Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4227/2024 21.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: lizinq müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nəcəfli Elnur Tofiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "Azərmaş” MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lizinq obyekti olan 2022-cü il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın; 2. Cavabdeh 16 yanvar 2023-cü il tarixli MAS-5660 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 iyul 2024-cü il tarixə 627,53 manat gecikdirilmiş əsas, 126,85 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 52,78 manat dəbbə pulu, cəmi 807,16 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 16 yanvar 2023-cü il tarixli, MAS-5660 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 sentyabr 2024-cü il tarixə 1002,52 manat gecikdirilmiş əsas, 240,98 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 111,77 manat dəbbə pulu, cəmi 1355,27 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli MAS-5660 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 42 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 408.14 manat, ümumilikdə isə 19542 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19542 manatın 15050 manatı əsas məbləğ təşkil edir. 18 mart 2023-cü il tarixdə X2, X5 və İddiaçı MMC arasında MAS-5660 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 16 yanvar 2023-cü il tarixli MAS- 5660 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 04 aprel 2023-cü il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS- 5660 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 aprel 2023-cü il tarixli MAS-5660 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5660 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 29 iyul 2024-cü il tarixə ümumilikdə 807.16 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İİ. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi Nəcəfli Elnur Tofiq qızı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd olunan avtomobil onun adına rəsmiləşdirilsə də, faktiki olaraq onun istifadəsində olmamışdır. Belə ki, həmin avtomobili yaxın qohumu ondan götürərək idarə etmiş və ödənişləri də özünün edəcəyini bildirmişdir. Lakin maşını götürdükdən sonra həmin şəxs ödənişləri etməmiş və onunla əlaqə saxlaya bilməmişdir.
7. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
İİİ Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə X2 arasında MAS-5660 saylı, xx.xx.2023-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən, lizinq verən – İddiaçı MMC lizinq alan – X2 tərəfindən seçilmiş “Khazar SD” minik markalı, ağ rəngli, ban nömrəsi NVAW01HHFNE440875 olan avtomobili öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində X1 42 ay müddətinə 13300 manat haq müqabilində illik 17% lizinq mükafatı hesablanmaqla sahiblik və istifadəyə verməyi öhdəsinə götürmüşdür.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləği 15050 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 2400 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 2400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 42 ay müddətində illik 18% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır.
11. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycana Respublikasının qanunvericiliyini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır.
12. Müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən Khazar SD minik markalı 15050 manat məbləğində əmlak X1 təhvil verilmişdir.
13. 18.03.2023-cü il tarixli, MAS-5660 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS- 5660 saylı daxili lizinq müqaviləsi üzrə X2 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri X3 ötürür.
14. xx.xx.2023-cü il tarixli, MAS-5660 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS- 5660 saylı daxili lizinq müqaviləsi üzrə X5 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürür.
15. Həmin müqavilənin 2.4.2-ci bəndin əsasən öhdəlikləri qəbul edən bu müqavilə və lizinq müqaviləsi üzrə bütün öhdəlikləri yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək vəzifəsini daşıyır.
16. 18.03.2023-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən Cavabdeh təhvil verilmişdir.
17. BB seriyalı, 255169 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir.
18. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 2197 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MAS-5660 saylı, xx.xx.2023-cü il tarixli saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 1002,52 manat əsas borc, 240,98 manat lizinq mükafatı, 111,77 manat cərimə olmaqla cəmi 1355,27 manat borcu vardır.
19. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
23. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
26. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
27. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
28. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.
29. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, MAS-5660 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və lizinq müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2023-cü il tarixli MAS-5660 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və müqavilə üzrə ödənişləri etməmişdir.
31. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi və xx.xx.2023-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1002,52 manat gecikdirilmiş əsas borcunun, 126,85 manat gecikdirilmiş mükafat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1002,52 manat məbləğində əsas borc, 126,85 manat gecikdirilmiş mükafat borcu tutularaq iddiaçıya ödənilməlidir.
32. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 111,77 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
34. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 70 manat məbləğində müəyyən edilməlidir.
37. Məhkəmə iddia tələbinin lizinq obyektinin cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
38. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
39. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh 16 yanvar 2023-cü il tarixli, MAS-5660 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 sentyabr 2024-cü il tarixədək hesablanmış 1002,52 manat əsas bоrc, 240,98 manat gecikdirilmiş mükafat, 70 manat dəbbə pulu və ödənilmiş 100,40 manat dövlət rüsumu, ümumilikdə 1413,9 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 16 yanvar 2023-cü il tarixli, MAS-5660 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 sentyabr 2024cü il tarixədək hesablanmış 1002,52 manat əsas bоrc, 240,98 manat gecikdirilmiş mükafat, 70 manat dəbbə pulu və ödənilmiş 100,40 manat dövlət rüsumu, ümumilikdə 1413,9 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil