Məhkəmə qərarları › İş №e-2(004)-4666/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4666/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4666/2024 18.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6009.83 (altı min doqquz manat səksən üç qəpik) manat məbləğində sığorta ödənişinin, 80.1 (səksən manat on qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx) qəpik xidmət haqqının, cəmi 6090.33 (altı min doxsan manat otuz üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı RAZ********** saylı, xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın İcbari sığortası” şəhadətnaməsi ilə "xxxx" ASC-də sığorta təminatı almışdır. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Hadisənin magistral kanalizasiya xəttində qəza baş verməsi nəticəsində baş verməsi faktı cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 13-16/2-04/03-4/11514/2023 nömrəli arayışında öz əksini tapmışdır. CFİ-0124/2023-AKT1804/23 saylı sığorta aktına əsasən 6009.83 (altı min doqquz manat səksən üç qəpik) manat məbləğində sığorta ödənişi sığortalı X4 bank hesabına köçürülmüşdür. Nəticədə iddiaçının cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə izahat verərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə izahat verərək tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC ilə X7 arasında bağlanmış dəymiş zərər məbləğinin razılaşdırılması barədə sazişə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən X5 məxsus olan qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə subasma hadisəsi nəticəsində dəymiş zərərin məbləği 6600 manat müəyyən edilmiş, azadolma məbləği çıxıldıqdan sonra 6010 manat sığorta ödənişi ödənilməsi barədə tərəflər razılıq əldə etmişdir. İş materiallarında olan AKT1804/23 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın icbari sığortası növündə sığorta olunmuş, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka 6600 manat zərər dəymiş, 590 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 6009.83 manat məbləğində sığorta ödənişi sığortalı X5 ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 13-16/2-04/03-4/11514/2023 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 1ndən keçən magistral kanalizasiya xəttində xx.xx.2023-cü il tarixdə qəza baş vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən sığortalı X4 bank hesabına AKT1804/23 saylı sığorta aktına əsasən 6009.83 (altı min doqquz manat səksən üç qəpik) manat məbləğində sığorta ödənişi köçürülümüşdür. İş materiallarına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə subasma hadisəsi nəticəsində dəymiş zərəri təsdiq edən fotoşəkillər əlavə edilmişdir. İş materiallarına baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin hesabatı və "xxxx" ASC-nin sədr müavininin "xxxx" ASC-yə ünvanlanmış məktubu əlavə edilmişdir. Həmin məktuba əsasən müəyyən edilir ki, "xxxx" ASC sözügedən magistral kanalizasiya xəttində qəzanın baş verməsini və qəzanın aradan qaldırıldığını təsdiq edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə cavabdehin təqsiri nəticəsində (fəaliyyətini düzgün təşkil etməməsi) baş vermiş qəza nəticəsində qeyri-yaşayış sahəsinə maddi zərər dəymişdir. Göründüyü kimi, hazırki tələb üzrə hər 3 dispozitiv şərt yerinə yetirilir. Beləliklə, müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən X5 məxsus olan qeyriyaşayış sahəsi RAZ********** saylı, xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın İcbari sığortası” şəhadətnaməsi ilə "xxxx" ASC-də sığorta təminatı almışdır. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə cavabdehin təqsiri nəticəsində (fəaliyyətini düzgün təşkil etməməsi) xx.xx.2023-cü il tarixdə subasma hadisəsi nəticəsində 6600 manat məbləğində maddi zərər dəymişdir. Hadisənin magistral kanalizasiya xəttində qəza baş verməsi nəticəsində baş verməsi faktı müəyyən edilmişdir. CFİ-0124/2023-AKT1804/23 saylı sığorta aktına əsasən 6009.83 manat məbləğində sığorta ödənişi (azadolma məbləği çıxılmaqla) sığortalı X4 bank hesabına köçürülmüşdür. Deməli, sığortaçının subroqasiya hüququ yaranmışdır. Cavabdehin nümayəndəsi arqument olaraq göstərir ki, ödənilmiş sığorta məbləği şişirdilmişdir. Odur ki, iddia tələbi əsassızdır. Məhkəmə həmin arqumentə münasibətdə bildirir ki, subroqasiya hüququ ödənilmiş sığorta ödənişinin geri tələb edilməsidir. Sığorta ödənişinin məbləği hazırki mübahisənin predmeti deyildir. Sığortaçının şərtsiz olaraq ödənilmiş vəsaitin subroqasiya üzrə geri tələb etməsi hüququ vardır. Məhkəmə nəzərə alır ki, "xxxx" ASC hüquqi şəxs olaraq yenidən təşkil edilmiş və hüquqi varislik qaydasında hüquq və vəzifələri tam şəkildə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə keçmişdir. Odur ki, sonuncunun hazırki mülki iş üzrə cavabdeh qismində çıxış etməsi qanuni və əsaslıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 80.1 manat məbləğində dövlət rüsumu və 0.4 qəpik xidmət haqqı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 6009.83 (altı min doqquz manat səksən üç qəpik) manat məbləğində sığorta ödənişi, 80.1 manat məbləğində dövlət rüsumu və 0.4 qəpik xidmət haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən 6009.83 (altı min doqquz manat səksən üç qəpik) manat məbləğində sığorta ödənişi, 80.1 (səksən manat on qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 6090.33 (altı min doxsan manat otuz üç qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar