Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4706/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1371 ( bir min üç yüz yetmiş bir ) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 38 ( otuz səkkiz ) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahə mülkiyyətçilərinin qərarı ilə, İddiaçı qeydiyyata alınmışdır. Yeni yaranan Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçınə həvalə olunub. Amma buna baxmayaraq Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92 A, 668 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə ümumilikdə 1371 ( bir min üç yüz yetmiş bir ) manat məbləğində borcu vardır və cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu ödəməmişdir. Mövcud qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq borcun ödənilməsini cavabdehdən xahiş etsəkdə, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığı üçün, vəkil xidməti olaraq 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq 38 (otuz səkkiz) manat pul vəsaiti ödəmişdir. İddia tələbində qeyd edilən 1371 ( bir min üç yüz yetmiş bir) manat məbləğindəki əsas borc məbləği, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaiti və 38 (otuz səkkiz) manat məbləğindəki dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbini əsaslandırdığı hallar mülki və mənzil qanunvericiliyinə zidd olduğundan iddia tələbi qanunsuz və əsassızdır. Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı ciddi və davamlı problemlərin olması heç kimə sirr deyil. Təsadüfi deyil ki, mediada binaların idarəetməsi ilə bağlı problemlərə dair xeyli sayda məlumatlara rast gəlmək olar. Bunun bariz sübutu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaş müraciətləri ilə bağlı icmal məlumatlarında bu sahəyə ayrıca hissənin həsr edilməsidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən olunmuşdur ki, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir. Bu sahədə sistem xarakterli problemlər mövcuddur. Çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi ilə bağlı pozuntular AR Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.Binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırkı iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Tələb edilən haqqın özünün, onun miqdarının, hesablandığı məbləğinin əsasları və müddəti müəyyən deyil. İddiaçı konkret məbləğdə pul vəsait tələb edir. Lakin, bu məbləğin necə formalaşdığı, necə hesablandığı, tərkibinin nədən ibarət olduğu, hansı dövrü əhatə etdiyi, hüquqi əsası barədə heç bir məlumat göstərilmir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmədiyi dövr üçün iddiaçının hansı əsasla pul tələb etməsi aydın deyil. MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün tələbinin əsassızlığı, iddiaçının MMMC yaradılması barədə xəbəri olmayıb, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməmişdir İddiaçının Nizamnaməsinin 6.3.4-cü yarımbəndinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qərarı özü-özlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr, həmçinin, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər. Belə ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil və belə bir şəraitdə hazırkı iddianın irəli sürülməsi əsassızdır. İşin tam və ədalətli araşdırılması üçün atılmalı olan prosessual addımlar Hazırkı etirazda göstərilən məqamlara aydınlıq gətirilmədən, müvafiq məlumat və sənədlər təqdim edilmədən hazırkı işə baxıla bilməz. İşin tam və hərtərəfli araşdırılması məqsədi ilə cavabdeh tərəfindən verilmiş vəsatətlər əsasında məlumatların iddiaçı tərəfindən təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məlumatlar təqdim edildikdən sonra cavabdeh tərəfindən iddianın mahiyyəti üzrə əlavə etiraz təqdim ediləcəkdir. Vəkil xidməti olaraq ödənilən hissə ilə bağlı tələbin əsassızlığı İddiaçı vəkilə ödədiyini iddia etdiyi vəsaiti tələb edir. MMMC ixtisaslaşmış funksionallığa malik hüquqi şəxsdir. Onun məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdir. Təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırkı iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırkı iş üzrə hüquqi şəxs olan iddiaçı vəkil ilə müqavilə bağlamaq məcburiyyətində deyil. İşin mahiyyəti və məzmunu isə iddiaçının fəaliyyət predmeti və mahiyyəti ilə sıx bağlı olan rutin məsələdir. Digər tərəfdən hazırkı iddia MMMC tərəfindən onun əmək müqaviləsi üzrə işçisi tərəfindən verilmişdir. Bu tip iddiaların bütün sakinlərə münasibətdə iddianın mətn, əsaslandırma və sənədlər baxımından eyni olması əlavə xərc çəkilməklə vəkilin cəlb edilməsinin zəruri olmamasını bariz şəkildə göstərir. Şablon iddia ərizəsi və davranış sxemi olduğu halda, işçisi tərəfindən öz fəaliyyət istiqaməti üzrə rutin işlərin iddiaçının özü tərəfindən icra edilməsi nəzərə alınmaqla, vəkil cəlb edilməsi zərurəti yoxdur, bu zaman xərclər zəruri deyi, işin iddiaçı üçün mürəkkəbliyi, məzmunu və mahiyyəti vəkilin cəlbini tələb etmir, vəkil xərcinin cavabdehlərdən tələb edilməsi onlara qarşı təzyiq üsulu kimi seçilmişdir. İddiaçının tələbinin hüquqi əsası yoxdur, həmçinin iddiaçı ərizəsində göstərilən halları təsdiq edən sübutları təqdim etməmişdir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1370 (bir min üç yüz yetmiş) manat məbləğində əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənlmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin, cəmi 1770 manat məbləğində pulun və ödənilmiş 39 manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə məhkəmə qətnaməsi qəbul еdilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırllmışdır ki, hazırkı iş üzrə vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitində cavabdehdən idiaçının xeyrinə tutulmalıdır. İddiaçı (bundan sonra - “Cəmiyyət” adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyri-kommersiya hüquqi şəxsin Şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçınə həvalə olunub. Cəmiyyət idarəsi onun səlahiyyəti daxilində olan çoxmənzilli binalarda binaya və sakinlərə bir çox xidmətlər göstərir və bununla əlaqədar olaraq sakinlərin də razılığı ilə təyin edilmiş kommunal xidmət haqlarını yığımı hüququ da ona aiddir. Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi prospekti, 92A, 668 saylı mənzilin mülkiyyətçisi olaraq İddiaçınə ümumilikdə 1370 (bir min üç yüz yetmiş) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Borcun ödənilməsini xahiş etsələr də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan pozulmuş hüquqlarımızın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, iddia tələbində qeyd edilən 1370 (bir min üç yüz yetmiş) manat məbləğindəki borc məbləği və 39 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cəmiyyətin nizamnaməsinin 3.3-cü bəndində qeyd edilib ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, cəmiyyət mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqlarının əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Həmiçinin həmin nizamnamənin 3.4-cü bəndində qeyd edilir ki, cəmiyyətin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların, digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, 1 yanvar 2024-cü ildən sonrakı dövrlər üçün ödəniş edə biləcəyini, 1 yanvar 2024-cü ildən əvvəlki borcu qəbul etmədiyini bildirərək, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-ci məhəllə, ev 92 A, mənzil 668 ( yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 169, M17, m6) ünvanında yerləşən ümumi sahəsi 136.30 kv.metr olan mənzil tam hissədə Cavabdeh adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “Mülkiyyətçi” "xxxx" Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. İş materiallarında olan “Mülkiyyətçi” X1 ilə “İdarə edən” İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən bu müqavilə “Mülkiyyətçi” ilə “İdarə edən” arasında aşağıda göstərilən tələbin və hüquqların “Mülkiyyətçi” tərəfindən “İdarə edən”ə güzəşt edilməsinin hüquqi əsaslarını və tərəflərin hüquq və vəzifələrini müəyyən edir: • Hazırkı müqaviləyə əsasən “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanmda yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirir. • “İdarə edən” edən öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə, ünvan 4 ünvanında qeydiyyatda olan X1 arasında bağlanmış “çox mənzilli binanm idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”- in idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı təsis yığıncağının 06 yanvar 2025-ci il tarixli Qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymət dəyişdirilməsin və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi və Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlan və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyrikommersiya Qurumlarının Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti 28 dekabr 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 92 A, 668 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 sentyabr 2025-ci il tarixinə kimi (sentyabr ayı daxil deyil) ümumilikdə 1388 (bir min üç yüz səksək səkkiz) manat məbləğində borcu vardır. Borcun yaranması əsası: • Sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0.30 (otuz qəpik) azn, 1 ay üçün: 40.89 azn (qırx manat səksən doqquz qəpik) 136.30 x 0.30 = 40.89 azn • Mənzilin sahəsi: 136.30 kvadrat metr • 530,38 azn - tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavə, 82-ci bənd • 817,8 azn - İddiaçı fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 oktyabr 2025-ci il tarixədək. • Damofon-videomüşahidə sistemi üzrə aylqı xidmət haqqı: 2 manat: 20 ay üzrə 40 manat borc yaranıb • Ümumi borcun hesablanması: 530.38+817.8+40 = 1388. İş materiallarında olan İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən kommunal xidmətlərə görə sakinlər tərəfindən ödənilən hər kvadrat metr üçün hesablanmış O.3O manat (30 qəpik) pul vəsaiti dəhlizlər, pilləkan qəfəsi və pilləkan boşluğu, binanın girişi və digər ümumi sahələr,lift kabinaları, lift şaxtası və liftin matorxanası,binanın fasadı və dam örtüyü, havalandırma şaxtaları və bacalan,ümumi sahələrdə olan pəncərələr, küçə qapıları və binanın ümumi sahələrində yerləşən pəncərələr, yanğın pilləkənləri, yanğın söndürmə sistemi və vasitələri, bina daxili kanalizasiya, su və onların şaxtaları, su anbarı və nasosxanası, generator, elektrik təchizatı məntəqəsi, binanın həyəti, uşaqlar üçün əyləncə atraksionları, binanın fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik təchizatı məntəqəsinə qulluğun təmin edilməsi, binanın fasiləsiz olaraq su ilə təmin edilməsi üçün su nasoslarına qulluğun təmin edilməsi, binanı su ilə təchiz edən nasosların və liftlərin generator vasitəsi ilə fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz edilməsinin təmin edilməsi, binanın rabitə və televiziya xidməti ilə təmin edilməsi, binanın fasiləsiz nəzarət xidməti ilə təmin edilməsi, məişət tullantılarının daşınması, binanın ümumi sahələrinin (dəhlizlər, pilləkanlar, binanın girişi, liftin daxili və sair), həyətinin və ətrafının təmizliyinin təmin edilməsi, liftlərə texniki xidmət göstərilməsi və liftlərin işlək vəziyyətdə saxlanılması, yaşayış binasının, onun yerləşdiyi inzibati ərazinin və mərtəbələrin girişlərinin işıqlandırılması, illik torpaq haqqının ödənilməsi, liftlərin, su nasoslarının və binanın işıqlandırılmasının elektrik enetjisi haqlarının "xxxx" ASC-yə ödənilməsi, işçilərin əmək haqqlarının ödənilməsinə və əvvəlcədən nəzərdə tutulmayan digər məslələrin (poçt, nəqliyyat və sair) həllinə görə xərclənir. İş materiallarında olan Bakı şəhəri 9 saylı Vəkil Bürosu ilə X4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-988VK-44561/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləsinin 2.1-ci maddəsinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 (dörd yüz) manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********76 nömrəli qəbzə əsasən X2 tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 400 (dörd yüz) manat pul ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 120.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarına əsasən mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Mülkiyyətçi” "xxxx" Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqavilə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Bundan sonra “Mülkiyyətçi” X1 ilə “İdarə edən” İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanmda yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirmiş və “İdarə edən” edən öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə X1 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”- ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı 28 dekabr 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 6 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin xx.xx.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 136.30 kv m olan 668 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh kommunal ödənişləri lazımi qaydada həyata keçirməmişdir. Hazırda iddiaçı "xxxx" MMMC Cavabdeh 1370 manat əsas borc, vəkil xidməti olaraq ödənilmiş 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə maliyyə arayışında qeyd olunmuş İddiaçı fəaliyyət dövrü ərzində, yəni 01 yanvar 2024-cü il tarixdən 01 oktyabr 2025-ci il tarixədək hesablanmış 817.8 manat əsas borca münasibətdə qeyd edir ki, İddiaçı MMMC xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin həcmini artırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 01 yanvar 2024-cü il tarixdən məhkəməyə müraciət etdiyi vaxtadək, yəni iyul 2025-ci il tarix daxil olmaqla hesablanmaqla Cavabdeh 458.28 manat (136.30 * 0.30 = 40.89, 40.89 manat* 19 ay = 776.91 manat) + 38 (2 manat * 19 ay = 38 manat)) = 814.91 manat əsas borc tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə iddiaçının tələbin güzəştinə dair müqavilənin 1 saylı Əlavəsinin 82-ci bəndinə əsasən Cavabdeh 530.38 manat borcun tutulması tələbinə münasibətdə qeyd edir ki, həmin Əlavənin 82-ci bəndində Cavabdeh adı qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun 30 manatı və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pulun 100 manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 814.91 manat əsas borc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 814.91 manat (səkkiz yüz on dörd manat doxsan bir qəpik) manat əsas borc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 (bir yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4706/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4706/2025
25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver