Məhkəmə qərarları › İş №e-2(004)-4325/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4325/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4325/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 323 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 353 manat məbləğində pul vəsaitinin İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (kafe) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsi (kafe) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh istifadəsində olan 2 saylı mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. İş materiallarında olan 158 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktına əsasən, X1 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 1-in zirzəmisində olan qeyri-yaşayış sahəsinə (kafe) həmin binanın 1-ci mərtəbəsi, blok 2, mənzil 2-dən xx.xx.2020-ci ildə təkrarən həddən artıq çirkab suları axıdılması nəticəsində maddi zərər vurulmuşdur. Həmçinin iş materiallarında olan 158 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ünvan 1 ünvanındakı mənzil Cavabdeh məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı 891 saylı rəydən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (kafe) subasma nəticəsində 573 (beş yüz yetmiş üç) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2021-ci il tarixli, CFİ-0285/2020-AKT2627/21 nömrəli aktla 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılmaqla, 323 (üç yüz iyirmi üç) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4325/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair kiçik iddiası üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixə və bundan sonra təyin olunacaq bütün məhkəmə iclaslarına iştirakları olmadan baxıb, iddialarının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küçəsi, b.1 xüsusi mülkiyyət kimi X1 adına xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş BB 251883 nömrəli sığorta şəhadətnaməsinə və xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən X2 məxsus ünvan 2, 523-cü məhəllədə olan yaşayış sahəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığorta məbləği 23285.00 manat olmaqla daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində sığorta hadisəsi baş vermiş, əmlak qonşu mənzildən su basma nəticəsində zədələnmişdir. Su basma hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq dəymiş zərərin məbləği 573.00 manat müəyyən olunmuşdur. Sığorta ödənişinin məbləği zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği çıxılmaqla 323.00 manata bərabərdir. İş materiallarında olan 158 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli akta əsasən Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 1-in zirzəmisində olan kafeyə həmin binanın birinci mərtəbəsi blok 2, mənzil 2-dən xx.xx.2020-ci ildə təkrarən həddən artıq çirkab suları axıdılmışdır. Binanın təmiri üçün lazım olan materiallar çirkab suların içində qalmışdır. Bunun nəticəsində kafeyə külli miqdarda maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dəymiş ziyanın ümumi məbləği 573 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, YS-0025 nömrəli dəymiş zərər məbləğinin razılaşdırılması barədə sazişə əsasən “Sığortalı” və “Sığortaçı” xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X1 istifadəsində olan kafedə baş vermiş subasma hadisəsini və əmlaka 573 manat məbləğində zərər dəyməsini təsdiqləmiş, sığorta olunan əmlaka 573 manat məbləğində dəymiş zərərin müstəqil ekspert tərəfindən müəyyən edilmiş həcmi və zərər üzrə həyata keçiriləcək 323 manat məbləğində sığorta ödənişi barədə razılıq əldə etmişlər. İş materiallarında olan "xxxx" ASC-nin çıxarışına əsasən "xxxx" ASC tərəfindən X2 323 manat məbləğində ödəniş köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 36.1.5-ci maddəsinə əsasən su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma daşınmaz əmlakın sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 1 yaşayış sahəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək daşınmaz əmlakın icbari sığortası növündə "xxxx" ASC-də sığortalanmışdır. Həmin mənzilə üst qonşusu Cavabdeh istifadəsində olan mənzildən xx.xx.2020-ci il tarixində subasma nəticəsində zərər dəymişdir. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 1 yaşayış sahəsinə dəymiş ziyanın ümumi məbləği 573 manat müəyyən edilmiş və "xxxx" ASC tərəfindən dəymiş zərəri aradan qaldırmaq üçün X2 250 manat azadolma məbləği çıxılmaqla 323 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh 323 manat məbləğində həyata keçirdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 1 yaşayış sahəsinə vurulmuş zərərin aradan qaldırılması üçün 323 manat sığorta ödənişi həyata keçirildiyinə görə, həmin məbləğdə sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh 323 manat məbləğində tutularaq iddiaçı "xxxx" “ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş maddi zərərə görə ödənilmiş 323 (üç yüz iyirmi üç) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar