Məhkəmə qərarları › İş №e-2(004)-4582/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4582/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4582/2025 05.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qulamhüseyn oğluna qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Qulamhüseyn oğluna qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-121-SA-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Skoda Kamiq 1.6 MPİ, buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi,o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 70680 manat müəyyən edilir. Tərəflərin razılığı ilə ilkin ödəniş 0 manat olmaqla, qalan borc isə xx.xx.2024-cü il tarixdən etibarən 60 ay müddətində ayda 1178 manat olmaqla alıcı ödəməyi öz öhdəsinə götürür. Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 faizi həcmində cərimə ödəyəcəkdir.

2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmişdir.

3. xx.xx.2025-ci il tarixində satıcı İddiaçı MMC, ilkin alıcı X4 və sonrakı alıcı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli B-121-SA-23 nömrəli müqaviləyə üçtərəfli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən xx.xx.2023-cü il tarixli B-121-SA-23 nömrəli müqavilə üzrə Alıcıya məxsus bütün hüquq və öhdəliklər Cavabdeh ötürülmüş, X4 tərəfindən edilən aylıq ödənişlər də Cavabdeh tərəfindən ödənişlərin edilməsi zamanı nəzərə alınması göstərilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh Qulamhüseyn oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən xx.xx.2023-cü il tarixli B-121-SA-23 nömrəli müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmiş və qeyd olunmuş 1800 manat cərimə məbləğinin ödənilməsi tələb olunmuşdur.

5. İddiaçı MMC tərəfindən Cavabdeh Qulamhüseyn oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqla müqaviləyə xitam verildiyi bildirilmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh Qulamhüseyn oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə akt sonuncuya göndərilmişdir.

7. İddiaçı tərəfindən verilmiş təmir aktına əsasən “Skoda Octavia 1.6 MPİ” markalı (VİN:TMBGC6NW3P3160906) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan yekun xərc 2903,82 manat müəyyən edilmişdir.

8. İnzibati xəta haqqında protokollardan və ödəniş qəbzlərindən görünür ki, Cavabdeh Qulamhüseyn oğlunun **-AB-*** nömrəli avtomobillə törətdiyi inzibati xətalara görə komissiya məbləğləri ilə birlikdə cəmi 222 manat məbləğdə cərimə ödənişləri həyata keçirilmişdir.

9. İddiaçı və X6 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, B-002-SA-25 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Skoda Kamiq 1.6 MPİ, buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi,o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 57780 manat müəyyən edilir.

10. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, B-121-SA-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 58900 manat qalıq ödənişi qalmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 1120 manat, real olaraq təmir üçün çəkilmiş xərc olan 2903,82 və inzibati xəta tənbehi üzrə cərimələr 222 manat olmaqla, ümumilikdə 4245,82 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, İddiaçı MMC və X4 arasında sonuncunun şəxsi istifadəsi üçün nisyə avtomobil Alqı satqısına dair xx.xx.2023-cü il tarixli B-121-SA-23 nömrəli Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 70680 manat müəyyən edilən Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW3P3160906), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Alıcı tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 70680 manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1178 manat olmaqla Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixində satıcı İddiaçı MMC, ilkin X4 və sonrakı alıcı və iddia üzrə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli B-121-SA-23 nömrəli müqaviləyə üçtərəfli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən xx.xx.2023-cü il tarixli B-121- SA-23 nömrəli müqavilə üzrə alıcıya məxsus bütün hüquq və öhdəliklər Cavabdeh ötürülmüş, X4 tərəfindən edilən aylıq ödənişlər də Cavabdeh tərəfindən ödənişlərin edilməsi zamanı nəzərə alınması göstərilmişdir. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh Şahbazov X2 üzrə ödəniş öhdəliklərini vaxtında icra etməmiş, sonuncu edilmiş ödəniş tarixindən sonra müqaviləyə xitam verilən tarixə kimi heç bir aylıq ödəniş etməmiş, bu aylar ərzində avtomobili geri qaytarmamış, həmçinin həmin dövtrdə inzibati tənbeh növündə müxtəlif cərimələr tətbiq edilmiş və cavabdeh tərəfindən ödənilməmişdir. Bununla da cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli B-121- SA-23 nömrəli müqavilənin 3.2.6-cı bəndinin a), c) və d) hissələrinin şərtləri pozulmuşdur. Gecikmələri barədə əməkdaşları tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilsə də nəticə olmamışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, **-AB-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024cü il tarixində Daxili İşlər Nazirliyinin müvafiq duracağından nümayəndə tərəfindən götürülmüşdür. Avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarıldıqdan sonra cavabdehə xx.xx.2024-cü il tarixli məktubla İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçiriləcəyi barədə məlumat verilmiş və təhvil-təslim edilməsi üçün dəvət edilmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh iştirak etmədiyi səbəbindən, onun iştirakı olmadan avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair ilkin baxış aktı tərtib olunmuşdur. Həmin baxış əsasında avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün vurulmuş zərər müəyyən edilmiş və təmir işləriaparılmışdır. Bu xərclərin dəyəri 2903,82 manat təşkiledir. Avtomobilə baxış keçirilərkən cavabdeh tərəfindən 42863 km yürüş ilə geri qaytarıldığından avtomobilin dəyəri 25 faiz dərəcədə azalmışdır. Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-121-SA-23 nömrəli Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobillə bağlı qeyd olunan xərclər tərəfimizdən ödənildikdən sonra xx.xx.2023-cü il tarixli B-121-SA-23 nömrəli müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 42863 km yürüşü olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW3P3160906) yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə X6 arasında bağlanmış xx.xx.2025-ci il tarixli B-002-SA-25 nömrəli, nisyə alğısatqımüqaviləsinə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 57780 manat müəyyən edilmişdir. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Hazırda sonuncu müqavilə qüvvədə olmaqla Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW3P3160906) avtomobil X1. xx.xx.2023-cü il tarixli B-121-SA-23 nömrəli müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satılqıdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcıməhkəmə yolu iləbu məbləği tələb edəcəkdir.

b) iddiaya etiraz

13. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

14. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.

17. İnzibati Xətalar Məcəlləsi: Maddə 150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

20. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış zərərin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir.

21. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

22. Belə ki, müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyi, müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyi iş materialları ilə təsdiq olunur. Nəticədə hesablanmış 4245,82 manat cəmi zərər məbləğindən 1120 manatı alqısatqı müqavilələri arasındakı fərq məbləğidir ki, bu formada zərərin əvəzinin ödənilməsini tələb etmək iddiaçının hüququdur. Əvvəlki müqavilə üzrə cavabdehin ödənilməmiş qalıq borcu 58900 manat, müqavilə ləğv edildikdən sonra isə avtomobilə dair üçüncü şəxslə bağlanmış yeni müqavilənin dəyəri 57780 manat olmuşdur.

23. Mülki Məcəllənin 645.2-ci maddəsinə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.

24. Avtomobilin real təmiri üçün çəkilməli xərcin məbləğinin 2903,82 manat olduğu işdəki təmir aktı ilə təsdiqini tapır. Odur ki, bu hissədə də iddia tələbi təmin olunmalıdır.

25. İnzibati cərimə məbləğlərinin iddiaçı tərəfindən ödənilməsi nəticəsində hesablanmış 222 manat zərər məbləği ilə bağlı hissədə də iddia tələbi təmin edilməlidir.

26. Avtomobil iddiaçının sahibliyinə qaytarıldıqdan sonra cərimə məbləğlərinin ödənilməsi ilə bağlı öhdəlik iddiaçı tərəfindən icra edilmişdir. Bu ona görə vacibdir ki, cərimələr ödənilmədikdə avtomobildən istifadə mümkünsüzdür.

27. İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.

28. Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 62,46 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Beləliklə, iddia təmin edilməli, Cavabdeh Qulamhüseyn oğlundan alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 1120 manat, real olaraq təmir üçün çəkilmiş xərc olan 2903,82 manat və inzibati xəta tənbehi üzrə cərimələri görə 222 manat olmaqla, ümumilikdə 4245,82 manat məbləğində pul və 62,46 manat ödənilmiş dövlət rüsumu, cəmi 4308,28 manat məbləğdə pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 1120 manat, təmir üçün çəkilmiş xərc olan 2903,82 manat, inzibati xətalara görə ödənilmiş cərimə məbləğlərinə görə 222 manat olmaqla, ümumilikdə 4245,82 manat məbləğdə pul və 62,46 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4308,28 manat məbləğdə pul Cavabdeh Qulamhüseyn oğlundan tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar