəti hadisə vaxtı bitmişdir. Bundan başqa o, verilmiş suallara əsasən bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın mahiyyətinə diqqət etmədən ona təyin edilmiş cərimə məbləğini ödəmişdir. Belə ki, o, düzgün ara məsafəsi saxlamamaya görə, yəni Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəyə görə özünü təqsirli bilmiş, digər maddənin isə ona bu cür çətinlik yaradacağını düşünmədiyindən həmin protokol və qərarı aidiyyəti orqanlarda mübahisələndirməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli PXA********** icbari sığorta müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus “VAN HOLL” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə bir şəxs üçün 5.000 manat, sağlamlığa vurulan zərərə bir hadisə üzrə 50.000 manat həcmində sığortalanmışdır. Müqavilənin müddəti isə xx.xx.2021-ci il tarixədək etibarlı olmuşdur. Həmin müqavilədən həmçinin müəyyən edilir ki, sığortalı mülkiyyətçi Cavabdeh2 deyil sürücü Cavabdeh1 qeyd edilmişdir. Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və eyni tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, “VAN HOLL” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. PXA71553 nömrəli sığorta aktından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli sığorta hadisəsi zamanı “VAN HOLL” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil “PEUGEOT KHAZAR” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən “PEUGEOT KHAZAR” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 885 manat ziyan dəymişdir. Qeyd olunan sığorta ödənişi "xxxx" ASC tərəfindən həmin nəqliyyat vasitəsinin sürücüsü X2 ödənilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan, həmçinin AC seriyalı 856466 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “VAN HOLL” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. AZ-İ seriyalı 389827 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış nikah akt qeydləri kitabında 157 nömrə ilə qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2-ci maddəyə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd edilmişdir ki, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ailə və Mülki Məcəllərə görə ər və arvad nikaha daxil olduqdan sonra qeydiyyat şəhadətnaməsində kimin adının yazılmasının heç bir əhəmiyyəti yoxdur və bu əmlak ümumi əmlak hesab olunur. Çünki, əmlak nikaha girdikdən sonra qeydiyyata alınıbsa, o, ümumi əmlak hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332-ci maddəsinin qeyd hissəsinə əsasən Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasə əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan “VAN HOLL” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Həmin sığorta müqaviləsində də sığortalı olaraq Cavabdeh1 göstərilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən idarə olunan “VAN HOLL” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla xx.xx.2008-ci il tarixdən birgə nikahda olan Cavabdeh2 birgə mülkiyyətindədir. Belə olan halda məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, birgə mülkiyyətdə olan nəqliyyat vasitəsinin idarə olunmasından ötrü sürücü Cavabdeh1 arvadı Cavabdeh2 tərəfindən etibarnamə verilməsi zərurəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və eyni tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar yalnız hadisənin olub-olmaması hissəsində məhkəmə üçün preyudisial xarakter daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-4219/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4219/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver