Məhkəmə qərarları › İş №e-2(004)-4516/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4516/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4516/2022 16.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci tarixli, YK13616 nömrəli müqaviləyə əsasən nisyə alınmış məişət məhsulu üçün ödənilməmiş 1.592 manat qalıq borcu və 408,83 manat cərimə borcu olmaqla, cəmi 2.000,83 manat borcun və həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə bildirişini Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil alsa da, məhkəməyə onun tərəfindən hər hansı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC xx.xx.2021-ci tarixli, YK13616 nömrəli müqaviləyə əsasən cavabdehə 1.994 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd Mikser maxwel MW-1358 white məişət məhsulunu 12 ay müddətinə hər ay 158 manat ödəniş etmək şərtilə nisyə satılmışdı. Məhsullar cavabdehə xx.xx.2021-ci il tarixli akta əsasən təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci tarixli, YK13616 nömrəli müqavilə üzrə 1592 manat qalıq borcu və 408,83 manat cərimə borcu yaranmışdır. Göründüyü ki, cavabdeh müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməmiş və borcun qaytarılmasına dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə iddiaçı tərəfindən yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı cihazın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2021-ci tarixli, YK13616 nömrəli müqaviləyə əsasən nisyə aldığı 1994 manat dəyərində məhsul üçün 1.592 manat ödənilməmiş hissə, 408,83 manat cərimə olmaqla ümumilikdə, 2000,83 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, cərimə borcunun tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək hesablanmış xx.xx.2021-ci tarixli, YK13616 nömrəli müqavilə üzrə 408,83 manat cərimə məbləği azaldılaraq, əsas borcun (1592 manat) 5%-i həcmində, yəni 79,6 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması məqsədəmüvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair iddia tələbi də qismən təmin edilməli və ödənilmiş 40 manat dövlət rüsumunun 36,71 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissədə, yəni 3,19 (üç manat on doqquz qəpik) manat isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, xx.xx.2021-ci tarixli, YK13616 nömrəli müqaviləyə əsasən nisyə alınmış 1994 manat dəyərində məişət məhsulu üçün qalıq qalmış 1.592 manat əsas borc, əsas borca mütənasib olaraq 79,6 manat cərimə borcu olmaqla, cəmi 1671,6 manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 36,71 manat dövlət rüsumu, ümumilikdə 1708,31 (bir min yeddi yüz səkkiz manat otuz bir qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci tarixli, YK13616 nömrəli müqaviləyə üzrə 1.592 manat əsas borc və 79,6 manat cərimə borcu olmaqla, cəmi 1671,6 manat borc, məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 36,71 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1708,31 (bir min yeddi yüz səkkiz manat otuz bir qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəməyə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 3,19 (üç manat on doqquz qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar