Məhkəmə qərarları › İş №e-2(004)-4631/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4631/2023

07.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4631/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi Nümayəndə2, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yelobank ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilinə aid hərracın yekunları barədə 28 sentyabr 2021-ci il tarixli YP № 153 saylı protokolun etibarsız hesab edilməsi, bağlanmış alqı-satqı müqaviləsinin və bunun əsasında "xxxx" ASC-yə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4299/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Nümayəndə2 17952, 64 ABŞ dolları və ödənilmiş 60 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutulması və tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərrracda satılması və satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4299/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Səbail rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Qətnamənin icrası ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilin hərracda satılması ilə əlaqədar “X1 Mərkəzi” MMC-yə göndərilmişdir. Hərracın keçirilərək yekunlaşması barədə İddiaçı icra şöbəsinin əməkdaşından məlumat almışdır. Hərracın yekunları barədə 28 sentyabr 2021-ci il tarixli YP № 153 saylı protokoluna əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzil tələbkar bank tərəfindən hərracda qəbul edilmişdir. Hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Keçirilən açıq hərracda ipoteka qoyan kimi iştirakı təmin edilməmiş və ipoteka saxlayanın tələbini ödəmək hüququ pozulmuşdur. Bildiriş hərrac vaxtından 30 gün öncə tərəfə çatdırılmalı idi. Halbuki qanunvericilikdə bildirişin 30 gün qalmış göndərilməsi nəzərdə tutulur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, kredit onun adınadır. Krediti ödəyirdilər. 2009-cu ildən sonra krediti ödəmədilər. Bank bildirdi ki, əsas borcu ödəyin, sonra faiz borcuna keçsinlər. 2021-ci ildən 2022-ci ilədək 11500 dollar pul ödədilər. Keçən ilin noyabr ayında öyrəndilər ki, ev bankın adına keçib. İcra məmuru gələrkən məlumat əldə ediblər. Məhkəmə olub. Daha sonra apellyasiya şikayəti verib. Hərrac barədə məlumatı olmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, tərəfin məhkəmə barədə məlumatı olub. İyun ayında icra məmuru evdən çıxarma ilə bağlı bildiriş göndərib, yəni hərrac barədə məlumatları olmayıb. Hərrac 2021-ci ildə olub. İddiaçının hərracın keçirilməsi barədə məlumatı icra məmurunun evdən çıxarılma ilə bağlı bildirişindən sonra olub. 2022-ci ilə kimi ödənişlər olunub. Onlar ilk iddiada cavabdeh kimi Bakı Hərrac Mərkəzini müəyyən etmişdilər. Onlarda olan məlumata görə Bakı Hərrac Mərkəzinin sənədinə əsasən çıxarış alınmışdır. Sonra məlum oldu ki, Bakı Hərrac Mərkəzi ümumiyyətlə o işi yekunlaşdırmayıb. Hərracın sənədlərini də tapa bilmirdilər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yelobank ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddianın təmin olunmamasını xahiş edir. Hesab edir ki, əldə etdikləri sənədlərə əsasən hərrac qanunauyğun keçirilmişdir. Banka göndərilmiş bildirişlər mövcuddur. Hərrac qanuni keçirilmişdir. Tərəflər arasında iki dəfə hərrac keçirilmiş, lakin baş tutmamışdır. Daha sonra banka təklif olunmuş, bank onu hərracdan almış və xx.xx.2022-ci il tarixində də çıxarış alınmışdır. Belə olan halda hesab edir ki, tərəf iddia qaldırmaq üçün müddəti ötürmüşdür. Əhəmiyyətsiz əqdi mübahisə etmə müddəti 1 il nəzərdə tutulmuşdur. Hesab edir ki, həmin protokol üzrə həmin müqavilə əhəmiyyətsiz əqd hesab olunaraq nəticələri mübahisələndirmə müddəti ötürülmüşdür. Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən əsas borc 10744 dollar, faiz borcu 7157 dollar, cərimə 50 dollardır. Hərrac mərhələsində tərəf 10647 dollar ödəniş etmişdir. Onu əsas borcdan silirlər. Balansa götürüləndən sonra 96,66 dollar borc qalır. Əmlaka görə 31875 manat balansa götürülüb. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-2262/2018 saylı qətnaməsi ilə Nümayəndə2 "xxxx" İKB ASC-nin xeyrinə 21 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş, 4969,74 ABŞ dolları əsas borc, 3534,55 ABŞ dolları faiz borcu və 95,71 ABŞ dolları cərimə, ümumilikdə 8600 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallarında olan sifarişçi Səbail Rayon İcra Şöbəsi, tələbkar "xxxx" ASC, borclular İddiaçı, Nümayəndə2, X5 və X4 ünvanlanmış “X1 Mərkəzi” MMC-nin xx.xx.2021ci il tarixli, 662 saylı X3 dair bildirişində qeyd edilmişdir ki, Səbail Rayon İcra Şöbəsi tərəfindən № 142720/2021-xx-xx/5154 saylı xx.xx.2021 tarixli məktubla Bakı şəh., Səbail r., Buxta küç., ev 166, mən. 21 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 50000 manat təşkil edir. Açıq hərrac 04 avqust 2021-ci il tarixində saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəkdir. İş materiallarında olan sifarişçi Səbail Rayon İcra Şöbəsi, tələbkar "xxxx" ASC, borclular İddiaçı, Nümayəndə2, X5 və X4 ünvanlanmış “X1 Mərkəzi” MMC-nin xx.xx.2021ci il tarixli, 685 saylı X3 dair bildirişində qeyd edilmişdir ki, Səbail Rayon İcra Şöbəsi tərəfindən № 142720/2021xx-xx/5154 saylı xx.xx.2021 tarixli məktubla Bakı şəh., Səbail r., Buxta küç., ev 166, mən. 21 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 42500 manat təşkil edir. Açıq hərrac 01 sentyabr 2021-ci il tarixində saat 11:00-da ünvan 6 ünvanında keçiriləcəkdir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəh., Səbail r., Buxta küç., ev 166, mən. 21 "xxxx" ASC tərəfindən alınmışdır. Əmlakın ilkin satış qiyməti 50000 manat, hərracda satılmış son qiymət 31875 manat təşkil edir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların qanunsuz keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamış. Həmçinin hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-yə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmalar, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Belə ki, hazırkı mübahisə üzrə isə “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilinə aid hərracın yekunları barədə 28 sentyabr 2021-ci il tarixli YP № 153 saylı protokolun, bağlanmış alqı-satqı müqaviləsinin və bunun əsasında "xxxx" ASC-yə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar