Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4249/2025 06.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 10719838 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı **********09631 İmei kodlu, İphone 14, Paket XXXL xidməti, X1 2 İL xidməti, Apple Adapter, 2 ədəd Vinil Şəffaf, X2 3 markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
3. Müqavilənin 3.4-cü maddəsinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda ABC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.
4. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 2267,96 manat, qaytarılma müddəti 12 ay, aylıq ödəniş 172,33 manat müəyyənləşdirilmişdir.
5. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
6. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 03738813 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı X2 3 markalı müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
7. Müqaviləyə əlavə olan ödəniş cədvəlingən görünür ki, əşyanın qiyməti 220,80 manat, qaytarılma müddəti 12 ay, 60 manat ilkin ödəniş olmaqla aylıq ödəniş 13,40 manat müəyyənləşdirilmişdir.
8. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.
9. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 2267,96 manat, ilkin ödəniş olmamaqla aylıq 200 manat ödəmək şərti ilə 12 aylıq ödəniş müddəti, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 2868,78 manat, 60 manat ilkin ödəniş etməklə aylıq 220,80 manat ödəmək şərti ilə 12 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda hər iki müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 2140,42 manat, cərimə 214,04 manat məbləğdədir.
10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.
11. xx.xx.2025-ci il tarixli arayışa əsasən **********09631 İmei kodlu, İphone 14 markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ümumi olaraq 23,60 manat ödənilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri,
a) iddia tələbi
12. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2007,96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 200,80 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 132,46 manat ödənilməmiş hissə, 13,25 manat cərimə olmaqla, ümumilikdə 2378,06 manat borc, 43,79 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən **********09631 İmei kodlu, İphone 14, Paket XXXL xidməti, X1 2 İL xidməti, Apple Adapter, 2 ədəd Vinil Şəffaf, X2 3 markalı telefon və X2 3 markalı müqavilənin predmeti olan əşyaları almış və nəticədə 2378,06 manat borc yaranmışdır.
b) iddiaya etiraz
14. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.
19. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
20. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən müvafiq olaraq **********09631 İmei kodlu, İphone 14, Paket XXXL xidməti, X1 2 İL xidməti, Apple Adapter, 2 ədəd Vinil Şəffaf, X2 3 markalı telefon və X2 3 markalı müqavilənin predmeti olan əşyaları almış, əşyaların qiyməti müvafiq olaraq 2267,96 manat və 220,80 manat, aylıq ödəniş 172,33 manat və 13,40 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.
21. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 2378,06 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
22. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə müvafiq olaraq 200,80 manat və 13,25 manat cərimə borcları hesablanmışdır.
23. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.
24. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).
25. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 200,80 manat dəbbə pulunun məbləğinin azaldılaraq 100 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 13,25 manat dəbbə pulunun məbləğinin azaldılaraq 5 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.
26. İddiaçı eyni zamanda İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat məbləğdə dövlət rüsumunun qaytarılmasını da tələb edir ki, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz.
27. İddiaçı tərəfindən bu hissədə tələbin əsası kimi İnnovativ Layihələr Mərkəzi və "xxxx" MMC arasında bağlanmış təhvlil təslim aktı, iddiaçı tərəfindən rüsumun ödənildiyi ilə bağlı arayış təqdim edilmişdir.
28. Məhkəmə qeyd edir ki, müqavilə şərti olaraq İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq ediləcəyi razılaşdırılsa da, iddiaçı tərəfindən təqdim edilən nə təhviltəslim aktı, nə də birtərəfli qaydada tərtib edilmiş arayışla belə bir xidmətdən istifadə edildiyi, istifadə edilmişsə qiymətin hansı tariflər əsasında hesablandığı müəyyən olunmur.
29. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 43,79 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2007,96 manat ödənilməmiş hissə, 100 manat manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 132,46 manat ödənilməmiş hissə, 5 manat manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,79 manat olmaqla, cəmi 2289,21 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə