Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4471/2024 09.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı Asan Xidmət Notariat ofisində bağlanmış bağışlanma muqaviləsi bağlandığı gündən etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızıdır. xx.xx.2023-cü il tarixdə qızına özünün yaşadığı evi sağ ikən bağışlamaq qərarına gəlmiş və bu barədə qızına bildirmişdir. Demişdir ki, “sağ ikən bu mənzili bağışlayır, amma bu şərtlə ki, o, nə qədər yaşayırsa bu ev satılmayacaqdlr.” Qızı Şəfəq onunla razılaşmışdır və o 3 saylı Bakı ASAN xidmətinin notarist ofisində evi ona bağışlamışdır. Qızı Türkiyə Respublikasında yaşayır və ona xx.xx.2018-ci il tarixdə etibarnamə verərək bütün əmlakının idarə edilməsini ona həvalə etmişdir. O, mülkiyyətindəki evi qızına bağışlayandan bir müddət sonra qızı ona verdiyi etbarnaməni ləğv etdirmişdir. O buna əhəmiyyət verməmişdir. Amma bir müddət əvvəl öyrənmişdir ki, qızının külli miqdarda borcu oduğundan bu mənzili satmaq fikrindədir. Qızına bu barədə müraciət etdikdə bildirmişdir ki, evi satıb yenisini alacaqdır, o buna etirazını bildirdikdə buna məhəl qoymamışdır. O hal-hazırda mübahisəli mənzildə yaşayır və bundan başqa yaşamağa yeri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bütün uşaqlarını yerbəyer etmişdir. Bu mənzili də qızına bağışlamışdır. Lakin məqsədi vəfat etdikdən sonra evin bu övladına qalması idi. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, qızı digər qızına zəng edərək bildirmişdir ki, bu evi satıb borclarını ödəyəcək, onu da evdən çıxaracaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 4Ə-1218 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh bağışlanmışdır. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 4Ə/1218 reyestr nömrəli notariat işində olan İddiaçı 19 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, bildirir ki, heçkimlə rəsmi nikahı yoxdur. Gələcəkdə bununla bağlı mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürməyə hazırdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh isə onun bacısıdır. Anası tərəfindən bacısına yaşadığı mənzilin bağışlama müqaviləsi əsasında verildiyindən xəbərsiz olmuşdur. İddiaçı yaşlı və müəyyən sağlamlıq problemləri olan insandır. Bacısı bundan istifadə edərək anasına mənzili ona bağışlaması üçün təkid etmişdir. Bacısı uzun müddətdir Türkiyədə yaşayır, orarda evlənmişdir və onlarla əlaqə saxlamır. Yaşadığı ölkədə müəyyən şəxslərə borcları vardır və düşünür ki, Şəfəqin ilkin planı anasının mənzilini əlindən almaq və mənzilin satışından əldə etdiyi gəliri borclarının bağlanması üçün xərcləməkdən ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh isə onun bacısıdır. Anası övladları arasında əmlak bölgüsü ilə bağlı gələcəkdə mübahisələrin yaranmaması üçün özünün tək yaşayış yeri olan mənzilini digər övladlarından xəbərsiz bacısı Şəfəqə bağışlamışdır. Amma bunu edərkən onun fikri mənzilin ölümündən sonra Şəfəq tərəfindən istifadə edilməsi olmuşdur. Bağışlama müqaviləsi bağlanan zaman anası ona bu barədə məlumat verməmişdir. 2024-cü ilin yanvar ayında bacısı Şəfəq ona zəng edərək Türkiyə Respublikasında yüksək məbləğdə borclarının yarandığını, həmin şəxslərin onu təhdid etdiklərini və özünün pula ehtiyacı olduğunu bildirmişdir. Eləcə də borclarının bağlanması üçün anası tərəfindən ona bağışlama müqaviləsi əsasında verilmiş mənzili satışa çıxaracağını və dəyərindən də ucuz satacağını qeyd etmişdir. Anasının həmin mənzildən başqa yaşayış yeri yoxdur. O, yaşlı və xəstə qadındır. Mənzilin Şəfəq tərəfindən satılması faktiki olaraq anasının evsiz qalmasına gətirib çıxaracaqdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olmuş və sonradan xx.xx.2023-cü il tarixli 4Ə-1218 reyestr nömrəli müqaviləyə əsasən həmin mənzili qızı Cavabdeh bağışlamışdır. Hazırda isə İddiaçı Cavabdeh ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı hazırda iddia tələbində cavabdehə bağışladığı evi satacağı ehtimalını bildirsə də, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdehin iddiaçıya hər hansı hədə göstərməsi müəyyən edilmir. Şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırki iddia üzrə şahidlər iddiaçının yaxın qohumlarıdır. Bu baxımdan iş üzrə şahid ifadələri məhkəmə tərəfindən mötəbər sübut hesab edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya birbaşa mənzili tərk etməsi ilə bağlı müraciəti və yaxud mənzilin satışı ilə bağlı hər hansı cəhdi, iddiaçının evdən çıxarılması ilə bağlı fiziki və yaxud hüquqi addımlar atması, yəni ümumilikdə övladın valideynə qarşı üzərinə qoyulmuş vəzifələri icra etməməsi kimi hərəkətləri müəyyən edilmir. Bundan əlavə məhkəmə bildirir ki, bağışlama müqaviləsinin hər hansı şərtlə bağlanması notariat işindən görünmür. Hətta iddiaçı da izahatında digər övladları ilə mübahisənin olmaması baxımından, yəni bu övladına da əmlakın qalması üçün özünəməxsus mənzili ona bağışladığını bildirmişdir. Bu baxımdan iddiaçının iradə ifadəsinin də əmlakı qızına bağışlamaq olduğu öz təsdiqini tapır. İddia ərizəsində cavabdehin ona vermiş olduğu etibarnamənin ləğv edilməsi qeyd edilsə də, bu barədə sübut təqdim edilməmişdir. Bundan əlavə şahid Röya Salamzadə ifadəsində yanvar ayında bacısının ona zəng edərək evi satacağını və anasının evdən çıxaracağını bildirdiyini qeyd etsə də, bir ilə yaxın müddətdir ki, mənzilin satışı ilə hər hansı hərəkətin edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Hal-hazırki işin üzrə cavabdehin iddiaçıya qarşı “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin pozulması kimi hallarının mövcudluğunu iddiaçı sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin mərc oyunlarına qurşanması, Türkiyədə külli miqdarda borcunun olması, bu səbəbdən mübahisəli evi satmaq istəməsi barədə qeyd edilənlər sadəcə mülahizələrdən ibarətdir. Bundan əlavə məhkəmə bildirir ki, AZEMİS elektron sistem üzrə cavabdehin sərhədkeçmə məlumatlarında ölkədən çıxışı görünmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı ASAN Xidmət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsi bağlandığı gündən etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməli və iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı ASAN Xidmət Notariat Ofisində bağlanmış bağışlanma müqaviləsi bağlandığı gündən etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4471/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4471/2024
09.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver