Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4724/2022 20.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı “Yeni Azərbaycan Partiyası” Yasamal Rayon Təşkilatının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Yeni Azərbaycan Partiyası” Yasamal Rayon Təşkilatının Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Yeni Azərbaycan Partiyası” Yasamal Rayon Təşkilatı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Yeni Azərbaycan Partiyası Yasamal rayonu Təşkilatı ilə Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi arasında bağlanmış müqaviləyə əsasən, Yeni Azərbaycan Partiyası Yasamal rayonu Təşkilatına məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində 514-515 saylı məhəllədə yerləşən qeyri-yaşayış binası su təchizatı ilə təmin edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh ASC-nin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 m3 su üçün xammal suya görə hesablanmış ƏDV ilə pul müəyyən edilməmiş, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1, 00 manat və istehlakçıdan qəbuledilmiş 1 m3 tullantı suna görə hesablaşma ƏDV ilə 1,00 manat müqabilində müəyyən edilir. Qeyd edir ki,Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən müntəzəm olaraq sayğaca baxış keçirilmiş və borc hesablanmışdır. Həmin borc məbləği iddiaçı tərəfindən müntəzəm olaraq ödənilmişdir və bugünədək heç bir borc məbləği qalmamışdır. Odur ki, hesab edir ki, Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən iddiaçı Yeni Azərbaycan Partiyası Yasamal rayonu Təşkilatına hesablanmış 3804 manat məbləğində borcun heç bir hüquqi və faktiki əsası olmadığından silinməlidir. Daha sonra, biz CavabdehSC-yə qarşı əsassız olaraq hesablanmış 3.804 manat məbəğində borcun silinməsi tələbinə dair mediasiyaya müraciət edilmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mübahisə mediasiyada həlledilmədiyinə görə hazırki tələblə məhkəməyə müraciət edir. Cavabdeh tərəfindən yoxlama aktı tərtib edilərkən qanun pozuntusuna yol verilmişdir. Belə ki, həmin akt tərtib edilərkən iddiaçı təşkilatn və hal şahidlərinin iştirakı təmin edilməmiş, su sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar onlara təqdim edilməmişdir. Aktla razı olmadığını bildirməklə imza etməkdən imtina etmişlər. Göstərilənlərə əsasən iddiaçı Yeni Azərbaycan Partiyası Yasamal rayonu Təşkilatı barəsində Cavabdeh ASC tərəfindən tərtib edilmiş 3.804 manat borca dair Aktın ləğv edilməsi və həmin akt əsasındaiddiaçıya əsassız olaraq hesablanmış 3.804 manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı Yeni Azərbaycan Partiyası Yasamal rayonu Təşkilatına Cavabdeh ASC tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 3804 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Yeni Azərbaycan Partiyası Yasamal rayonu Təşkilatı ilə Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi arasında 2015-ci il tarixli müqavilə bağlanmış və su təchizatı həyata keçirilmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilmiş və su sayğacnın qoyulması xahiş edilsə də, cavabdeh tərəfindən su sayğacı yalnız 2021-ci il oktyabr tarixində quraşdırılmışdır. Bundan sonra, iddiaçı Yeni Azərbaycan Partiyası Yasamal rayonu Təşkilatı tərəfindən cavabdeh “Azərsu" ASC tərəfindən sayğacın göstəricilərinə uyğun olaraq hesablanmış borc məbləğləri tam şəkildə ödənilmişdir. Başqa sözlə desək, oktyabr 2021-ci il tarixdən bugünədək iddiaçının su sərfiyyatına görə heç bir borcu qalmamışdır. Ödənişlər iddiaçı tərəfindən vaxtı-vaxtında və tam şəkildə həyata keçirilmişdir. Lakin cavabdehin təqdim etdiyi hesab-fakturaya əsasən, iddiaçının sayğacsız dövrə dair 3804 manat borcu qalmışdır. Həmin borc məbləğinin hansı illəri əhatə etməsi, hansı əsasla müəyyən edilməsi və necə hesablanması məlum deyildir. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən iddiaçının borcuna dair şişirdilmiş məbləğ müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan hesab-fakturadan göründüyü kimi, sayğacın quraşdırıldığı oktyabr 2021-ci ildən sonra iddiaçıya su və çirkab suya görə 2021-ci ilin noyabr ayı üzrə cəmi 56 manat, 2021 dekabr ay üzrə cəmi 24 manat, 2022-ci il yanvar ayı üzrə cəmi 56manat, 2022-ci il fevral ayı üzrə cəmi 24 manat, 2022-ci il mart ayı üzrə cəmi 22 manat, 2022-ci il aprel ayı üzrə cəmi 18 manat, 2022-ci il may ayı üzrə cəmi 20manat, 2022-ci il iyun ayı üzrə cəmi 26 manat borc hesablanmış və iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Mübahisələndirilən 3804 manat borc sayğacın olmadığı, daha əvvəlki dövrü əhatə edir və həmin borcun yaranma əsası və hesablanma qaydası məlum deyildir. Cavabdeh həmin borcun xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövrü əhatə etdiyini bildirmişdir. Belə ki, cavabdehin təqdim etdiyi hesab-fakturandan göründüyü kimi, iddiaçıya 2020-ci il avqust avı üzrə su və çirkab suya görə cəmi 234 manat, 2020-ci sentyabr ayı üzrə cəmi 250 manat, 2020-ci il oktyabr ayı üzrə 276 manat, 2020-ci noyabr ayı üzrə 234 manat, 2020-ci il dekabr ayı üzrə 250 manat, 2021-ci il yanvar ayı üzrə cəmi 284 manat, 2021-ci il fevral ayı üzrə 234 manat, 2021-ci il mart ayı üzrə 234 manat, 2021-ci il aprel ayı üzrə 260 manat, 2021 may ayı üzrə 260 manat, 2021 iyun ayı üzrə 260 manat, 2021 iyul ayı üzrə 250 manat, 2021 avqust ayı üzrə 268 manat, 2021 sentyabr ayı üzrə 250 manat və 2021 oktyabr ayı üzrə 260 manat borc hesablanmışdır. Halbuki sayğacın quraşdırıldığı vaxtdan sonrakı dövrə baxdıqda yuxarıda qeyd olunan borc məbləğlərinin 2-3 dəfə şişirdildiyi aşkardır. İddiaçı tərəfindən su sərfiyyəti hesab fakturada göstərilən həcmdə olmamışdır. İddiaçı təşkilat tərəfindən sudan yalnız məişət məqsədləri üçün cüzi həcmdə istifadə edilmişdir. Sayğacın göstəriciləri bunu təsdiq edir. Belə olan halda, həmin borc məbləğinin heç bir əsası yoxdur. Onu da qeyd edir ki, 3804 manat məbləğində borcla bağlı iddiaçıya xəbərdarlıq edilməmiş, hər hansı bildiriş göndərilməmişdir. Borc yalnız hesab fakturada əks olunmuşdur. Lakin onun yaranma səbəbi məlum deyildir. Odur ki, hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 3804 manat məbləğində borc əsası olmadığına görə və düzgün hesablanmadığına görə silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Yeni Azərbaycan Partiyası” Yasamal Rayon Təşkilatının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, Son müddətdə iddiaçı tərəfindən ödənişlər olunmuşdur. Qarşı tərəfin faktiki sərfiyyatına dair hesabat təqdim edilmişdir. İddiaçı YAP Yasamal rayon Təşkilatının Cavabdeh ASC-yə qarşı iddia tələbini tam və bütünlüklə rədd edirlər. İddiaçı qeyri-əhali qrupuna aid olmaqla ötən illər ərzində su təchizatı və kanalizasiya xidmətlərindən fasiləsiz olaraq istifadə etsə də, xidmət haqqını ödəməmişdir. Qeyd ediriki ki, iddiaçının sudan istifadə etdiyi müddət 2 dövrə ayrırlır: sayğacsız istifadə və sayğacdan istifadə dövrü. Belə ki, ilkin olaraq istifadə edilmiş xidmətlərin dəyəri təşkilatın inzibati binasının girişində su ölçən cihaz quraşdırılmadığı səbəbindən, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya 20 d/mm borunun en kəsiyinə görə xx.xx.2020-ci il tarixindən hesablanmışdır. Lakin iddiaçı xidmətlərə görə heç bir ödəniş etməmiş və nəticə olaraq onun xx.xx.2021-ci il tarixə kimi sayğacsız dövr üzrə 3804 manat borcu yaranmışdır. Daha sonra yəni, xx.xx.2021-ci il tarixə iddiaçının öz vəsaiti hesabına ona məxsus inzibati binanın giriş nöqtəsində sayğac quraşdırılmış, həmin tarixdən sonra göstərilmiş xidmətlərin dəyəri sayğac göstəricilərinə uyğun olaraq aparılmış, iddiaçı tərəfindən ödənişlər edilmişdir. Sayğaclı dövr üzrə iddiaçının hər hansı bir borcu mövcud deyildir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. İş materiallarında olan: Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ASC ilə YAP Yasamal Rayon Təşkilatı arasında d=20 mm boru xətti ilə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. Abonent haqqında məlumatlardan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (YAP Yasamal Rayon Təşkilatının binası) sudan istifadə və çirkab axıdılmasına görə 2020-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayının sonuna kimi 3804 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı “Yeni Azərbaycan Partiyası” Yasamal Rayon Təşkilatı ilə Cavabdeh ASC arasında d=20 mm boru xətti ilə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Sözü gedən qeyri-yaşayış sahəsində sudan istifadə və çirkab axıdılmasına görə 2020-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayının sonuna kimi 3804 manat məbləğində cərimə hesablanmışdır. Hazırda iddiaçı Cavabdeh ASC tərəfindən hesablanmış 3804 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə buna etiraz etmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Sudan istifadə Qaydaları»nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. «Sudan istifadə Qaydaları»nın 5.3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində sudan istifadə və çirkab axıdılmasına görə 2020-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayının sonuna kimi 3804 manat məbləğində hesablanmış cərimə əsassızdır. Belə ki, iş materiallarından da görünür ki, sözü gedən qeyri-yaşayış sahəsinə 2021ci ilin noyabr ayında sayğac quraşdırılmış və həmin tarixdən başlayaraq sudan istifadə və çirkab axıdılmasına görə 2021-ci ilin noyabr ayı üçün 56 manat, 2021-ci ilin dekabr ayı üçün 24 manat, 2022-ci ilin yanvar ayı üçün 56 manat, fevral ayı üçün 24 manat, mart ayı üçün 22 manat, aprel ayı üçün 18 manat, may ayı üçün 20 manat, iyun ayı üçün isə 26 manat borc hesablanmışdır. Göründüyü kimi mübahisəli obyektə sayğac quraşdırıldıqdan sonra 8 ay müddətində sudan istifadə və çirkab axıdılmasına görə ümumilikdə 246 manat məbləğində pul hesablanmışdır. Sözü gedən 8 ay üçün sudan istifadə və çirkab axıdılmasına görə orta məbləğ (ağlabatan məbləğ) 31 manat (246 manat : 8 ay = 30.75 manat) təşkil edir. Belə olan halda məhkəmə, sayğac quraşdırıldıqdan sonra idiaçı tərəfindən isdifadə edilmiş orta aylıq su sərfiyyatını nəzərə alaraq, iddiaçının yerləşdiyi qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayının sonuna kimi, 15 ay müddətinə su və kanalizasiya xidmətləri üçün 3804 manat məbləğində cərimə hesablanmasını əsaslı saymaraq, mübahisəli dövr üçün, sayğac quraşdırıldıqdan sonra isdifadə edilmiş orta aylıq su sərfiyyatı nəzərə alınmaqla 465 manat (15 ay * 31 manat orta aylıq sırfiyyat = 465 manat) məbləğində borc hesablanmasını ağılabatan hesab edir. Məhkəmə bu qənaətə gələrkən mübahisəli obyektin qeyri-yaşayış sahəsi olmasına baxmayaraq, iddiaçı təşkilatın fəaliyyət istiqamətini, obyektin sahəsini, təyinatını və s.. halları da, nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 15 aylıq müddət üçün ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair su və kanalizasiya xidmətləri üçün hesablanmış 3804 manat (3804-465=3339) borc məbləğindən 3339 manat məbləği əsassız olduğundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklədə məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən ünvan 4 ünvanında yerləşən “Yeni Azərbaycan Partiyası” Yasamal Rayon Təşkilatına dair hesablanmış 3804 (üç min səkkiz yüz dörd) manat borcdan 3339 (üç min üç yüz otuz doqquz) manat borc məbləği əsassız olduğundan silinməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 4 ünvanında yerləşən “Yeni Azərbaycan Partiyası” Yasamal Rayon Təşkilatına dair hesablanmış 3804 (üç min səkkiz yüz dörd) manat borcdan 3339 (üç min üç yüz otuz doqquz) manat borc məbləği əsassız olduğundan silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4724/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4724/2022
20.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver