Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4477/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Fidan X2 qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin cavabdeh Fidan X2 qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Fidan X2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********22351 VİVO Y22 markalı telefon, HHUAWEİ FREEBUDS SE Qulaqlıq üçün 318.37 (üç yüz on səkkiz manat otuz yeddi qəp) manat ödənilməmiş hissə, 31.63 (otuz bir manat altmış üç qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ FREEBUDS SE qulaqlıq üçün 53.12 (əlli üç manat on iki qəp) manat ödənilməmiş hissə, 5.88 (beş manat səksən səkkiz qəp) manat cərimə, ümumilikdə 409 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********22351 olan VİVO Y22 markalı telefon, HHUAWEİ FREEBUDS SE Qulaqlıq, HUAWEİ FREEBUDS SE qulaqlıq almış və nəticədə 409 (dörd yüz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636.12 (altı yüz otuz altı manat on iki qəp) manat (18 ay x 35.34 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU olan **********22351 VİVO Y22 markalı telefon, HHUAWEİ FREEBUDS SE Qulaqlıq üçün ümumilikdə, 350 (üç yüz əlli) manat olmaqla ondan, 318.37 (üç yüz on səkkiz manat otuz yeddi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 31.63 (otuz bir manat altmış üç qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 117.96 (yüz on yeddi manat doxsan altı qəp) manat (12 ay x 9.83 manat + 0 manat ilkin ödəniş) HUAWEİ FREEBUDS SE qulaqlıq üçün ümumilikdə, 59 (əlli doqquz) manat olmaqla ondan, 53.12 (əlli üç manat on iki qəp) manat ödənilməmiş hissə, güzəşt 5.88 (beş manat səksən səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 382.59 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02694527 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ‘”VİVO Y22 4/64GB METAVERSE GREEN” markalı telefon və “HUAWEİ FREEBUDS SE BLUE” markalı qulaqlıq nisyə satılmışdır.
5. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
6. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən 02694527 nömrəli müqaviləyə əsasən məhsul tam qüsursuz halda iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
7. xx.xx.2023-cü il tarixli, 02694527 saylı alqı-satqı müqaviləyə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olunmadan alınan əşyanın dəyərinin hər ay 35,34 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
8. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 63,61 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
9. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09481812 saylı alqı-satqı müqaviləsinə əsasən “HUAWEİ FREEBUDS SE BLUE” markalı qulaqlıq nisyə satılmışdır.
10. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.
11. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən 09481812 nömrəli müqaviləyə əsasən məhsul tam qüsursuz halda iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
12. xx.xx.2023-cü il tarixli, 09481812 saylı saylı alqı-satqı müqaviləyə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 9,83 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
13. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 11.8 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.
14. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
15. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 318,37 manat ödənilməmiş əsas borcu, 31,63 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 53,12 manat ödənilməmiş əsas borc, 5,88 manat cərimə olmaqla, cəmi 371,49 manat əsas borc, 37,51 manat cərimə, ümumilikdə isə 409 manat borcu vardır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
22. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya ümumilikdə 371,49 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 31.63 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 5.88 manat ümumilikdə 37,51 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri üzrə 371,49 manat əsas, 37,51 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh Fidan X1 371,49 manat əsas, 37,51 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 439 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil