Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4761/2024 11.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2865 manat və 48,70 manat dövlət rüsumunun, cəmi 2913,70 manat məbləğinin tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədov X1 MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Embawood İnşaatçılar” mağazasından xx.xx.2023cü il tarixdə 5065 (beş min altmış beş) manat məbləğində, xx.xx.2023-cü il tarixdə 1981 (bir min doqquz yüz səksən bir) manat məbləğində, cəmi 7046 (yeddi min qırx altı) manat məbləğində şəxsi istehlak məqsədilə şifahi nisyə alğısatqı müqaviləsi üzrə mebellər almış və Cavabdeh 7046 manat məbləğdən 4181 (dörd min yüz səksən bir) manat ödəmişdir və 2865 (iki min səkkiz yüz altmış beş) manat qalıq borcu qalmışdır. İddiaçı MMC Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Mövcud borcun etirafı haqqında” müqaviləyə (bundan sonra müqavilə adlanacaq) əsasən Cavabdeh İddiaçı MMC-dən təhvil aldığı mebellərdən yaranmış 2865 manat borcun olmasını etiraf etmiş və həmin borcun 15 fevral 2024-cü ilədək tam ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilə bağlandıqdan sonra Cavabdeh ödəniş etməmişdir. Cavabdeh hal-hazırda 2865 (iki min səkkiz yüz altmış beş) manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozmuş və borcunu tam ödəməmişdir.Qalıq borcun ödənilməsi barədə dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş, müqavilənin şərtlərinə və götürdüyü öhdəliklərə riayət olunması tələb olunsada, cavabdeh buna məhəl qoymayıb. Müqavilənin 5-ci bəndinə əsasən iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin bir dəfə gecikdirilməsinə görə borc məbləğinin məhkəməyə müraciət etməklə tam ödənilməsini tələb edə bilər.
II. Məhkəmə baxışının hədləri:
1. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
2. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən cavabdeh 2865 manat borcunun olmasını etiraf etmişdir, həmçinin qeyd olunmuşdur ki, borc müqavilə bağlanıldığı tarixdən 30 təqvim günü müddətində cavabdehə qaytarılmalıdır.
3. xx.xx.2023-cü il tarixli iddiaçı tərəfindən cavabdehə verilmiş qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıdan 1981 manat məbləğində mal alınmışdır.
4. xx.xx.2023-cü il tarixli PSD00034027 nömrəli iddiaçı tərəfindən cavabdehə verilmiş qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıdan 885 manat məbləğində mal alınmışdır.
5. xx.xx.2023-cü il tarixli PSD00033596 nömrəli iddiaçı tərəfindən cavabdehə verilmiş qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıdan 4180 manat məbləğində mal alınmışdır.
6. İddiaçı ilə cavabdeh arasında olan alqı-satqı müqaviləsindən çıxarışa əsasən görünür ki, cavabdehin 2865 manat borcu var.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
10. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 2865 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 48,70 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2865 manat borc və ödənilmiş 48,70 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2913,70 (iki min doqquz yüz on üç manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil