Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4326/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: sığorta müqaviləsi, subroqasiya) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh məxsus “Nissan Sunny” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək "xxxx" ASC tərəfindən sığortalanmışdır.
2. AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Nissan Sunny” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
3. TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Nissan Sunny” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2023-cü il tarixdə törədilmiş hadisəyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib, barəsində 100 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir.
4. Nəsimi rayon DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, toqquşma növündə yol nəqliyyat hadisəsi zamanı “Nissan Sunny” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən “Opel Astra” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avomobilə zərər dəymişdir.
5. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Opel Astra” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avomobilə 110 manat məbləğdə zərər dəymişdir.
6. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC tərəfindən 110 manat ödəniş edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri
a) iddia tələbi
7. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 110 manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, S.Rüstəm küçəsində iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Nissan Sunny minik” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Opel Astra minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5711606 nömrəli İnzibati tənbeh vermə haqqında protokola əsasən, Şamçıyev X1 Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Opel Astra minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 110 manat maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən lotto sistemi vasitəsi ilə "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına sığorta ödənişi tutulmuşdur. b) iddiaya etiraz
9. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
11. “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda; Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
12. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi avtomobil "xxxx" ASC-də nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Nissan Sunny” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avomobilə zərər vurmuş, hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Əmlaka dəymiş zərər 110 manat məbləğdə qiymətləndirilmiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir.
16. Göründüyü kimi, işdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi, iddiaçının isə sığorta müqaviləsinə uyğun zərər dəymiş avtomobil üçün sığorta ödənişini etdiyi müəyyən olunur.
17. Odur ki, iddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 25.1.8 və 63.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlıdır.
18. Belə ki, Cavabdeh özünə məxsus avtomobillə digər avtomobilə zərər vurması və hadisə yerindən yayınması onun barəsində tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi ilə təsdiq olunur.
19. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 110 manat sığorta ödənişi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 140 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
22. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 110 manat sığorta ödənişi və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 140 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə