Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4597/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehler Cavabdeh2 və X1 İddiaçı MMC-nin xeyrinə 2825 manat məbləğində əsas borcun və illik 5 faiz məbləğində hesablanmaqla 34 manat pulun və ödənilmiş 74 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin “SYM ORBİT 49CC” markalı, qara rəngli LXMXEA101LXA28853 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh2 oglu və X1 tutularaq İddiaçı MMC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh2 arasında 28/21 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 3900 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə digər Cavabdeh1 arasında 28/21 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. Qeyd edir ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli girov müqaviləsinə əsasən 2020-ci il istehsalı, “SYM ORBİT 49CC” markalı, qara rəngli, LXMXEA101LXA28853 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Həmin müqavilənin 4.2-ci və 4.3-cü bəndlərinə əsasən “girov qoyan” öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində “Girov saxlayan”ın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 2825 (iki min səkkiz yüz iyirmi beş) manat təşkil etməkdədir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən “Alıcı” ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi təqdirdə “Satıcı”nın ilkin tələbi ilə nəqliyyat vasitəsini geri qaytarır və bununla bağlı “Satıcı”ya vurulmuş ziyan məbləğini tam şəkildə ödəməlidir. Lakin cavabdehlərə dəfələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada, eyni zamanda xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdehlər ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadırlar. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 2526 (iki min beş yüz iyirmi altı) manat təşkil edir. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, eyni zamanda onların istifadəsində olan mobil telefon nömrələrinə sms bildiriş göndərilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sms bildirişlərin çatdırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 28/21 saylı, xx.xx.2021-ci il tarixli nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” İddiaçı MMC “Alıcı” Cavabdeh2 ümumi dəyəri 3900 manat olan 2020-ci il buraxılışlı, “SYM ORBİT 49CC” markalı, qara rəngli, LXMXEA101LXA28853 ban nömrəli nəqliyyat vasitəsini 300 manat ilkin ödəniş etməklə hər ay 300 manat ödəniş etmək şərti ilə 12 ay müddətinə satmışdır. - 28/21 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə 01 saylı “alqı-satqı premetini təşkil edən nəqliyyat vasitəsinin təhvil-təslim aktı”ndan görünür ki, Cavabdeh2 nəqliyyat vasitəsini təhvil almışdır. - Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 28/21 saylı, xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 28/21 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyətə zamin olmuşdur. - 28/21 saylı, xx.xx.2021-ci il tarixli girov müqaviləsindən görünür ki, alqı-satqı müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə Cavabdeh2 tərəfindən 2020-ci il istehsalı, “SYM ORBİT 49CC” markalı, qara rəngli, LXMXEA101LXA28853 ban nömrəli nəqliyyat vasitəsi İddiaçı MMC-nin xeyrinə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2022-ci il tarixində nəqliyyat vasitəsinin girovla yüklü edilməsi qeydiyyata alınmışdır. Həmin müqaviləyə əsasən girov predmeti 3.600 (üç min altı yüz) manat dəyərində qiymətləndirilmişdir. Müqavilə qüvvədə olduğu müddətdə girov predmeti isə “Girov qoyan” Cavabdeh2 sahibliyində və istifadəsində qalır. Həmin Müqavilənin 4.2-ci və 4.3-cü bəndlərinə əsasən “Girov qoyan” öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində “Girov saxlayan”ın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. - daşınar əşyanın yüklülüyünün dövlət reyestrinin yüklülük haqqında bildirişindən müəyyən edilir ki, “SYM ORBİT 49CC” markalı, LXMXEA101LXA28853 ban nömrəli nəqliyyat vasitəsi İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, 28/21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh2 2825 manat əsas, 34 manat faiz borcu, 2526 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 276.1-ci maddəsinə görə ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296-cı maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, tərəflər arasında nisyə-alqı satqı və girov müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 269.11-ci maddəsinə əsasən girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən təmin edilməli, 28/21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış 2526 manat cərimə azaldılaraq, əsas borc 2815 manatın 5%-i məbləğində, yəni 141,25 manat cərimə müəyyən edilməlidir. Həmçinin işə əlavə edilmiş 28693 nömrəli “E-Manat” qəbzindən müəyyən edilir ki, hüquqi xidmət göstəriləməsi üçün iddiaçı tərəfindən vəkilin hesabına komissiya xərci daxil olmaqla 200 manat ödəniş edilmişdir. Odur məhkəmə hesab edir ki, məhkəmə xərci hesab olunan vəkilin xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırki iddia tələbi qismin təmin edildiyindən iddia tərəfindən ödənilmiş 74 manat dövlət rüsumunun iddia tələbinin təmin olunduğu hissəsi, yəni 50 manatı cavadehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2.825 manat əsas borc, 141,25 manat cərimə, müqavilə üzrə müddət bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 34 manat faiz borcu, 50 manat dövlət rüsumu və 200 manat vəkil xərci olmaqla, cəmi 3250,25 manat müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi Cavabdeh2 mülkiyyətində olan və girov qoyulmuş 2020-ci il buraxılışlı, “SYM ORBİT 49CC” markalı, qara rəngli, LXMXEA101LXA28853 ban nömrəli nəqliyyat vasitəsinə (moped) yönəldilməli, girov qoyulmuş nəqliyyat vasitəsinin (mopedin) satışından əldə olunmuş məbləğ borc məbləğinin ödənilməsinə yönəldilməli, girov qoyulmuş nəqliyyat vasitəsinin (moped) satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. İddiaçının tələbi ödənildikdən sonra girov qoyulmuş nəqliyyat vasitəsinin (moped) satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2.825 manat əsas borc, 141,25 manat cərimə, müqavilə üzrə müddət bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 34 manat faiz borcu, 50 manat dövlət rüsumu və 200 manat vəkil xərci olmaqla, cəmi 3250,25 manat müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 mülkiyyətində olan və girov qoyulmuş 2020-ci il buraxılışlı, “SYM ORBİT 49CC” markalı, qara rəngli, LXMXEA101LXA28853 ban nömrəli nəqliyyat vasitəsinə (moped) yönəldilsin. Girov qoyulmuş nəqliyyat vasitəsinin (mopedin) satışından əldə olunmuş məbləğ borc məbləğinin ödənilməsinə yönəldilsin. Girov qoyulmuş nəqliyyat vasitəsinin (moped) satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulsun. İddiaçının tələbi ödənildikdən sonra girov qoyulmuş nəqliyyat vasitəsinin (moped) satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-4597/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4597/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver