Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4855/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqavilələri üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: alqı-satqı müqavilələri) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqavilələri üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alqı-satqı müqavilələri üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12691 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 128,07 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın, ümumilikdə 12820,07 (on iki min səkkiz yüz iyirmi manat, 07 qəpik) manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli B-134-SA-23 nömrəli müqavilə üzrə 3474 manat əsas borc, 1221 manat dəbbə pulu və zərər olaraq 2295 manat, həmçinin avtomobilin dəyərdən düşməsinə görə 6135 manat məbləğin, B-135-SA-23 nömrəli müqavilə üzrə 3567 manat əsas borc, 1284 manat dəbbə pulu, 850 manat zərər məbləği, həmçinin avtomobilin dəyərdən düşməsinə görə 6300 manat pulun, ümumilikdə, 25126 manat məbləğin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alğı-satqısına dair B-134-SA-23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı “Skoda Octavia 1.6 MPİ” markalı avtomobili dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 69.480 (altmış doqquz min dörd yüz səksən) manat məbləğində müəyyən edilmiş, həmin məbləğin xx.xx.2024-cü il tarixindən başlayaraq 60 ay müddətinə, ayda 1158 (bir min bir yüz əlli səkkiz) manat olmaqla satıcıya ödənilməsi razılaşdırılmışdır. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında avtomobilin alğı-satqısına dair B-135-SA-23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı “Skoda Octavia 1.6 MPİ” markalı avtomobili dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 71.340 (yetmiş bir min üç yüz qırx) manat məbləğində müəyyən edilmiş, həmin məbləğin xx.xx.2024-cü il tarixindən başlayaraq 60 ay müddətinə, ayda 1189 (bir min bir yüz səksən doqquz) manat olmaqla satıcıya ödənilməsi razılaşdırılmışdır. Lakin alıcı qeyd olunan müqavilələr bağlandıqdan sonra həmin müqavilələr üzrə heç bir ödəniş etməmiş, beləliklə, müqavilə üzrə öhdəliyini, ümumiyyətlə, icra etməmişdir. Bununla əlaqədar cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərilərək müqavilə öhdəliklərinin icrası tələb olunmuş, lakin cavabdeh müraciətlərə məhəl qoymadığından, xx.xx.2024-cü il tarixində “Skoda Octavia 1.6 MPİ” markalı, xx.xx.2024-cü il tarixində isə “Skoda Octavia 1.6 MPİ” markalı avtomobillər cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin xx.xx.2024-cü il tarixindən müqavilələrə birtərəfli qaydada xitam verilməsinə dair cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Avtomobillər iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, onlara baxış keçirilmiş və baxışın nəticəsinə dair müvafiq aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən cavabdehin istifadəsinə verilmiş: “Skoda Octavia 1.6 MPİ” markalı avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 2295 (iki min iki yüz doxsan beş) manat; “Skoda Octavia 1.6 MPİ” markalı avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri isə 850 (səkkiz yüz əlli) manat məbləğində müəyyən edilmişdir. B-134-SA-23 nömrəli müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə 3474 (üç min dörd yüz yetmiş dörd) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1221 (bir min iki yüz iyirmi bir) manat məbləğində dəbbə pulu; B-135-SA-23 nömrəli müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə 3567 (üç min beş yüz altmış yeddi) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1284 (bir min iki yüz səksən dörd) manat məbləğində dəbbə pulu yaranmışdır. Müqavilələr üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə pretenziya məktubları göndərilməsinə baxmayaraq tələb üzrə hər hansı ödəniş daxil olmamışdır. İddiaçı ilə cavabdeh arasında B-134-SA-23 nömrəli və B-135-SA-23 nömrəli müqavilələr imzalanarkən müqavilə predmeti olan avtomobillərin dəyəri tam ödənilənədək İddiaçı MMC-nin mülkiyyətində saxlanılması nəzərdə tutulmuşdur. Cavabdeh öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən hər iki müqaviləyə xitam verildikdən sonra cavabdehin istifadəsində olan avtomobillərin bazar qiyməti xeyli azalmışdır. Bu səbəbdən tərəflərindən iddia tələbinin real zərər olan avtomobillərin bazar qiymətinin dəyərdən düşməsi ilə hesablanmış məbləğin həcminin artırılması ilə iddianın dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq amortizasiya olunan aktivlər üzrə nəqliyyat vasitələrinin illik amortizasiya normaları 25 faizədək müəyyən edilmişdir. Qeyd olunanlara əsaslanaraq, iddiaçı tərəfindən müvafiq hesablama həyata keçirilmiş, nəticədə cavabdehin istifadəsində olan Skoda Octavia 1.6 MPİ markalı, buraxılış ili 2022 olan (VİN: TMBAN7NX8PY055652) 77YF603 dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinin dəyəri 15% dəyərdən düşmə olmaqla 6,135.00 (altı min bir yüz otuz beş) manat məbləğində və Skoda Octavia 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN: TMBAN7NX5PY093260) ) 77YF608 dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinin dəyəri 15% dəyərdən düşmə olmaqla 6,300.00 (altı min üç yüz) manat məbləğində azalmış və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
İİ. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etdiyini, belə ki, müqavilə üzrə əsas borcun ödənilməsi hissəsində iddianı qəbul etdiyini, qalan hissədə isə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-135-SA- 23 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı Müqavilənin şərtlərinə uyğun olaraq,modeli Octavia 1.6 MPİ,buraxılış ili 2023 olan Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi,o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi,Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırki Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 71340 manat müəyyən edilir. Tərəflərin razılığı ilə ilkin ödəniş 0 manat olmaqla, qalan borc isə xx.xx.2024-cü il tarixdən etibarən 60 ay müddətində ayda 1189 manat olmaqla alıcı ödəməyi öz öhdəsinə götürür. Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 faizi həcmində cərimə ödəyəcəkdir.
9. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmişdir.
10. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-134-SA-23 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı Müqavilənin şərtlərinə uyğun olaraq,modeli Octavia 1.6 MPİ,buraxılış ili 2022 olan Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi,o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi,Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırki Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 69480 manat müəyyən edilir. Tərəflərin razılığı ilə ilkin ödəniş 0 manat olmaqla, qalan borc isə xx.xx.2024-cü il tarixdən etibarən 60 ay müddətində ayda 1158 manat olmaqla alıcı ödəməyi öz öhdəsinə götürür. Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 faizi həcmində cərimə ödəyəcəkdir.
12. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmişdir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən xx.xx.2023-cü il tarixində avtomobil alqı-satqısı üzrə B-134-SA-23 nömrəli müqaviləyə 28 mart 2024-cü il tarixində birtərəfli qaydada xitam veriləcəyi bildirilmiş və qeyd olunmuş 808 manat cərimə məbləğinin 28 mart 2024-cü il tarixinədək ödənilməsi tələb olunmuşdur.
14. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən xx.xx.2023-cü il tarixində avtomobil alqı-satqısı üzrə B-135-SA-23 nömrəli müqaviləyə 28 mart 2024-cü il tarixində birtərəfli qaydada xitam veriləcəyi bildirilmiş və yuxarıda qeyd olunmuş cərimə məbləğin 28 mart 2024-cü il tarixinədək ödənilməsi tələb olunmuşdur.
15. Cavabdeh tərəfindən verilmiş təmir aktına əsasən “Skoda Octavia 1.6 MPİ” markalı (VİN:TMBAN7NX8PY055652) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan yekun xərc 2295 manat müəyyən edilmişdir.
16. Cavabdeh tərəfindən verilmiş təmir aktına əsasən “Skoda Octavia 1.6 MPİ” markalı (VİN:TMBAN7NX5PY093260) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan yekun xərc 850 manat müəyyən edilmişdir.
17. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, B-134-SA-23 nömrəli alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3474 manat əsas, 1221 manat cərimə borcu vardır.
18. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, B-135-SA-23 nömrəli alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3567 manat əsas, 1284 manat cərimə borcu vardır.
19. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyaya əsasən cavabdeh B-134-SA-23 nömrəli müqavilə üzrə 3474 manat əsas, 1215 manat miqdarında cərimə borcunun olması barədə xəbərdar edilmişdir.
20. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyaya əsasən cavabdeh B-135-SA-23 nömrəli müqavilə üzrə 3567 manat əsas, 1843 manat miqdarında cərimə borcunun olması barədə xəbərdar edilmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
24. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
25. Məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçı ilə cavabdehin arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin olması sübut olunur. Lakin cavabdeh müqavilə üzrə yaranmış borcunu qaytarmasına dair sübut təqdim edə bilmir.
26. Belə olduğu halda iddiaçı xx.xx.2023-cü il tarixli, B-134-SA-23 nömrəli müqaviləyə əsasən 3474 manat, B-135-SA-23 nömrəli müqaviləyə əsasən 3567 manat əsas borcu tələb etməkdə haqlıdır və bu hissədə iddia təmin olunmalıdır.
27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə B-134-SA-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 1221 manat, B-135-SA-23 saylı alğı-satqı müqaviləsi üzrə 1284 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq xx.xx.2023-cü il tarixli, B-134-SA-23 nömrəli müqaviləyə əsasən 243 manat, B-135-SA-23 nömrəli müqaviləyə əsasən 250 manat məbləğində müəyyən edilməlidir.
32. Məhkəmə iddiaçının avtomobillərin təmir aktına əsasən çəkilmiş xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbini əsaslı hesab edir.
33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan yekun xərc xx.xx.2023-cü il tarixli, B-134-SA-23 nömrəli müqaviləyə əsasən 2295 manat, B-135-SA- 23 nömrəli müqaviləyə əsasən isə 850 manat müəyyən edilmişdir.
34. Qeyd olunan aktlarda çəkilmiş xərclər cavabdeh tərəfindən mübahisələndirilməmiş, əksini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin olunmalıdır.
35. Bundan başqa iddiaçı iddia tələbində avtomobillərin sonradan digər şəxslərə satılarakən daha aşağı qiymətə satılmasına istinad edərək avtomobilin dəyərdən düşməsinə görə yaranmış fərqin cavabdeh tərəfindən ödənilməsini tələb edir.
36. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
39. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
40. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
41. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
42. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
44. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
45. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
46. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
47. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
48. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
49. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından iddiaçının cavabdehdən avtomobillərin dəyərdən düşməsi ilə bağlı yaranmış fərqin cavabdehdən tutulması hissəsində iddia təmin edilməməlidir.
50. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, B- 134-SA-23 nömrəli müqaviləyə əsasən 3474 manat əsas, 243 manat cərimə borcu, 2295 manat maddi ziyan, xx.xx.2023-cü il tarixli, B-135-SA-23 nömrəli müqavilə əsasən 3567 manat əsas, 250 manat cərimə borcu, 850 manat maddi ziyan və ödənilmiş 122 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10801 (on min səkkiz yüz bir) manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
51. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu təmin edilmiş hissəyə mütənasib olaraq qismən, 122 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir.
V Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, B-134-SA-23 nömrəli müqaviləyə əsasən 3474 manat əsas, 243 manat cərimə borcu, 2295 manat maddi ziyan, xx.xx.2023-cü il tarixli, B- 135-SA-23 nömrəli müqavilə əsasən 3567 manat əsas, 250 manat cərimə borcu, 850 manat maddi ziyan və ödənilmiş 122 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10801 (on min səkkiz yüz bir) manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil