Məhkəmə qərarları › İş №e-2(004)-4517/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4517/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4517/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İri Şəhərlərin X1 publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İri Şəhərlərin X1 publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 02 iyul 2024-cü il tarixində baxış keçirilərək sudan qeyri-qanuni istifadə edilməsinə dair akt tərtib edilmişdir. Aktda qeyriqanuni sudan istifadə olunduğu iddiası irəli sülürərək 2196 manat cərimə hesablanmışdır. Həmin cərimə borcu əsassız və qanunsuzdur. Həmin akt ləğv edilməli və akta əsasən hesablanmış 2196 manat borc silinməlidir. Belə ki, sayğaca və xəttə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Cavabdeh tərəfin iddia etməsinə görə guya mövcud su xəttləri yoxlanarkən iç diametri d – 15 mm olan kənar xətt aşkarlanmışdır. Lakin əsla belə bir hal mövcud olmamışdır. Bu səbəbdən, borcun silinməsi və iddia tələbinin təmin olunması xahiş olunur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İri Şəhərlərin X1 publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına sudan qanunsuz istifadə faktına dair tərtib edilmiş 602546 nömrəli akt əlavə edilmişdir. Akta əsasən müəyyən edilir ki, sözügedən avtoyuyucuda iç diametri 15 mm olan kənar xətt mövcuddur. Həmin kənar xəttlərlə bağlı video görüntülər CD formasında iş materiallarına əlavə edilmişdir. İş materiallarına abonentin saldo məlumatları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər müqavilə üzrə öhdəlik münasibətləridir və mübahisənin hüquqi əsasını tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 13926941 nömrəli müqavilə üzrə münasibətlər təşkil edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- İddiaçı varlanmışdır. 2-ci şərt də ödənilir- İri Şəhərlərin X1 publik hüquqi şəxsi əldə etməli olduğu vəsaitdən məhrum olmuşdur. 3-cü dispozitiv şərt də ödənilir- istehlakçının əldə etməsi (varlanması, faydalanması) qanunsuz istifadəyə, yəni, qanunsuz, sayğacdankənar xəttə əsaslanmışdır. Müəyyən edilir ki, iddiaçıya əvvəllər də cavabdeh orqan tərəfindən 2 (iki) dəfə eyni mahiyyətli cərimələr tətbiq edilmiş və həmin məbləğlər iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosuna əsasən müəyyən edilir ki, cavabdeh orqan tərəfindən mübahisə predmeti olan aktla cərimə tətbiq edilənədək dövr ilə cərimə tətbiq edildikdən sonraki dövr arasında abonentin sudan istifadənin miqdarı barədə kəskin dəyişiklik baş vermişdir. Yəni, sudan istifadənin göstəriciləri bir neçə dəfə artmışdır. Bu da hakimin daxili inamının formalaşmasına əsaslı təsir etmişdir. Müqavilə münasibətləri üzrə abonent istifadə etdiyi suyun ödənişini müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində İri Şəhərlərin X1 publik hüquqi şəxsə ödəməlidir. Bu hal həmçinin sağlam vətəndaşlıq mövqeyi olmaqla hüquqi olmaqla vətəndaş cəmiyyətinin əsas şərtlərindən biridir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi istiqamətində zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, hazırki tələb üzrə borcun yaranması əsaslarını sübut etmək vəzifəsi hakimiyyət səlahiyyətli cavabdeh orqanın üzərindədir. Lakin, bu xüsusat iddiaçını sübutetmə yükündən, aktiv prosessual fəaliyyətdən azad etmir. Nəzərə alaq ki, məhz iddiaçı hesablanmış borcun əsassız, artıq miqdarda hesablandığını iddia edir. İddiaçı tərəfindən iddianın əsaslılığına dəlalət edən ilkin əsaslı hallar müəyyən edilməmiş, sonuncu məhkəmə iclasında iştirak edən zaman isə iddia tələbini əsaslandıra bilməmiş, mübahisə barədə özünün məlumatsız olduğunu, əmisinin həmin obyekti işlətdiyini, nəzarət etdiyini bildirmişdir. İddiaçının əmisi mülki iş üzrə tərəf olmadığından onun fikirləri dinlənilməsi mümkün hesab edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olmalı və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd oluna xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh İri Şəhərlərin X1 publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar