Məhkəmə qərarları › İş №e-2(004)-4290/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4290/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4290/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 550 manat məbləğində əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 10 ay müddətinə ümumi qiyməti 550 manat dəyərində olan İddiaçı televizoru satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 55 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, qalan 550 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Aralarında bağlanılmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir, lakin iddiaçı borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aralarında bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edir. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50%-dən artlq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 44000475 nömrəli nisyə alqı-satqı müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəyə əsasən İddiaçı MMC alıcı Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 10 ay müddətinə hər ay 55 manat ödəmək şərtilə qiyməti 550 manat olan məişət texnikası Televizor Skaybegi vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 4.3-cü maddəsinə əsasən, tərəflər arasında Müqavilənin icrası ilə bağlı bütün mübahisələr məsləhətləşmələr və danışıqlar yolu ilə 10 gün müddət ərzində razılaşdırıla bilmədiyi təqdirdə, mübahisə Bakı şəhər məhkəməsində həll edilməlidir. 1 nömrəli Əlavədə göstərilmiş qeydə əsasən, alıcı tərəfindən borc ödəniş cədvəlində göstərilən tarixlərdə ödənilmədikdə və gecikdirildikdə, hər gecikdirilən günə görə aylıq ödənişin 1%-i ödəniləcək məbləğin üzərinə əlavə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 44000475 nömrəli təhvil aktına əsasən, İddiaçı MMC alıcı Cavabdeh ümumi dəyəri 550 manat olan məişət texnikası Televizor Skaybegi təhvil vermişdir. İş materiallarında olan xəbərdarlıq məktubuna əsasən, iddiaçı cavabdehdən alqısatqı müqaviləsi üzrə 550 manat məbləğində əsas borcunu 3 gün müddətində ödəməyi tələb etmiş, borcunu könüllü olaraq ödəmədiyi halda, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 550 manat əsas borcundan 0 manat ödəniş etmiş, 550 manat əsas borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 44000475 nömrəli müqavilədən irəli gəlir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin nisyə alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, 44000475 nömrəli müqavilə üzrə 550 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar