Məhkəmə qərarları › İş №e-2(004)-4636/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4636/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4636/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə XQDK02959 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 457 manat qalıq borcu, 227.96 manat cərimə borcu olmaqla, 684.96 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış XQDK02959 saylı xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə hissə-hissə hər ay üçün 42 manat, sonuncu ay üçün isə 37 manat ödəmək şərti ilə, 499 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikini şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2018-ci il tarixli müqavilə üzrə 457 manat qalıq borcu, 227.96 manat cərimə borcu olmaqla, cəmi 684.96 manat borcu yaranmışdır. Faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC borclu Cavabdeh ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli XQDK02959 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2018-ci il tarixli XQDK02959 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. Lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh Məcnun qızı arasında xx.xx.2018-ci il tarixidə dəyəri 499 manat olan malın alqı-satqısına dair XQDK02959 saylı müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.4.4-ci bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3% həcmində cərimə ödəməlidir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 227.96 manat təşkil edir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən XQDK02959 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd Vestel markalı televizor tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2018-ci il tarixli XQDK02959 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 499 manat məbləğindəki tələb hüququ “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir. “X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, XQDK02959 saylı alqı-satqı müqaviləsi üzrə 457 manat məbləğində əsas, 227,96 manat məbləğində cərimə borcu, ümumilikdə 684,96 manat məbləğində borcu yaranmışdır. 11 avqust 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-nin onunla bağlanmış xx.xx.2018-ci il tarixli XQDK02959 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilməsi və yaranmış borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə qeyd edilən əşyanın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun tərəf olduğu müqavilə üzrə iş materiallarında olan arayışa əsasən 457 manat əsas borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, yaranmış əsas və cərimə borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 457 manat, cərimə borcu 50 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 457 (dörd yüz əlli yeddi) manat əsas borc və 50 (əlli) manat cərimə olmaqla, cəmi 507 (beş yüz yeddi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar