Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4460/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 44 saylı Notariat ofisini cəlb etməklə Cavabdeh qarşı bağışlama müqaviləsinin, vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 44 saylı Notariat ofisini cəlb etməklə Cavabdeh qarşı bağışlama müqaviləsinin, vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 10 fevral 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin, 30 mart 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin qismən etibarsız hesab edilməsi, onun əsasında qəbul edilmiş Çıxarışın ləğv edilməsi, ¼ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1968-ci ildə Bakı şəhəri Yasamal rayonunda anadan olmuş, ailədə 4 uşaq olmuşlar: 3 qardaş, 1 bacı, evin balaca övladı odur. Atası evi 1962-1964-ci illərdə tikmiş, 4 otaq 1 mətbəxdən ibarət olub, həyətyanı sahə 4 sotdan ibarətdir. 1990-cı ildən sonra bacısına həyətdən 2 otaq bir mətbəxtdən ibarət ev tikib vermiş, sonra böyük qardaşına 3 otaq 1 mətbəxtdən ibarət ev tikib vermiş, ortancıl qardaşına da 2 otaq 1 mətbəxtdən ibarət ev tikib vermiş, 2 otaq 1 mətbəxtdən ibarət evi də tikib ona vermişdir. X2 20 iyun 2012-ci ildə, anası X7 isə 12 iyun 2022-ci ildə vəfat etmişdir. Anası sağ olduğu müddətdə əmlak bölgüsündən söhbət edilmirmiş. Anası vəfat edəndən (hüzür məclislərini də yola verəndən) sonra bacısı və qardaşları hər birinin yaşadıqları evin sənədləşdirilməsinə razılaşmışlar. Atası vəfat edəndən sonrakı 11 il ərzində və anasının sağlığı dövründə hər birisi atası tərəfindən onlar üçün tikilən evlərdə yaşayırmışlar. Atasının hər biri üçün tikdiyi evlərin giriş-çıxışı ayrıdır. Hər biri öz qaldığı evdə kommunal xərcləri ödəyir. Razılaşma belə olmuşdur ki, 4 sot torpaq sahəsi də bərabər hissələrlə 4 varis arasında bölünsün. Bu məqsədlə vəfat etmiş X2 tərəfindən qalmış miras üzrə Bakı şəhəri 44 saylı Notariat Ofisinə müraciət edilmişdir. Ona da demişlər ki, sənədlər hazır olanda notariusa gələrsən. Təxminən fevral ayının əvvəllərində böyük qardaşı Eyyubov Ağasalah və bacısı Eyyubova Əminə ona 10 fevralda Bakı şəhəri 44 saylı Notariat ofisinə gəlməsini, orada rəsmiləşdirmə ediləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə onlar notariusa gəlmiş, notariusa gələndə qardaşları və bacısı orda olmuşdur. Ona notarius rəsmiləşdirilməsi üçün hər birinə pul düşdüyünü, onu da verməli olduğunu demişlər. O, bir neçə gün əvvəl böyük qardaşına bu məqsədlə 115 manat verdiyini demiş. Notariat ofisində ərizə yazmış, ərizəsində mirasın tərkibinə daxil olan əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ərizəni imzalayan kimi bacısı ona miras pay üzrə şəhadətnamə verilməsi üçün bir sənəd var imzalamalısan, hamı imzalamış, sən qalmısan demişdir. O da bacısına inanıb imzalamış, sonra bacısı vərəsəlik işi bitəndən sonra özünün ona çıxarışı verəcəyini demişdir. Daha sonra bacısından çıxarışı soruşmuş, bacısı BT-yə verdiyini, bir-iki aya hazır olacağını demişdir. Bundan sonra bu barədə söhbət düşəndə bacısı yenə də onu arxayın etmişdir ki, atası hər kəsin payını verib narahat olmasın. 2023-cü ilin ilin iyul ayının axırları (təxminən 25-26-sı olardı) oğlu ona zəng edərək bibisinin ona evdən çıxmasını tələb etdiyini demişdir. Atanın bu evdə heç bir payı falan yoxdur. Dərhal bacısına yığmış, lakin telefonu açmamışdır. Sonrakı zənglərini açmış və ezamiyyətə getdiyini, bir neçə gündən sonra gələcəyini demişdir. Aradan bir neçə gün keçmiş, yenidən bacısıyla danışanda gəldiyini demişdir. Həmin gün də bacısına deyəndə ki bu nə işdir, evi öz adına keçirtdiyini demişdir. Əşyalarını götürüb evdən çıxmalarını demişdir. Məcbur qalaraq bir-iki günə evdəki bəzi palpaltarları yığıb çıxmış, böyük qardaşı da bunu təsdiq edə bilər. Cavabdeh tərəfindən aldadıldığını biləndən sonra vəkilə müraciət etmiş, 44 saylı Notariat Ofisinə xx.xx.2023-cü il tarixdə sorğu göndərilərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi ev 181 saylı evə dair vərəsəlik işi ilə bağlı notariat sənədlərinin surətlərinin verilməsi xahiş edilmişdir. 44 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 2V-27(V-15/2023) nömrəli işin mündəricatından görünür ki, sözü gedən notariat işi İ cild, 23 vərəqdən ibarətdir. Tikilmiş və qaytanlanmış notariat işinin 16-cı vərəqində İddiaçı notariat ofisinə verdiyi ərizə öz əksini tapmışdır. Həmin ərizə elektron notariat informasiya sistemində xx.xx.2023-cü il tarixdə saat 16:57-də qeydə alınmışdır. Digər vərəsələrdən – X3 alınan müvafiq ərizə xx.xx.2023-cü il tarixdə 16:58-də, X1 alınan müvafiq ərizə xx.xx.2023-cü il tarixdə 16:59-da, Cavabdeh alınan müvafiq ərizə xx.xx.2023-cü il tarixdə 17:08-də sistemdə qeydə alınmışdır. Notariat işində öz əksini tapan miras payın bağışlanması müqaviləsi isə xx.xx.2023-cü il tarixdə saat 17:03-də sistemdə qeydə alınmışdır. Bu qısa müddət ərzində (5 dəqiqə) hüquqlarını təmsil etdiyi şəxs digər vərəsələrlə birlikdə müqaviləni oxumaq imkanı olmamışdır. Çünki cavabdeh – vərəsə olan Cavabdeh onu aldatmışdır ki, qardaş narahat olma sənədi imzala hər kəsin payı özünə veriləcək. İddiaçı həmin sənədi imzalayarkən bacısına inanmış və həm də hesab etmişdir ki, o vərəsəlik hüququ şəhadətnamənin alınması ilə bağlı ərizə verir. Digər tərəfdən 5 dəqiqə ərzində digər vərəsələrlə birlikdə müqaviləni oxumaq və notarius tərəfindən ona bunun nəticələrinin izahı barədə məlumat verilməsi mümkün deyildir. Elektron notariat informasiya sisteminə daxil edilmiş Cavabdeh ərizəsi və miras payın bağışlanması müqaviləsindən görünür ki, müqavilə vərəsələrin ərizəsi qeydiyyata alınmamışdan öncə tərtib edilmişdir. Çünki Cavabdeh qızının ərizəsi elektron notariat sisteminə xx.xx.2023-cü il tarixdə 17:08-də daxil edildiyi halda, miras payın bağışlanması müqaviləsi isə xx.xx.2023-cü il tarixdə saat 17:03-də sistemə daxil edilmişdir. Buradan da görünür ki, vərəsələr hələ şəhadətnamə almaq üçün ərizəni təqdim etmədən öncə miras payın bağışlanması müqaviləsi hazırlanmış və bu zaman iradə ifadəsi de-fakto mövcud olmamışdır. Hətta vərəsələr ərizədən əvvəl miras payın bağışlanması müqaviləsi üçün imzalamamışdan öncə şəkil də çəkdirmişlər. Belə ki, ərizələr tərtib edilməzdən öncə bağışlanma müqaviləsi tərtib edilmişdir ki, bu zaman da hələ bilinmirmiş ki, miras pay bağışlanacaq yoxsa yox. Çünki iddiaçı olaraq İddiaçı notariusa hər bir vərəsənin payının müəyyən olunması üçün dəvət edilmişdir. Notariat işindən görünür ki, vərəsələrin hər birinin mirasın tərkibinə daxil olan əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı yazılı ərizələri mövcuddur. 2. Sözü gedən notariat işində hər hansı bir vərəsənin, o cümlədən iddiaçının ona düşəsi miras payın qəbulundan imtina etməsi barədə yazılı ərizəsi mövcud deyildir. 3. Notariat işində hər bir vərəsənin qanun üzrə şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi icrasız qalmışdır. Yəni buna dair hər hansı bir miras payın qəbul edilib-edilməməsi öz əksini tapmamışdır. Belə olduğu təqdirdə notarius tərəfindən miras payın bağışlanması müqaviləsi tərtib edilə bilməzdi. Çünki hər bir vərəsə faktiki olaraq mirasın tərkibinə daxil olan əmlaklara dair şəhadətnamə verilməsi ilə bağlı ərizələr versələr də notarius tərəfindən paylar müəyyən olunmamışdır. Bir halda paylar müəyyən olunmayıbsa, hər bir vərəsənin payı şəhadətnamə ilə müəyyənləşdirilməyibsə hansı payın bağışlanmasından söhbət gedir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında gösrərmişdir ki, iddia heç bir əsas olmadan, qərəzli olaraq qaldırılmışdır. Belə ki, iddiaçı 30 ildən çoxdur ki, hazırki ünvandan Şirvan şəhərinə köçərək orada ailə qurub yaşamışdır. Hazırki mübahisə ilə əlaqədar isə bildirir ki, onun könüllü surətdə öz razılığı ilə bağışlama həyata keçirilmişdir. Belə ki, o anlaqlı və fəaliyyət qabiliyyəti olan şəxsdir. Lakin aradan bir müddət keçdikdən sonra tərəflərin övladları arasında sözlə mübahisə baş vermiş, bundan sonra iddiaçının arvadı iddiaçını təhrik edərək qərəzli şəkildə cavabdehdən qisas almaq niyyəti ilə belə bir iddia qaldırmağa məcbur etmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən iddia tələbi tam əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 44 saylı Notariat ofisinin notariusu Hikmət Süleymanlı 13 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət ünvanlayaraq, müraciətində bildirmişdir ki, sözügedən vərəsəlik işi ilə bağlı vərəsələrin müraciəti qəbul edilmiş, bütün hallarda olduğu kimi qanunla tələb olunan zəruri sənədlər toplanmış, hüquq və vəzifələri onlara izah edilmiş, onların həqiqi niyyəti və fəaliyyət qabiliyyəti yoxlanıldıqdan sonra qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi tərəfindən verilmişdir. Məhkəmə baxışı iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri 44 saylı Notariat ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il traixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh mərhum X2ndan miras qalan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, 533 ünvanında yerləşən ümumi sahəsi 61.5 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.004 ha olan torpaq sahəsinə tam hissədə pay almalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu X19 küçəsi 533 saylı daşınmaz əmlak xüsusi mülkiyyət kimi X12 məxsusdur. İş materiallarında olan AZ-İ 543825 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə kəskin koronar çatmamazlığı səbəbindən vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 304712 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə beyin ödəmi səbəbindən vəfat etmişdir. İş materiallarında olan **********343 saylı 10 fevral 2023-cü il tarixli ərizənin surətindən görünür ki, X13 Bakı şəhəri 44 saylı Notariat ofisinə müraciət edərək atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən göürnür ki, X13 xx.xx.1967-ci il tarixdə anadan olmuş, X2, anası X4r. İş materiallarında olan **********344 saylı 10 fevral 2023-cü il tarixli ərizənin surətindən görünür ki, X9 Bakı şəhəri 44 saylı Notariat ofisinə müraciət edərək atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan AZE 14575965 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1964-cü il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli **********342 saylı ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 44 saylı Notariat ofisinə müraciət edərək atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, X2, anası X4r. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli **********340 saylı ərizənin surətindən görünür ki, Bağırova (Eyyubova) Əminə Ağabala qızı Bakı şəhəri 44 saylı Notariat ofisinə müraciət edərək atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1965-ci il tarixdə anadan olmuş, X2, anası X4r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X13, X9 və İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş ataları X10 vəfatından sonra onlara çatası miras payını Bağırova (Eyyubova) Əminə Ağabala qızına bağışlamışlar. Müqavilənin 1.3-cü bəndinə əsasən X13, X9 və X11 izah olundu ki, mirasın tərkibinə daxil olan əmlakdakı miras paya sərəncam verilməsinə dair bu müqavilə rəsmiləşdirildikdən sonra, miras qalmış bütün əmlakın tərkibinə daxil olan paylar üzərində sərəncam verilmiş olur və gələcəkdə şəhadnamə verilməli olan mirasın hər hansı bir predmetinə dair şəhadətnamə tələb edilə bilməz. Müqavilənin 1.4-cü bəndinə əsasən, tərəflər notariusun iştirakı ilə fəaliyyət qabiliyyətlərindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə maneə ola bilən xəstəliklər keçirmədiklərini, habelə bu müqavilənin rəsmiləşdirilməsi ilə əlaqədar onlara zorakılıq və hədə təsirlərinin olmadığını bildirdilər. Məhkəmə ilk öncə iddianın xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.[331] Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; Mülki Məcəllənin 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında 44 saylı notaiat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin bağlanması (rəsmiləşdirilməsi) zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, müqavilə üzrə tərəflər şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən bağışlama müqaviləsini imzalamışlar. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmişdir. Məhkəmə iddiaçı xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin müqavilə bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia bu hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə doğma bacı-qardaşdırlar. Onların ataları X15 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, atalarının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu X19 küçəsi 533 saylı daşınmaz əmlak 4 vərəsə - övladları X13, X9 və İddiaçı və Bağırova (Eyyubova) Əminə Ağabala qızına miras qalmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə digər vərəsələrlə birlikdə onlara çatan miras payını bacıları Bağırova (Eyyubova) Əminə Ağabala qızına bağışlamışlar. Göründüyü kimi, iddiaçı atasından qalan mirasdan ona çatası payı cavabdehə bağışlanmasına dair müqavilə hər hansı şərtlə şərtləndirilməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi hallar tərəflərin müqavilə bağlayarkən aldadılması kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir. Eyni zamanda məhkəmə qeyd edir ki, miras şəxsin ölümü ilə açıldığından və Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, hazırki mübahisə üzrə də iddiaçı, cavabdeh və digər iki vərəsə mirasın qəbulu barədə ərizə təqdim etdiklərindən, miras əmlak onların mülkiyyəti sayıldığından notariat ofisi tərəfindən düzgün olaraq Mülki Məcəllənin 666-674 və 1292-ci maddəsinin tələblərinə əsasən onlara çatan miras payının Cavabdeh bağışlanmasına dair müqaviləni rəsmiləşdirmişdir. Belə ki, hər bir miras şəriki kimi iddiaçı da öz miras payına dair sərəncam verərək bu barədə müqavilə bağlamış və sözügedən müqavilə notarius tərəfindən təsdiqlənmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 10 fevral 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edildiyindən, sözügedən müqavilə hüquqi qüvvəsini qoruyub saxladığından, iddia tələbinin “30 mart 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin qismən etibarsız hesab edilməsi, onun əsasında qəbul edilmiş Çıxarışın ləğv edilməsi, ¼ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsi” hissələri iddianın ilk hissəsi bağlı olduğundan, həmin hissələrdə də iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 44 saylı Notariat ofisini cəlb etməklə Cavabdeh qarşı bağışlama müqaviləsinin, vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, vərəsəlik payının müəyyən edilməsinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4460/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4460/2023
30.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver