Məhkəmə qərarları › İş №e-2(004)-4380/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4380/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4380/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5000 (beş min) manat zərər məbləğinin və ödənilmiş 70(yetmiş) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2020-ci il tarixdə, saat 20:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-N.Hikmət küçələrinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı, **-AS- *** dövlət qeydiyyat nişanlı avtomobil, X2 məxsus “Toyota Avensis” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddiziyan dəymişdir. “Hyundai Elantra” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci iltarixli qiymətləndirmə aktına əsasən, “Toyota Avensis” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000(beş min) manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli, 229 saylı ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 5000.00 (beş min) manat sığorta ödənişi iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Yasamal rayon DYPŞnin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Dadaşov X3 Xətalar Məcəlləsinin 327.6-cı(hadisə yerindən yayınma) və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100(yüz) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Göstərilənlərə əsasən Cavabdeh 5000.00 (beş min) manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 70(yetmiş)manat ödənilmiş dövlət rüsumu, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PXA ********** nömrəli icbari sığorta müqaviləsi ilə “Hyundai Elantra” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi bir il müddətinə 50000 manat həcmində icbari sığorta edilmişdir. İş materiallarında olan PXA76438 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı X2 məxsus “Toyota Avensis” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilinə 5000 manat miqdarında maddi zərər vurmuşdur. İş materiallarında olan Yasamal RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şərifzadə-N.Hikmət küçələrinin kəsişməsində “Hyundai Elantra” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə və hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və 100 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “Toyota Avensis” markalı, **-OH-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 5000 (beş min) manat məbləğində ziyan dəymişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki mülsiyyətinin icbari sığortası üzrə sığortası hadisəsi hesab edilən halın təfərrüatları barədə” arayışdan görünür ki, 25 dekabr 2020-ci il tarixdə saat 20.50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-N.Hikmət küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus “Toyota Avensis” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PXA 76438 saylı sığorta aktı üzrə 5000 (beş min) manat məbləğində pul ödənilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 15 yanvar 2021-ci il tarixli 05/01-58 saylı məktubun surətindən görünür ki, baş vermiş hadisə nəticəsində hesablanaraq ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişinin 7 iş günü müddətində "xxxx" ASC-nin bank hesablarına ödənilməsi, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 06 iyul 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" ASC tərəfindən 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfində sığortalanmış “Hyundai Elantra” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, X2 məxsus “Hyundai Elantra” markalı, **-AS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, daha sonra hadisə yerindən yayınmışdır. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 5000(beş min) manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən, habelə, Cavabdeh Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola və TP ******* saylı qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 5000 (beş min) manat və ödənilmiş 70(yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar