Məhkəmə qərarları › İş №e-2(004)-4813/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4813/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4813/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: sığorta ödənişinin tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Avtomobillərin tam sığortası üzrə ********** nömrəli sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Skoda” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək sığortalanmışdır. Sığorta şəhadətnaməsində avtomobili idarə etməyə səlahiyyətli olan şəxslərin (sığorta olunanların) siyahısında X2 və İddiaçı qeyd olunmuşdur.

2. "xxxx" MMC tərəfindən verilmiş təmir aktına əsasən “Skoda” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2665,50 manat müəyyən edilmişdir.

3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Skoda” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir.

4. "xxxx" MMC tərəfindən Bakı Sığorta Şirkətinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Skoda” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin DNN dəyişdirildiyinə görə yeni DNN **-MD-*** dövlət qeydiyyat nişanlı olaraq qeyd olunması, sığortalı və faydalanan şəxsin İddiaçı olması xahiş edilmişdir.

5. TP seriyalı, ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Babək prospekti ərazisində törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.

6. "xxxx" ASC tərəfindən İddiaçı göndərilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, nəqliyyat vasitəsi özgəninkiləşdirilərkən sığorta marağı mövcud olmadığından sığorta ödənişinin verilməsi qeyri-mümkündür.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 2665,50 manat sığorta ödənişi, 47 manat dövlət rüsumunun və 325 manat hüquqi xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddianın əsaslarına görə, “Skoda” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizinq müqaviləsi əsasında iddiaçının istifadəsində olmuş, ödənişlər bitdikdən sonra isə onun mülkiyyətinə keçmiş və **-MD-*** dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinə təhkim edilmişdir. "xxxx" ASC tərəfindən **********2 nömrəli şəhadətnaməyə əsasən "xxxx" MMC-yə məxsus olmuş “Skoda” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Skoda” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə "xxxx" MMCdə baxış keçirilmiş və 2665,50 manat zərər dəymişdir. Sığorta ödənişinin alınması ilə bağlı "xxxx" ASC-yə müraciət edilmiş, lakin ödənişin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi mülkiyyətçinin dəyişməsi göstərilmişdir. Sığorta müqaviləsinə xitam verilməsindən məlumatı olmamışdır. Bundan başqa "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə məktub göndərilmişdir. "xxxx" ASC-nin lisenziyası ləğv edildiyi üçün öhdəliklər "xxxx" ASCyə ötürülmüşdür.

b) iddiaya etiraz

9. İddia tələbinə qarşı etirazın dəlillərinə əsasən, iddiaçı sığorta predmeti olan avtomobilin mülkiyyətçisi olsa da, yol-nəqliyyat hadisəsi baş verərkən könüllü (kasko) sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan, yaxud faydalanan şəxs olmamışdır. Başqa sözlə, müqavilədə sığorta hadisəsi baş verəcəyi təqdirdə faydalanan şəxsin konkret "xxxx" MMC, yəni sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsin yalnız o, olacağı nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktub göndərilsə belə, həmin məktubda nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə hər hansı məlumat mövcud olmamış və ya sığorta şirkətinin razılığı tələb edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi xx.xx.2023-cü il tarixində verilmiş, məktub "xxxx" MMC tərəfindən isə xx.xx.2023-cü il tarixində (nəqliyyat vasitəsi özgəninkiləşdirildikdən sonra) göndərilmişdir. Sığorta marağının mövcudluğu ya qanunla, yada mülki hüquqi müqavilə, konkret halda sığorta müqaviləsi ilə tanınmalıdır ki, lakin iddiaçının da sığorta marağının mövcudluğu hansısa sığorta müqaviləsi və ya ona əlavə ilə tanınmamışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobil iddiaçıya satıldığından sığorta müqaviləsinin tərəflərinin, o cümlədən faydalan şəxs kimi göstərilən "xxxx" MMC sığorta marağı itdiyindən sığorta müqaviləsinə də xitam verilmişdir. Başqa sözlə əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığortalının və faydalanan şəxsin sığorta marağı mövcud olmadığından həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və buna görə də sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilməlidir. Nəqliyyat vasitəsinin mülkiyyətçi dəyişdiyindən və sığorta şirkətinin bu barədə razılığı olmadığından xitam verilmişdir. Müqaviləyə qanunla müəyyən olunmuş qaydada xitam verilmişdir.

c) məhkəmə icraat iştiakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın dəlillərinə uyğun izahat verib, iddianın rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır; Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir; Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir; Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz; Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır; Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır; Maddə 886.1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir; Maddə 886.3. Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır; Maddə 889.1. Sığorta marağı sığorta hadisəsi baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir; Maddə 889.2. Sığorta marağının mvcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir; Maddə 889.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir; Maddə 889.7. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir; Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; Maddə 909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir; Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir; Maddə 912.1. Sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir; Maddə 919.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 919.1.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir; 919.1.8. sığorta marağı artıq mövcud olmadıqda; Maddə 920.1. Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda (sığorta marağının mövcud olmaması da daxil olmaqla) sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir; Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

13. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; Maddə 1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, sığorta müqaviləsinin predmeti olmuş "xxxx" MMC-nin mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixdə avtomobil iddiaçının adına qeydə alınmış, bundan sonra yol-nəqliyyat hadisəsi baş vermiş, avtomobilə 2665,50 manat zərər dəymişdir.

17. Avtomobil "xxxx" MMC-yə məxsus olan zaman "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müddəti ehtiva edən sığorta şəhadətnaməsi verilmiş, şəhadətnamədə avtomobili idarə etməyə səlahiyyətli olan şəxslərin (sığorta olunanların) siyahısında X2 və İddiaçı adları qeyd olunmuşdur.

18. İddiaçı hazırda zərər məbləğinə uyğun sığorta ödənişinin tutulmasını xahiş etsə də, cavabdeh bundan imtina etməklə imtinasını onunla əsaslandırır ki, iddiaçı yol-nəqliyyat hadisəsi baş verərkən könüllü (kasko) sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan, yaxud faydalanan şəxs olmamışdır. Müqavilədə sığorta hadisəsi baş verəcəyi təqdirdə faydalanan şəxsin konkret "xxxx" MMC, yəni sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsin yalnız o, olacağı nəzərdə tutulmuşdur. İddiaçının sığorta marağının mövcudluğu hansısa sığorta müqaviləsi və ya ona əlavə ilə tanınmamışdır.

19. Məhkəmə iddianın əsaslarını cavabdehin etirazının dəlilləri ilə paralel maddihüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.

20. Əvvəla, hazırkı mübahisə sığorta ödənişinin verilməsi ilə bağlıdır və Mülki Məcəlləyə əsasən sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxsdir (MM 884.6).

21. Təqdim edilmiş sığorta şəhadətnaməsindən isə görünür ki, faydalanan şəxs qismində sığortalı təyin edilmişdir. Lakin, Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Yəni, qanunverici sığorta olunan şəxsin də faydalalan şəxs sayıldığını təsbit etmişdir və hazırkı sığorta müqaviləsi bağlanan zaman sığorta predmeti avtomobili idarə etməyə səlahiyyətli olan iş üzrə iddiaçı sığorta olunan kimi təsbit edilmişdir.

22. Yəni, şəxsin sığorta müqaviləsi üzrə sığorta olunan kimi təsbit edilməsi onun faydalanan şəxs olaraq sığorta ödənişini almaq hüququnu yaradır.

23. Mülki Məcəllənin 919.1.4-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir.

24. Hazırkı halda əmlakın mülkiyyətçisi reyestr üzrə dəyişsə də, sahibi və istifadəçisi dəyişməmiş, MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə əməl edilməsi nəticəsində avtomobil iddiaçının adına keçirilmişdir. Və belə bir ehtimal əvvəlcədən, sığorta müqaviləsi bağlanan zaman sığortaçıya məlum idi. Sığorta müqaviləsinin özündə də avtomobili idarəetməyə hüququ olan şəxs qismində iddiaçının adı qeyd olunmuşdur ki, bu sığortaçıya avtomobili idarə edən və ehtimal olunan gələcək mülkiyyətçisini tanımaq, buna etiraz etmək hüquqlarının həmin vaxtdan bəlli olduğunu deməyə əsas verir.

25. Ümumiyyətlə, əsas istiqaməti sahibkarlıq fəaliyyəti olan MMC-nin mülkiyyətində olan avtomobilə dair 5 il müddətində sığorta müqaviləsi bağladıqdan sonra sığortaçının sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə keçməsinə etiraz hüquqlarından məhrum edilməsinə istinad etməsi əsassızdır. MMC-nin avtomobillərin alqısatqısı və ya lizinqə verilməsi sahəsində fəaliyyət göstərdiyi müqavilə bağlanan zaman da sığortaçıya məlum idi və 5 il ərzində bu avtomobillərin özgəninkiləşdiriləcəyi gözlənilən olmalı idi.

26. Digər tərəfdən, Məcəllənin 919.1.4-cü maddəsinə əsasən sığortalanmış əmlakın özgəninkiləşdirilməsi faktı yox, bu fakta sığortaçının etiraz etməsi sığorta müqaviləsinin vaxtından əvvəl xitamının əsası kimi təsbit edilmişdir. İş materiallarından isə görünür ki, MMC tərəfindən bu barədə məktub Bakı Sığorta Şirkətinə göndərilmişdir.

27. Odur ki, iddia tələbi əsaslıdır, cavabdehin etirazının dəlilləri öz təsdiqini tapmır, bu səbəblə də iddia təmin olunmalıdır.

28. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 47 manat məbləğdə dövlət rüsumu və vəkil xidmət haqqı olaraq ödənilmiş 325 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2665,50 manat məbləğdə pul, 47 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi və 325 manat məbləğdə hüquqi xidmət haqqı olmaqla, ümumilikdə 3037,50 manat pul "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 2665,50 manat məbləğdə sığorta ödənişi, 47 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi və 325 manat məbləğdə hüquqi xidmət haqqı olmaqla, ümumilikdə 3037,50 manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar