Məhkəmə qərarları › İş №e-2(004)-4680/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4680/2025

28.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4680/2025 28.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdehına qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MMMC xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. "xxxx" MTK ilə X5 arasında bağlanmış çoxmənzilli evin idarəedilməsi haqqında xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyəti əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə öz növbəsində mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür.

3. Tələbin güzəştinə dair xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X5 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarə edənə güzəşt edir, idarə edən isə güzəşti qəbul etməsinə razılığını bildirir.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 167, M5, m6) ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdən Cavabdeh adına qeydə alınmışdır.

5. "xxxx" MMMC-nin xx.xx.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 manat məbləğdəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün 0,30 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanması qərara alınmışdır.

6. "xxxx" MMMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi "xxxx" MMMC-yə xx.xx.2025-ci il tarixinə kimi ümumilikdə 1659 manat məbləğdə borcu vardır.

7. Arayışa əsasən, borcun 899,58 manat hissəsi tələbin güzəştinə dair müqaviləyə 1 saylı Əlavəyə əsasən, 40 manat hissəsi damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı (20 ay x 2 manat) olaraq hesablanmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04)- 3244/2025 nömrəli qətnaməsinə əsasən iddiaçılar X13, X20, Cavabdeh, X6, X3, X4, X16, X7, X1, X2, X12, X9, X10 cavabdeh İddiaçınə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəlb edilməklə ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarış və qeydiyyat şəhadətnaməsinin ləğvi tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1659 manat əsas borc, vəkil xidmət haqqı olaraq ödənilmiş 400 manat, və 32 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, sahə mülkiyyətçilərinin qərarı ilə İddiaçı MMMC qeydiyyata alınmışdır. Yeni yaranan cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı MMMC-yə həvalə olunub. Amma buna baxmayaraq cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92A, mənzil 970 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti, giriş 155, M17, m2) ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi İddiaçı MMMC-yə ümumilikdə 1620 manat məbləğdə borcu vardır və cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu ödəməmişdir. Tələbin güzəştinə dair xx.xx.2024-cü il tarixli, Y-71-003/2024 nömrəli müqaviləyə əsasən ünvan 8 ünvanında qeydiyyatda olan X5 öz tələblərini İddiaçı MMMC-yə güzəşt etmişdir. Həmin müqavilənin şərtlərindən görünür ki, mülkiyyətçi müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq idarə edənə güzəşt edir, idarə edən isə güzəşti qəbul etməsinə razılığını bildirir. Həmçinin həmin müqavilənin məzmunundan görünür ki, idarə edən edən öz növbəsində "xxxx" MTK ilə X5 arasında bağlanmış çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı əmlakın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1 saylı əlavəsindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixədək 899,58 manat borcu vardır.

b) iddiaya etiraz

11. Cavabdeh iddia tələbinə etiraz, eyni zamanda etirazla birlikdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək həmçinin iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Etirazın dəlillərinə görə, çoxmənzilli binaların idarə edilməsi ilə bağlı ciddi və davamlı problemlərin olması heç kimə sirr deyil. Təsadüfi deyil ki, mediada binaların idarəetməsi ilə bağlı problemlərə dair xeyli sayda məlumatlara rast gəlmək olar. Bunun bariz sübutu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaş müraciətləri ilə bağlı icmal məlumatlarında bu sahəyə ayrıca hissənin həsr edilməsidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015- ci il tarixli qərarında qeyd edilmişdir ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən olunmuşdur ki, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir. Göründüyü kimi bu sahədə sistem xarakterli problemlər mövcuddur. ... Göründüyü kimi, binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırkı iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Tələb edilən haqqın özünün, onun miqdarının, hesablandığı məbləğinin əsasları və müddəti müəyyən deyil. İddiaçı konkret məbləğdə pul vəsait tələb edir. Lakin, bu məbləğin necə formalaşdığı, necə hesablandığı, tərkibinin nədən ibarət olduğu, hansı dövrü əhatə etdiyi, hüquqi əsası barədə heç bir məlumat göstərilmir. Mənzil Məcəlləsinin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 272 nömrəli Fərmanının 1.1-1-ci bəndinə əsasən həmin Məcəllənin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanf'nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli, 40 nömrəli Qərarının 1 nömrəli əlavəsi mənzil (ev) xidmətləri tariflərinin 2-ci sətrinə əsasən özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 75 manat (ƏDV nəzərə alınmaqla) müəyyən edilmişdir. “Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006cı il yanvarın 1-dən 1 manata bərabər tutulmuşdur. 75 köhnə manat, 0,015 yeni manat edir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmədiyi dövür üçün iddiaçının hansı əsasla pul tələb etməsi aydın deyil. MMMC yaradılması barədə xəbəri olmayıb, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməmişdir. Mənzil Məcəlləsinin 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindəndir. Mənzil Məcəlləsinin 127.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Mənzil Məcəlləsinin 123.0.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələrindəndir. Mənzil Məcəlləsinin 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi' yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Həmin qərarda daha sonra göstərilir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1 -ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Eyni qərarda həmçinin göstərilmişdir ki, icrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. İddiaçının Nizamnaməsinin 6.3.4-cü yarımbəndinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qərarı özüözlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr, həmçinin, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər. Belə ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib- edilməməsinə hüquqi qiymət verməmişdir. Hazırkı iş üzrə bildirilməlidir ki, sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil və belə bir şəraitdə hazırkı iddianın irəli sürülməsi əsassızdır. Hazırkı etirazda göstərilən məqamlara aydınlıq gətirilmədən, müvafiq məlumat və sənədlər təqdim edilmədən hazırkı işə baxıla bilməz, işin tam və hərtərəfli araşdırılması məqsədi ilə verilmiş vəsatətlər əsasında məlumatların iddiaçı tərəfindən təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məlumatlar təqdim edildikdən sonra tərəfimizdən iddianın mahiyyəti üzrə əlavə etiraz təqdim ediləcəkdir. MMMC ixtisaslaşmış funksionallığa malik hüquqi şəxsdir. Onun məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdir. Təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırkı iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırkı iş üzrə hüquqi şəxs olan iddiaçı vəkil ilə müqavilə bağlamaq məcburiyyətində deyil. İşin mahiyyəti və məzmunu isə iddiaçının fəaliyyət predmeti və mahiyyəti ilə sıx bağlı olan rutin məsələdir. Digər tərəfdən hazırkı iddia MMMC tərəfindən onun əmək müqaviləsi üzrə işçisi tərəfindən verilmişdir. Bu tip iddiaların bütün sakinlərə münasibətdə iddianın mətn, əsaslandırma və sənədlər baxımından eyni olması əlavə xərc çəkilməklə vəkilin cəlb edilməsinin zəruri olmamasını bariz şəkildə göstərir. MPM-nin 121.1 -ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə həyata keçirilməlidir. Şablon iddia ərizəsi və davranış sxemi olduğu halda, işçisi tərəfindən öz fəaliyyət istiqaməti üzrə rutin işlərin iddiaçının özü tərəfindən icra edilməsi nəzərə alınmaqla, vəkil cəlb edilməsi zərurəti yoxdur, bu zaman xərclər zəruri deyi, işin iddiaçı üçün mürəkkəbliyi, məzmunu və mahiyyəti vəkilin cəlbini tələb etmir, vəkil xərcinin cavabdehlərdən tələb edilməsi onlara qarşı təzyiq üsulu kimi seçilmişdir. Hesab edirlər ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur, həmçinin iddiaçı ərizəsində göstərilən halları təsdiq edən sübutları təqdim etməmişdir.

13. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslarına görə, iddia əsaslı olsa idi belə müddət ötürülmüşdür. 1 il dövrü 3 illik müddətin xaricinə düşdüyündən iddia tələblərinin 429,84 manatı (12 ay x 35,82 manat) iddia müddətindən kənar dövrə düşmüş olur. Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə olan halda, iddiaçının tələbinin əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda iddiaçı 3 ildən daha əvvəlki borcu tələb edə bilməz. Görünür ki, qanuni əsasa söykənməyən tələb güzəşt edilərkən, burada süni şəkildə hüquqi əsas yaradılmasına cəhd həm də iddia müddətləri ilə bağlı məhdudiyyətləri yan keçmək olmuşdur. c) məhkəmə icraat iştiakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, ərizə əsassızdır, digər tərəflərə qarşı əvvəllər məhkəməyə müraciət olunub, lakin sonradan geri götürülmüşdür. İşin sənədlərindən görünür ki, 2024-cü ildən hesablanmışdır. MTK dövründə də 0,30 manatdan hesablanmış və cavabdeh tərəfindən etiraz olunmamışdır.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verib, iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 378. Öhdəlikdə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil; Maddə 120.5. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır; 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; Maddə 128.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır: 128.0.3. müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarı: .... Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı: .... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. ... Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012- 2016cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

24. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, çoxmənzilli binada ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi ilə bağlı vəzifəsini icra etməyən cavabdeh iddiaçıya olan borcunu ödəməlidir.

25. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir və çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

26. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

27. Hazırkı halda "xxxx" MMMC-nin xx.xx.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 manat məbləğdəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün 0,30 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanması qərara alınmışdır.

28. İddiaçı tərəfindən faktiki göstərilmiş xidmətlərə görə hesablanmış borcla bağlı müvafiq sübutlar, adı çəkilən təsis yığıncağının qərarı, əvvəlki dövr üzrə tələbin güzəştinə dair müqavilə, maliyyə arayışı məhkəməyə təqdim edilmişdir.

29. Cavabdeh tərəfindən etirazının dəlillərinin bir qismi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasının qanunsuz olması ilə bağlıdır ki, bu məsələ hazırkı mübahisənin predmeti deyil. MMMC yaradılmış və dövlət qeydiyyatına alınmışdır.

30. Tələb edilən haqqın özünün, onun miqdarının, hesablandığı məbləğin əsaslarının müəyyən olmaması barədə dəlilə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, borcun məbləği ilə bağlı müvafiq sənədlər iş materiallarına iddiaçı tərəfindən əlavə edilmişdir.

31. Lakin, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən müddət tətbiq edilməklə hazırkı iddia qismən təmin edilməlidir.

32. İddiaçının tələb etdiyi borc xarakterinə görə vaxtaşırı icra edilməli olan öhdəliklər dairəsinə aiddir və Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

33. Təqdim edilən maliyyə arayışından görünür ki, 1 ay üçün cəmi 35,82 manat borc, eyni zamanda damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat hesablanmışdır. Əvvəlki 3 il üçün hesablama apardıqda məlum olur ki, iddiaçının hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olduğu dövrün əhatə dairəsinə düşən məbləğ 1361,52 manat (36 ay x 35,82 + 36 ay x 2) təşkil edir.

34. Odur ki, əsas borca münasibətdə iddia tələbi bu həddə təmin edilməlidir.

35. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumunun əvəzi və vəkil xidmət haqqı olaraq ödənilmiş 400 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 1361,52 manat borc, vəkil xidmət haqqı olaraq ödənilmiş 400 manat və 32 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1793,52 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 1361,52 manat borc, vəkil xidmət haqqı olaraq ödənilmiş 400 manat və 32 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1793,52 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar