Məhkəmə qərarları › İş №e-2(004)-4346/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4346/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4346/2022 26.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulmasına” dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulmasına” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 90 manat ödənilməmiş hissə, 9 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 476.6 ödənilməmiş hissə, 47.4 manat cərimə olmaqla, ümumilikdə 623 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh alqı-satqı qiyməti 154.8 (12 ay x 12.9 manat + 0 manat ilkin ödəniş) olan Ütü Tefal və eyni tarixli digər müqavilə üzrə alqı-satqı qiyməti 660.6(18 ay x 36.7 manat +0 manat ilkin ödəniş) olan X1 verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, “ödəniş cədvəlində” nəzərdə tutulan vaxt və qaydaya əməl etməmiş, nəticədə alqı-satqı qiyməti 154.8 manat olan Ütü Tefal üçün 90 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 manat cərimə və alqı-satqı qiyməti 660.6 manat olan X1 üçün 476.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.4 manat cərimə olmaqla, ümumilikdə 623 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 248.8 manat təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 23 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunmuş 566.6 manat ödənilməmiş hissə, 56.4 manat cərimə olmaqla, cəmi 623 manat borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 566.6 (beş yüz altmış altı manat altı qəpik) manat ödənilməmiş hissə, 56.4 (əlli altı manat dörd qəpik) manat cərimə olmaqla, cəmi 623 (altı yüz iyirmi üç) manat borc, həmçinin 30 (otuz manat) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar