Məhkəmə qərarları › İş №e-2(004)-4630/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4630/2023

18.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4630/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4630/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “ANTRİKOT” restoranına dair Cavabdeh ASC tərəfindən tərtib edilmiş 007540 saylı 18 may 2023-cü il tarixli aktın ləğv edilməsi və hesablanmış 4104 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4630/2023 nömrəli qərardadı ilə iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4630/2023 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4630/2023 tarixli qərardadı əsaslı şəkildə qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur, iddiaçının şikayəti əsassız olduğu üçün təmin edilməməli və şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməklə baxılması üçün mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas dispozitiv şərt lazımdır:

1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.

2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. 3.Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Cavabdeh ASC Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) isə kommersiya hüquqi şəxsidir. Həmçinin, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Belə ki, iddiaçı ona məxsus olan kafe fəaliyyəti göstərən obyektə dair bağlanmış sudan istifadəyə görə müqavilə üzrə hesablanmış borcun silinməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 24-cü bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən, məhkəmə

Qərara aldı:

İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4630/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət baxılması üçün 2(004)-4630/2023 saylı mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin.

Sədrlik edən Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar